AZ

Dediklərimizdə Rusiyaya qarşı yönəlmiş heç bir şey yoxdur - Paşinyan

Rusiyanın Ermənistana dəmir yolu konsessiyasını satması ilə bağlı İrəvan və Moskva arasında anlaşma mövcuddur.

"Yeni sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan bildirib.

“Rusiyalı həmkarlarımızla işçi səviyyəsində müzakirələr aparılır. Bu məsələdə (Rusiya konsessiyasının satışı – red.) müəyyən bir anlaşma görürük ki, buna görə minnətdarıq. Dediklərimizdə Rusiyaya qarşı yönəlmiş heç bir şey yoxdur”, - deyə Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan obyektiv vəziyyəti rusiyalı həmkarları ilə bölüşür.

“Deyirik ki, bu vəziyyətdə Ermənistan rəqabət üstünlüklərini itirir. Başqa motivasiyamız yoxdur. Ümid edirəm ki, konkret həll yollarına çatacağıq”, - deyə Paşinyan qeyd edib.

Paşinyan daha əvvəl Ermənistanın Rusiya konsessiyasından Azərbaycan və Türkiyə sərhədlərinə aparan ərazisindəki dəmir yolu hissələrini geri götürə biləcəyini bildirmişdi. O, həmçinin Rusiyanın Ermənistan dəmir yolları üçün konsessiyasını həm Rusiya, həm də Ermənistan üçün dost bir ölkəyə satmasını təklif edərək bildirib ki, Rusiya konsessiyası Ermənistan üçün rəqabət əlverişsizliyi yaradacaq.

Ermənistanda fəaliyyət göstərən Cənubi Qafqaz Dəmir Yolları (CQD) "Rusiya Dəmir Yolları"nın (RDY) tam mülkiyyətində olan törəmə müəssisəsidir. CQD Ermənistanın dəmir yolu nəqliyyat sistemini RYD ilə Ermənistan arasında 2008-ci ildə bağlanmış konsessiya müqaviləsi çərçivəsində idarə edir. Müqavilə 30 il müddətinə imzalanıb və daha 10 il uzadılması hüququ var. 


Telegram kanalımız
Seçilən
79
yenisabah.az

1Mənbələr