8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində məktəb rəhbərliyi valideynlərlə iclas keçirərək müəllimlər üçün pul yığılmasının yolverilməz olduğunu bildirib.
Lakin buna baxmayaraq, bəzi valideyn qruplarında qeyri-rəsmi şəkildə, gizli formada və könüllülük adı altında pul yığımı aparılır. Hətta açıq şəkildə “direktor görməsin deyə pulu uşağın gündəliyinin arasına qoyun” kimi mesajlar yazılır.
Könüllü adı altında aparılan bu təşəbbüslər təzyiq elementi sayıla bilərmi? Çünki siyahı tutulur, kim nə qədər pul verib, hansı valideyn pul verməyib adları yazılır. Bu da istər-istəməz valideyn-müəllim arasında soyuqluğa səbəb olur.
Müəllimə şirinlik rüşvətdir yoxsa adi sayğı? Verilməlidir ya ləğv edilməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib:

“Bu mövzu hər il mart ayında təhsil sisteminin ən yaralı yerinə, demək olar ki, mənəvi bir imtahana çevrilir. Bir tərəfdən məktəb rəhbərliklərinin rəsmi qadağaları və qəti xəbərdarlıqları, digər tərəfdən isə valideyn qruplarında “gizli diplomatiya” metodları ilə aparılan o məlum yığımlar qarşı-qarşıya gəlir”.
“Sualınızda qeyd olunan “uşağın gündəliyinin arasına qoyun” ifadəsi əslində vəziyyətin nə dərəcədə acınacaqlı və müəllim nüfuzuna xələl gətirən bir nöqtəyə çatdığının bariz göstəricisidir. Əgər bir hədiyyə və ya diqqət gizli, qorxu içində, “direktor görməsin” həyəcanı ilə edilirsə, burada artıq nə səmimi sayğıdan, nə də bayram sevincindən söhbət gedə bilməz”, — deyə Əmrah Həsənli qeyd edib.
“Bu prosesdə yaradılan siyahılar, kimin nə qədər verdiyinin qeyd olunması və verməyənlərin adlarının “qırmızı xətlə” ayrılması artıq könüllü təşəbbüs deyil, birbaşa psixoloji təzyiq elementidir. Valideynlərin çoxu müəllimə olan sevgisindən deyil, övladının sinifdə kənarlaşdırılmaması, müəllimin uşağa qarşı münasibətinin dəyişməməsi qorxusu ilə bu prosesə qoşulur. Bu zəncirvari qorxu isə sonda valideynlə müəllim arasında o doğma mühiti yox edərək yerini soyuq, maddi maraqlara söykənən bir “alış-veriş” münasibətinə buraxır”, — deyən ekspert əlavə edib.
“Biz “şirinlik” adı altında əslində təhsilin ən ali dəyəri olan mənəviyyatı zədələyirik.
Müəllimə verilən maddi hədiyyəni “adi sayğı” kimi qələmə vermək bəlkə də ən böyük yanlışımızdır. Həqiqi sayğı müəllimin əməyinə, onun şagirdə qatdığı biliyə və tərbiyəyə verilən qiymətdir. Pul konvertləri və ya bahalı hədiyyələr müəllimi ucaltmır, əksinə, onu valideynin qarşısında mənəvi borclu vəziyyətinə salır. Təhsil ocağında hər hansı maddi yığımın “könüllü” adı ilə qanuniləşdirilməsi mümkün deyil; çünki bu mühitdə iyerarxiya var və istənilən yığım gec-tez ayrı-seçkiliyə yol açır”.
“Hesab edirəm ki, bu ənənə tamamilə ləğv edilməlidir. Müəllim dövlətdən maaş alan, peşə borcunu yerinə yetirən bir ziyalıdır və onun ən böyük hədiyyəsi şagirdinin uğurudur. Əgər bir valideyn həqiqətən təşəkkür etmək istəyirsə, bunu uşağın öz əli ilə hazırladığı bir açıqca, yazdığı səmimi bir məktub və ya simvolik bir çiçəklə etməlidir. Maddi yarışa çevrilən bayramlar həm valideynin büdcəsini sarsıdır, həm də müəllimlik peşəsinin müqəddəsliyini maddiyyatın kölgəsində qoyur. Biz bu “gündəlik arasına pul qoymaq” mədəniyyətindən xilas olmayınca, təhsildə həqiqi keyfiyyətdən və şəffaflıqdan danışmağımız çox çətin olacaq”, — deyə Ə Həsənli sonda vurğulayıb.
Qeyd edək ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin (Mütda) KONKRET.az-a açıqlamasında deyilir:
“8 MART – Beynəlxalq Qadınlar Günü ərəfəsində bütün qadın təhsil işçilərini təbrik edir, bu şərəfli və məsuliyyətli işdə hər birinizə uğurlar arzulayırıq!
Bildiyiniz kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilib. Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.
Valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib. Qeyd edilənləri nəzərə alaraq, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə hansısa məvacibin toplanması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir. Məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək”.
Dəniz Pənahova
KONKRET.az