AZ

İranın Naxçıvana hücumu siyasi provokasiyadır -

28 fevral 2026-cı ildən etibarən ABŞ və İsrail İranın hərbi infrastrukturuna qarşı əməliyyatlar həyata keçirir. İran isə buna cavab olaraq Körfəz ölkələrinə, İsrailə, NATO bazalarına və regiondakı bir sıra ölkələrə minlərlə dron və ballistik raket buraxıb. Buna baxmayaraq, Azərbaycan bu münaqişəyə qoşulmayaraq tərəfsiz mövqeyini qoruyub. Lakin İran bu xoş niyyətə baxmayaraq dinc qonşusuna qarşı hücum addımı atıb”.Bu fikirləri Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev səsləndirib. Onun sözlərinə görə, İranın bu davranışı heç bir hərbi məntiqə sığmır və siyasi baxımdan əvvəlcədən düşünülmüş bir provokasiya təsiri bağışlayır. Deputat qeyd edib ki, BMT Nizamnaməsi hər hansı dövlətin başqa bir dövlətin ərazi bütövlüyünə qarşı güc tətbiq etməsini qəti şəkildə qadağan edir və Azərbaycana yönəlmiş bu hücumlar həmin normanın kobud şəkildə pozulmasıdır:“Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz hissəsidir. Hava limanı terminalı hərbi obyekt deyil, mülki infrastrukturdur, məktəb yaxınlığı isə tamamilə sivil mühitdir. İran bu hücumlarla sivil həyatı və mülki infrastrukturu hədəf alıb. Bu, eyni zamanda beynəlxalq humanitar hüququn pozulması deməkdir.İranın Naxçıvana hücumunu bir neçə prizmadan qiymətləndirmək mümkündür. Birinci ehtimal odur ki, İran geniş hücum dalğası zamanı nəzarətdən çıxan dronların hədəfini itirməsi nəticəsində bu hadisə baş verib. Digər, daha ciddi ssenari isə İranın regionda gərginliyi qəsdən artırmaq, diqqəti yayındırmaq və Azərbaycanı bu qarşıdurmaya cəlb etmək cəhdi ilə bağlı ola bilər. Hər iki halda nəticə eynidir – Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması və sülhsevər dövlətə qarşı güc tətbiqi”.Naqif Həmzəyev vurğulayıb ki, Azərbaycan indiyədək balanslı və məsuliyyətli mövqe sərgiləyib. Ölkə hava məkanını İrana qarşı hərbi məqsədlər üçün bağlayıb, qonşuluq münasibətlərinə hörmətlə yanaşıb və beynəlxalq arenada müvazinətli xarici siyasət yürüdüb. Azərbaycan nə ABŞ əməliyyatlarına qoşulub, nə İsrailə hərbi dəstək verib, nə də İrana qarşı düşmənçilik addımı atıb.Deputatın sözlərinə görə, buna baxmayaraq, İranın hücumu mülki əhalini və mülki infrastrukturu hədəf alıb ki, bu da hadisənin daha ciddi hüquqi məsuliyyət doğuran akt kimi qiymətləndirilməsinə əsas verir.O əlavə edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfirini rəsmi şəkildə çağıraraq kəskin etiraz notası təqdim edib və cavab tədbirləri görmək hüququnu saxladığını bəyan edib. Deputat bu addımı düzgün qiymətləndirərək bildirib ki, məsələyə beynəlxalq səviyyədə də reaksiya verilməlidir:“BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, ATƏT və regionun aparıcı dövlətləri bu hücumu açıq şəkildə pisləməlidir. Dövlətlərin suverenliyinin bu cür kobud şəkildə pozulmasına göz yummaq təhlükəli presedent yarada bilər”.Naqif Həmzəyev qeyd edib ki, Naxçıvana hücum İranın regional davranışında yeni və təhlükəli mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, müharibə şəraitində nəzarətsiz hərəkətlər bütün qonşu ölkələr üçün ciddi təhlükə yaradır.“Azərbaycan bu hücumu qətiyyətlə pisləyir və İrana aydın mesaj verilməlidir ki, dövlətimizin suverenliyi və ərazi bütövlüyü toxunulmazdır. Heç bir ölkə öz ərazisinin başqa dövlətin məsuliyyətsiz hərəkətlərinin qurbanına çevrilməsini qəbul edə bilməz. Azərbaycan da buna yol verməyəcək”, – deputat bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
103
50
metbuat.az

10Mənbələr