AZ

Hərbi yox, mülki obyektlərin vurulması onu göstərir ki… – Naxçıvana hücumda İranın ŞOK PLANI

İran tərəfindən Azərbaycan ərazisinə, konkret olaraq Naxçıvan istiqamətində dron hücumlarının həyata keçirildiyi bildirilir. Məlumata görə, hədəflər sırasında Naxçıvan Beynəlxalq Hava Limanı və digər mülki infrastruktur obyektləri də olub. Hadisə nəticəsində hava limanı ətrafında partlayışların baş verdiyi, mülki obyektlərə ziyan dəydiyi, şəhərə yaxın yaşayış məntəqələrində dron qalıqlarının aşkarlandığı qeyd edilir.

Rəsmi Bakı insidenti Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı açıq təxribat kimi qiymətləndirib, İranın diplomatik nümayəndəsini Xarici İşlər Nazirliyinə çağıraraq izahat tələb edib və cavab vermək hüququnu özündə saxladığını bəyan edib.

Mövzu ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu KONKRET.az-a açıqlamasında bildirib ki, mülki infrastrukturun hədəfə alınması hadisənin miqyasını və siyasi mahiyyətini daha da ağırlaşdırır:

Vüqar

“Əgər zərbələr nəticəsində hava limanı və yaşayış məntəqələri zərər görübsə, bu, artıq sırf hərbi obyektlərə yönəlmiş əməliyyat kimi qiymətləndirilə bilməz. Mülki infrastrukturun risk altına düşməsi beynəlxalq humanitar hüququn prinsipləri ilə ziddiyyət təşkil edir və bu, hadisəyə beynəlxalq müstəvidə də hüquqi-siyasi qiymət verilməsini zəruri edir”.

Ekspertin sözlərinə görə, Naxçıvanın əsas ərazi ilə quru bağlantısının olmaması hava nəqliyyatını region üçün həyati əhəmiyyətli kommunikasiya xəttinə çevirir. Bu baxımdan hava limanına zərbə endirilməsi yalnız taktiki deyil, həm də strateji mesaj kimi qiymətləndirilə bilər.

“2026-cı ilin mart ayında Yaxın Şərqdə baş verən proseslər – ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları, Tehranda siyasi hakimiyyət daxilində müşahidə olunan sarsıntılar və regionda yeni geosiyasi balans axtarışları təhlükəsizlik mühitinin kəskin dəyişdiyini göstərir.
Bu fonda İranın region ölkələrinə qarşı daha emosional və sərt davranış xəttinə keçdiyi müşahidə olunur”.

Ekspertin fikrincə, baş verən hadisə bir neçə fundamental sualı gündəmə gətirir: İran niyə məhz Naxçıvanı hədəf seçdi? Bu zərbə planlı geosiyasi mesajdırmı? Hadisə Azərbaycan–İran münasibətlərində yeni və daha sərt mərhələnin başlanğıcı ola bilərmi?

Ekspert hesab edir ki, Naxçıvana endirilən zərbə təkcə lokal hadisə deyil, Tehran rejiminin strateji düşüncə modelinin göstəricisidir.
“Naxçıvan həm Azərbaycanın ən həssas coğrafi nöqtələrindən biridir, həm də Türkiyə ilə birbaşa sərhədə malik yeganə bölgədir. Bu amil bölgəni Ankara–Bakı strateji tərəfdaşlığının vacib elementi halına gətirir. Belə bir regionun hədəfə alınması dolayısı ilə daha geniş geosiyasi mesaj kimi də şərh oluna bilər.
Hadisə Azərbaycan–İran münasibətlərinin son illərdəki kontekstində daha paradoksal görünür. Rəsmi Bakı münaqişə boyunca neytral mövqe nümayiş etdirib.
Azərbaycan Prezidenti İlham Əliyev İranın ali rəhbərinin ölümü ilə bağlı başsağlığı vermiş, Bakıda İran səfirliyini ziyarət etmişdi. Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığında Azərbaycanın ərazisinin üçüncü dövlətlər tərəfindən İrana qarşı istifadə olunmayacağını bir daha vurğulamışdı.
Bundan əlavə, müharibə dövründə Azərbaycan İran vətəndaşlarının ölkədən çıxışı üçün sərhəd keçidlərini açıq saxlamış, humanitar keçidlərə şərait yaratmışdı.
Bu faktlar fonunda Naxçıvanın hədəfə alınması Bakı tərəfindən konstruktiv siyasətə verilən adekvat cavab kimi deyil, əksinə, destruktiv addım kimi qiymətləndirilir.
Naxçıvan Cənubi Qafqazın ən mühüm geosiyasi layihələrindən biri olan Zəngəzur dəhlizi ideyasının mərkəzi nöqtəsidir. Bu layihə Azərbaycanın əsas ərazisini Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirməyi nəzərdə tutur. İran isə bu təşəbbüsə ehtiyatla yanaşır və onun regiondakı balansı dəyişdirəcəyini düşünür.
Bu baxımdan hava limanına zərbə yalnız hərbi akt deyil, kommunikasiya və logistika imkanlarına təzyiq vasitəsi kimi də interpretasiya olunur.
Məlumata görə, zərbələr nəticəsində təhsil müəssisəsinin də zərər görməsi hadisənin daha təhlükəli tərəfini ortaya qoyur. Məktəbin hədəfə alınması mülki əhalinin, xüsusilə uşaqların təhlükəsizliyini birbaşa risk altına qoyur”.

Ekspert vurğulayır ki, bu tip insidentlər beynəlxalq hüquq müstəvisində araşdırılmalı və hüquqi qiymətini almalıdır.

Aydın olan budur ki, Naxçıvana endirilən dron zərbələri təkcə lokal hərbi epizod deyil. Bu, Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına yönəlmiş ciddi siqnal və regionda formalaşmaqda olan yeni geosiyasi düzənə qarşı təzyiq elementi kimi qiymətləndirilir.
Hazırkı mərhələdə əsas məsələ hadisənin diplomatik kanallarla idarə olunub-olunmayacağı və regionun daha genişmiqyaslı qarşıdurma mərhələsinə keçib-keçməyəcəyidir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
127
konkret.az

1Mənbələr