Molla rejiminin riyakar siyasəti regionu təhdid edir Akademik etiraz edir
Abel Məhərrəmov,
akademik, Əməkdar elm xadimi
Son günlər İran İslam Respublikası ərazisindən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən dron hücumları regionda onsuz da kövrək olan sabitliyə ağır zərbə vurmuşdur. Bu təcavüz aktı sadəcə bir hərbi insident deyil, beynəlxalq hüququn norma və prinsiplərinə qarşı açıq hörmətsizlik, suveren dövlətin sərhədlərinə qarşı yönəlmiş birbaşa qəsddir. Baş vermiş bu xəyanətkar hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür və bu cinayətkar əməl qətiyyətlə pislənilməlidir.
İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi molla rejiminin onilliklərdir yürütdüyü riyakar siyasətin və dərin nankorluğun bariz göstəricisidir. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Respublikası hər zaman xoş qonşuluq prinsiplərinə sadiq qalmış, öz ərazisindən nə İrana, nə də hər hansı digər bir dövlətə qarşı təhlükə yaranmasına imkan verməmişdir. Azərbaycanın bu səmimiyyəti və yüksək siyasi etikası qarşısında Tehran rejiminin atdığı addımlar mənəviyyatın və diplomatiyanın tamamilə iflasıdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Ali Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı verməsi, səfirliyi ziyarət edərək kədərlərini bölüşməsi və rəsmi Bakının çətin məqamda olan qonşusuna humanitar yardım planlaşdırması fonunda bu hücumun reallaşması xüsusilə utancvericidir. Azərbaycan heç vaxt ikiüzlü siyasət yürütməmiş, dar gündə həmişə qonşularına dəstək olmuşdur. Lakin qarşı tərəfin bu səmimiyyətə "cavabı" mülki infrastrukturu, dinc sakinlərin istifadə etdiyi hava limanını hədəfə almaq oldu. Mülki obyekti vurmaq, dinc insanları qorxutmağa çalışmaq ordunun qüdrəti deyil, acizlik və qorxaqlıq əlamətidir. Bu əməl beynəlxalq hüquq müstəvisində birbaşa terror aktı kimi qiymətləndirilməlidir.
Bu təcavüzkar siyasətin ən qaranlıq tərəfi isə İran daxilində azərbaycanlılara qarşı aparılan düşmən münasibətdir. Ölkə əhalisinin demək olar ki, yarısını təşkil edən, İranın qurulmasında və qorunmasında misilsiz xidmətləri olan Azərbaycan türkləri bu gün ən fundamental hüquqlardan məhrum ediliblər. 30 milyondan çox soydaşımızın öz ana dilində bircə məktəbi belə olmadığı halda, rejim bir ovuc erməni üçün təhsil və mədəniyyət sahəsində hər cür şərait yaradır. Bu, təkcə ədalətsizlik deyil, həm də türk dünyasına qarşı bəslənilən dərin nifrətin təzahürüdür. Ana dilində danışmağın sanki qeyri-qanuni elan edildiyi, milli kimliyini qorumaq istəyən fəalların təqib olunduğu, işgəncələrə məruz qaldığı bir mühitdə molla rejiminin "islam qardaşlığı"ndan dəm vurması riyakarlığın ən pik nöqtəsidir.
Bu rejim öz daxilində soydaşlarımızı sıxışdırdığı yetmirmiş kimi, indi də sərhədin bu tayındakı azərbaycanlıların həyatına qəsd edir. Lakin tarix sübut edib ki, Azərbaycana hücum edənlər həmişə öz bəd əməllərinin qurbanı olub və ağır peşmanlıq keçiriblər. İran da bu qorxaq, riyakar və nankor addımına görə mütləq peşman olacaqdır.
Rəsmi Tehran qısa müddət ərzində bu cinayətə aydınlıq gətirməli, beynəlxalq ictimaiyyət qarşısında izahat verməli və bənzər halların təkrarlanmaması üçün zəruri, təxirəsalınmaz addımlar atmalıdır. Azərbaycan tərəfi öz suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün müvafiq cavab tədbirləri görmək hüququnu tam şəkildə özündə saxlayır. Bu hücum aktları cavabsız qalmayacaq və hər bir təxribatın layiqli qarşılığı dövlətimiz tərəfindən ən kəskin şəkildə veriləcəkdir.