Mərkəz yalnız aptek təşkilatlarına deyil, həmçinin əczaçılıq müəssisəsi sayılan istehsal, topdan və pərakəndə satış müəssisələrinin hamısına nəzarət edir. Aptek təşkilatları pərakəndə satışın həyata keçirildiyi əczaçılıq müəssisələridir. Həm əczaçılıq, həm də özəl tibb müəssisələri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən planlı və plandankənar yoxlamalara cəlb olunur. Bu yoxlamalar zamanı onların qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərib-göstərmədiyi müəyyən edilir. Aşkarlanmış hüquq pozuntusunun xarakterindən asılı olaraq apteklərə münasibətdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati tənbeh tədbirləri tətbiq edilir. Bu maddələrə lisenziyasız fəaliyyət göstərmə, müvafiq təhsili və sertifikasiyası olmayan şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə cəlb olunması, dərman vasitələri haqqında qanunvericiliyin pozulması, saxta və ya qeyri-qanuni məhsulların dövriyyəsi, eləcə də dərman vasitələrinin reklamı və satışı qaydalarının pozulması kimi hallar daxildir.
Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova “İki sahil”ə özəl açıqlamasında söyləyib.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, özəl tibb müəssisələrinə münasibətdə isə İnzibati Xətalar Məcəlləsinin 210.1-ci və 215-ci maddələri üzrə inzibati tənbeh tədbirləri tətbiq olunur. Bundan əlavə, əczaçılıq və özəl tibb fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya tələb edən fəaliyyət növləridir. Əgər aşkar edilən pozuntular əhalinin sağlamlığı və həyatı üçün birbaşa təhlükə yaradırsa, Mərkəzin vəsatəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə əsaslandırılmış təqdimat göndərilir və müəssisənin fəaliyyətinin dayandırılması üçün müraciət edilir. Əgər məsələ Mərkəzin səlahiyyətlərinə daxil deyilsə, müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılır, əməldə cinayət tərkibi olduqda isə hüquq-mühafizə orqanlarına müraciət edilir. Tətbiq olunan hüquqi və inzibati tədbirlərin effektivliyi Mərkəzin daxili struktur bölmələri və Səhiyyə Nazirliyi tərəfindən əldə olunan məlumatlar əsasında analiz edilir. Effektivliyin əsas göstəricisi sahibkar tərəfindən aşkar edilmiş pozuntuların aradan qaldırılmasıdır. Bu prosesə nəzarət qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilən yoxlamalar vasitəsilə həyata keçirilir.
Yaqut Ağaşahqızı, “İki sahil”