ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində idman paradı və “Qazax İdman Paytaxtı-2026” layihəsinin açılış mərasimi keçirilir.
İdman.Biz xəbər verir ki, İdman həftəsi çərçivəsində təşkil olunan tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşır.
Açılış mərasimində çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin "İdman Paytaxtı - 2026" seçilməsini rayon üçün mühüm hadisə kimi dəyərləndirib. O bildirib ki, bu status şəhərdə idmanın inkişafına, gənclərin sağlam ruhda yetişməsinə və idman infrastrukturunun daha da möhkəmlənməsinə əlavə stimul verəcək.
Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov tədbir iştirakçılarını salamlayaraq, onları bayram münasibətilə təbrik edib. Nazir bildirib ki, bu əlamətdar gün 2015-ci ildən etibarən qeyd olunur. O xatırladıb ki, 4 mart 2015-ci il tarixində ölkə başçısı, Prezident İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanıb və həmin tarixdən etibarən bu gün rəsmi şəkildə qeyd edilir.
Fərid Qayıbov vurğulayıb ki, Azərbaycan idmançıları hələ 1995-ci ildən etibarən Avropa və dünya miqyaslı yarışlarda uğurlu çıxış edərək, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edib. O, Bakıda keçirilən idman tədbirlərində onların nailiyyətlər qazndığını xüsusi qeyd edib.
Tədbir çərçivəsində rəmzi açarın təqdimetmə mərasimi keçirilib. Ötən ilin "İdman Paytaxtı" olan Qəbələ şəhərinin idman rəmzi açarı cari ilin "İdman Paytaxtı" seçilən Qazax şəhərinə təqdim olunub. Fərid Qayıbov Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevdən rəmzi açarı alaraq Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təqdim edib.
Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın "İdman Paytaxtı"dır. Bu barədə qərar 2024-cü il dekabrın 16-da Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında keçirilmiş səsvermənin nəticəsinə əsasən qəbul olunub.
Leyla Eminova
İdman.Biz









Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.