Bizimyol saytına istinadən ain.az xəbər verir.
6 mart - Məhəmməd Əmin Rəsulzadənin vəfat günüdür. O, sadəcə siyasi lider deyil, çətin və gərgin dövrlərdə xalqının taleyini daşıyan, hər qərarında milli məsuliyyəti ön plana çıxaran bir şəxsiyyət kimi yadda qalıb. Onun adı təkcə siyasətlə deyil, həm də milli şüur, azadlıq ruhu və dövlətçilik düşüncəsi ilə birgə xatırlanır.Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətindəki rolu tarixi baxımdan necə qiymətləndirilir?
Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rəsulzadə Azərbaycanın istiqlal mübarizəsini ömrünün sonunadək aparmışdır: “Gənc yaşlarından siyasi fəaliyyətə başlayan Rəsulzadə Cümhuriyyətin süqutuna qədər Qafqaz regionu və qonşu dövlətlər coğrafiyasında, süqutdan sonra isə Türkiyə və Avropa ölkələri coğrafiyasında Azərbaycan xalqının müqəddəratını düşünən, milli ideologiyanı formalaşdıran və onun reallaşmasını siyasi müstəvidə yönəldən şəxsiyyət olmuşdur.
Rəsulzadə zamanın çağırışları çərçivəsində gerçəkləşdirilməsi mümkün olanlar uğrunda mübarizə aparmış realist siyasətçi olmuşdur. Fikir və əməl vəhdətini dövrünün aparıcı sosial-siyasi nəzəriyyələrindən çıxış edərək həyata keçirməyə müvəffəq olmuşdur.
Siyasi sayıqlıq, sərrast mühakimə qabiliyyəti, zamanı və şəraiti düzgün dəyərləndirmək məharəti ilə Rəsulzadə milli siyasi hərəkata rəhbərlik etmiş və məsləkdaşları ilə Azərbaycan Cümhuriyyətini qurmaqla məramlarının təntənəsinə yetişmişdir. Rəsulzadə Cümhuriyyətin ilk dövlət başçısı, ideoloqu, aparıcı partiyanın rəhbəri olmuşdur. Taleyüklü bütün dövlət məsələlərində onun əsaslandırılmış məzmunda qəti mövqeyi həlledici rol oynamışdır. Dövlətçiliyi şəxslərin, firqələrin fövqündə görən Rəsulzadə Azərbaycanın istiqlal mübarizəsini ömrünün sonunadək aparmış, təşkilatlanma onun əməl mexanizminin aparıcı vasitəsi olmuşdur.
Siyasi, elmi, bədii məzmunlu zəngin irsində bu gün üçün aktuallığını saxlayan məsələlərə Rəsulzadə yanaşmasının diqqətə alınması dövlətçiliyə xidmət deməkdir”.
Günel Həsənova, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.