Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Bakı Ali Neft Məktəbində “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-da bildirilib ki, əvvəlcə müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu cür müsabiqələrin istedadlı uşaqları aşkarlamağa, onların innovativ qabiliyyətini inkişaf etdirməyə kömək etdiyini söyləyib, hər bir gəncin ölkənin yüksəlişinə töhfə verməli olduğunu vurğulayıb.
Dəyişən dünya üçün gənclərimizin həm bilikli, həm də lazımi bacarıqlara malik yetişdirilməsinin mühümlüyünü qeyd edən Firudin Qurbanov ölkə Prezidentinin gənclərin inkişafına xüsusi diqqət yetirdiyini bir daha nəzərə çatdırıb.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə gənclərə onlar üçün yaradılan imkanları vaxtında dəyərləndirməyi, təqdim olunan resurslardan səmərəli şəkildə faydalanmağı tövsiyə edib.
“Sabahın alimləri” müsabiqəsinin ölkənin ən nüfuzlu müsabiqələrindən biri olduğunu vurğulayan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov müsabiqənin rəhbərlik etdiyi təhsil ocağında keçirilməsini yüksək qiymətləndirib və qalibləri təbrik edib.
Tədbirin davamında qaliblərə medal və sertifikatlar təqdim olunub. İştirakçılar 16 qızıl, 35 gümüş, 56 bürünc medal olmaqla ümumilikdə 107 medal qazanıblar. Münsiflərin təsis etdiyi 6 ədəd “Xüsusi mükafat” da sahiblərinə verilib. Ən çox uğur qazanan layihələr ekologiya, fizika, riyaziyyat, kimya, robototexnika, sağlamlıq sahələrini əhatə edib.
Qeyd edək ki, “Sabahın alimləri” müsabiqəsi Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı və tərəfdaşlığı ilə keçirilib.
Müsabiqənin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.