AZ

Azər Kərimli: “İranın atdığı addım təhlükəsizlik prinsipləri ilə ziddiyyət təşkil edərək ciddi siyasi məsuliyyət doğurur”



“5 mart tarixi İran ərazisindən havaya qalxan pilotsuz aparatların Naxçıvan ərazisində obyektləri hədəfə alması səbəbilə regionun siyasi mənzərəsində dönüş nöqtəsi ola bilər. Klassik hərbi insident çərçivəsini aşan bu hadisə iki dövlət arasında gərginlikdən daha çox, beynəlxalq hüququn açıq şəkildə pozulmasının göstəricisi kimi çıxış edir. Hava limanının terminal binasına zərər dəyməsi və mülki şəxslərin xəsarət alması bu addımın nəticələrinin real və ağrılı olduğunu göstərir. Baş verənlərin fonunda yaranan ən ciddi sual isə budur: hansı strateji məntiq mülki obyektin hədəf seçilməsini izah edə bilər? Hava limanı iqtisadi, humanitar və sosial əlaqələrin mərkəzi olmaqla hərbi obyekt deyil. Məktəb yaxınlığında baş verən partlayış isə daha təhlükəli mesaj olmaqla münaqişənin sərhədinin artıq cəbhə xətti deyil, cəmiyyətin özü olduğunu vurğulayır. Bu isə beynəlxalq humanitar hüququn ruhuna tamamilə ziddir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev bu gün keçirdiyi Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışında da baş vermiş hadisənin terror aktı olduğunu və onu törədənlərin cinayət məsuliyyətinə cəlb edilməli olduqlarını xüsusi vurğuladı. Qeyd olundu ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktlarını birinci dəfə deyil ki, həyata keçirir. O cümlədən bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyinin də terror aktına məruz qoyulduğunu hamımız yaxşı xatırlayırıq. Dövlət başçısının dediyi kimi, o vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında, təqribən 40 dəqiqəyə qədər davam edirdi. Bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmamışdı. Belə görünür ki, həmin hadisədən sonra da Tehran rejiminin “qonşuluq siyasəti”ndə elə bir ciddi dəyişiklik olmamışdır.”

Bu fikirləri İrandan Naxçıvan ərazisində yerləşən mülki obyektlərə dron hücumu ilə əlaqədar aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.


Millət vəkili həmçinin vurğulayıb ki, İrandan fərqli olaraq, Azərbaycanın son illərdə tutduğu mövqe tam əks mənzərə yaradır: “İlk növbədə Azərbaycan heç vaxt qonşularına qarşı təhdid ritorikası yürütməyib, əksinə, çətin dövrlərdə həmrəylik nümayiş etdirib. O cümlədən İranın ali rəhbərinin vəfatı zamanı göstərilən diplomatik həssaslıq, başsağlığı və humanitar yardım niyyəti siyasi etikaya uyğun davranış idi. Bu kontekstdə pilotsuz aparat hücumu yalnız hərbi yox, həm də mənəvi ziddiyyət yaradır. İran rejiminin davranışı burada siyasi ardıcıllığın olmamasını göstərir. Sözlə dostluq, əməl ilə təzyiq siyasəti yürütmək uzunmüddətli perspektivdə heç bir dividendlər gətirmir. Əksinə, belə addımlar regionda etimadsızlıq mühitini dərinləşdirir. Cənab Prezidentin çıxışında diqqəti xüsusilə cəlb edən məqamlardan biri də İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsində İran Xarici İşlər Nazirliyinin Azərbaycandan kömək istəməsi ilə bağlı idi. Dövlət başçısı hər zaman olduğu kimi, bu dəfə də humanizm və mehriban qonşuluq prinsiplərindən irəli gələrək İran vətəndaşlarının təxliyyəsi üçün təyyarə göndərilməsi ilə bağlı göstəriş verib. Hətta Azərbaycan bu məsələ ilə bağlı bütün xərcləri də öz üzərinə götürüb. Bütün bunların müqabilində isə İran rejimi Naxçıvana namərdcəsinə zərbə endirməklə öz riyakar simasını bir daha nümayiş etdirdi. Lakin tarixi təcrübə göstərir ki, Azərbaycanın təhlükəsizliyini sınağa çəkmək istəyən qüvvələr uzunmüddətli perspektivdə məqsədlərinə çata bilməyiblər. Hər bir təzyiq cəhdi nəticə etibarilə siyasi səhv kimi qiymətləndirilib. Həmçinin İran üçün də indiki kurs davamlı görünmür. Regionda sabitlik pozularsa, bunun mənfi təsiri yalnız bir tərəflə məhdudlaşmayacaq. Nəticə aydındır: mülki obyektlərin hədəfə alınması qəbulolunmazdır və qəti şəkildə pislənməlidir. Regionun təhlükəsizliyi emosional hərbi addımlarla deyil, hüquqa və qarşılıqlı hörmətə əsaslanan siyasətlə təmin oluna bilər. İranın atdığı addım isə bu prinsiplərlə ziddiyyət təşkil edərək ciddi siyasi məsuliyyət doğurur” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.



Seçilən
66
aia.az

1Mənbələr