AZ

Hikmət Babaoğlu: Milli geyimlər xalqın tarixi yaddaşını yaşadır

Bakı, 5 mart, AZƏRTAC

Hər bir xalqın milli geyimləri onun adət-ənənələrinin, məişət münasibətlərinin, mədəni həyatının və tarixi yaddaşının ayrılmaz hissəsidir. Geyim üzərindəki naxışlar, hansı yaş dövründə hansı geyimin geyinilməsi, qadın və ya kişinin müəyyən yaş mərhələlərində hansı rənglərə üstünlük verməsi kimi məqamlar mədəniyyətimizdə bir növ “sosial dil” rolunu oynayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, necə ki, xalçaçılıq məktəblərimiz var və xalça sənətimiz ayrı-ayrı bölgələrdə özünəməxsus koloriti ilə seçilir, eləcə də milli geyimlərimiz tarixi coğrafiyamızın müxtəlif regionlarında fərqli səciyyə daşıyır. Bu regionlardan biri də Qərbi Azərbaycan bölgəsidir.

“Bu gün isə bir daha anlayırıq ki, milli geyim həm də milli yaddaşdır. İrəvanda bu gün yaşamasaq belə, həmin mədəni irsimiz tarixdə və yaddaşda, sənət nümunələrində, ənənələrdə yaşayır. Bu irsin bu gün Azərbaycanda tanıdılması və yeni nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu, həm milli mədəniyyətimizdə varisliyi təmin etmək, həm də tarixi yaddaşımızın yenidən dərk olunması baxımından olduqca vacibdir”, – deyə o əlavə edib.

H.Babaoğlu qeyd edib ki, bu cür layihələr hər şeydən öncə milli mədəniyyətimizin tanıdılmasında və qorunmasında mühüm rol oynayır: “İlk növbədə hər bir xalq öz mədəniyyətini tanımalı, bilməli, öyrənməli, daha sonra onu qorumalı və təbliğ etməlidir”, – deyə deputat fikirlərini yekunlaşdırıb.

Müxbir - Günel Alıyeva

Fotoqraf - Orxan Kərimov

Seçilən
24
azertag.az

1Mənbələr