AZ

Naxçıvana dron hücumu: Tehranın qorxusu əcəlinə fayda verməyəcək!

Naxçıvana dron hücumu İrandakı molla rejiminin Azərbaycana qarşı yağı xislətinin nümayişidir. Bu xisləti və hərəkəti “komplo nəzəriyyələri” ilə malalamaq, hadisənin arxasında üçüncü tərəf axtarmaq Azərbaycan xalqına və dövlətinə açıq xəyanətdir. Dövlətimizin müvafiq qurumları bu cür şəxsləri dərhal nəzarətə götürməli, lazım gələrsə- ki, gəlib- cəmiyyətdən təcrid etməlidir. Azərbaycan ictimai rəyində anti-İsrail və anti-ABŞ ovqatı yaratmaq istəyənlər Naxçıvanda İran tərəfindən törədilən terror aktına psixoloji zəmin formalaşdırmağa çalışırdılar.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyat başlamasında, davam etdirməsində və sonuclandırmasında Azərbaycanın heç bir rolu yoxdur. Bu qərar İranın on illər boyu apardığı yanlış, təhlükəli və bütün bəşəriyyət üçün risk yaradan siyasətinə qarşı dünyanın super hərbi gücü tərəfindən verilib.

Daxildən çökmüş, beynəlxalq arenada rüsvay olmuş, müasirliklə ayaqlaşmayan hərbi arsenalı tükənmək üzrə olan İranın ABŞ qarşısında davam gətirməsi hətta nəzəri baxımdan da mümkünsüzdür.

Molla rejimi özünü qorumaq üçün eskalasiyanı bütün bölgəyə yaymaq və bununla da regional böhran yaratmaq, yaranacaq böhran şəraitində zərbələrdən qismən yayınmaq istəyir. Bu taktikanın İrandakı klerikal rejimi xilas edəcəyini düşünmək üçün xəstə təxəyyülü lazımdır. Məşhur bir el deyimində ifadə edildiyi kimi, qorxunun əcələ faydası yoxdur və İranın əcəli çatıb.

Əcəli çatmış İranın İranın Naxçıvana dron hücumu Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı açıq hərbi təzyiqdir. Türkiyəyə ballistik raket atılmasından sonra gerçəkləşdirilən bu hücum regionda yeni eskalasiya mərhələsinin başlanğıcı sayıla bilər. SEPAH-ın Naxçıvanı hədəf seçməsi təsadüfi deyil. Naxçıvan Türkiyə ilə birbaşa quru sərhədi olan strateji bölgədir. Bu səbəbdən hücum Azərbaycanla yanaşı Ankaraya da mesaj kimi görünür. Şuşa Bəyannaməsinə əsasən Azərbaycan və Türkiyə iki qardaş ölkədən birinə hücum edildiyi təqdirdə, birgə cavab tədbiri görməlidirlər.

Tehran daxili və xarici təzyiqlər fonunda regionda hərbi güc nümayiş etdirməyə çalışır. Simvollaşmış hədəflərə yönələn dron hücumları bu strategiyanın elementi kimi görünür. Qars müqaviləsini də xatırlasaq, Naxçıvan Azərbaycan və Türkiyə üçün əlahiddə rəmzdir. Görünür, SEPAH-ın aqoniyaya düşmüş komandanlığı Bakı və Ankara arasında mövcud olan hərbi-strateji əməkdaşlığın reaksiya səviyyəsini test etmək istəyir.

Seçilən
81
aznews.az

1Mənbələr