AZ

Professor: Müasir texnologiya dövründə enerjiyə olan tələbat gələcəkdə daha da artacaq

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 mart, AZƏRTAC

Azərbaycanın enerji tranziti imkanı ilə yanaşı onun alternativ enerji istehsalı da bu gün öz əhəmiyyətli ilə diqqət cəlb edir. Avropa dövlətlərinin Azərbaycan ilə enerji sahəsində əməkdaşlığının əsasında ölkəmizin potensial imkanları dayanır. Naxçıvan Muxtar Respublikasının coğrafiyası və iqlim şəraiti alternativ enerji istehsalı və nəqli üçün münbit məkandır.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Naxçıvan Dövlət Universitetinin professoru, iqtisadi elmləri doktoru Ağarza Rüstəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan Energetika Nazirliyi Naxçıvan Muxtar Respublikasında 25 MVt gücündə “Şəms 1” Günəş Elektrik Stansiyası layihəsi üzrə “CEI Nakhchivan” MMC, həmçinin həmin gücdə “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası layihəsi üzrə isə “Enerso” MMC ilə investisiya, enerji alqı-satqı və ötürücü şəbəkəyə qoşulma müqavilələri imzalayıb.

“Hər iki şirkət özəl sektorun təmsilçiləridir. Bu layihələrin reallaşması nəticəsində ümumilikdə illik 122 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 26 milyon kubmetr qaza qənaət edilməsinə, 57 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq. Qeyd edim ki, hazırda Naxçıvanda bərpaolunan enerji mənbələrinin payı elektrik enerjisinin quraşdırılmış gücündə 44 faiz, istehsalında isə 36,4 faiz təşkil edir ki. bu da uğurlu göstəricidir. Enerji təminatı iqtisadiyyatın digər sahələrinin inkişafı üçün olduqca zəruridir. Əhalinin enerji ilə təminatından başqa yeni texnologiyalara əsaslanan istehsal və emal müəssisələri, cihaz və avadanlıqlar, eləcə də süni intellekt də enerjisiz fəaliyyət göstərə bilməz. Müasir texnologiya dövründə enerjiyə olan tələbat artır və gələcəkdə daha da artacağı proqnozlaşdırılır. Bunları nəzərə alan dövlət alternativ enerji istehsalına sərmayə yatırılmasını təşviq edir.

Azərbaycan dövləti transsərhəd çaylardan da səmərəli istifadə etmək niyyətini ortaya qoyub və Araz çayı üzərində "Xudafərin", "Qız Qalası" və "Ordubad" su elektrik stansiyalarının icrasını həyata keçirir. Bu mənbədən əldə edilən enerji İran ilə bölünəcək və muxtar respublikanın Culfa, Ordubad kimi rayonları tamamilə elektrik enerjisi ilə təmin edəcək”, - deyə Ağarza Rüstəmov əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
azertag.az

2Mənbələr