Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ankara, 5 mart, AZƏRTAC
Nüvə energetikasının inkişafı Türkiyənin enerji siyasətində prioritet istiqamət olaraq qalır. Bu inkişafın 9-20 noyabr tarixlərində Antalyada keçirilməsi planlaşdırılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) Ankara tərəfindən əsas məqsədlərdən biri kimi elan edilməsi gözlənilir.
AZƏRTAC xəbər verir ki, Ankara atom elektrik stansiyalarından əlavə, ölkənin quraşdırılmış nüvə generasiya gücünü 2050-ci ilə qədər 20 GVt-a çatdıracaq kiçik modul reaktorlara da diqqət yetirir.
Qeyd etmək lazımdır ki, hazırda dünyanın ən böyük nüvə tikinti layihəsi olan Türkiyənin “Akkuyu” Atom Elektrik Stansiyasının ilk enerji bloku üzrə işlərin 99%-i artıq başa çatıb.
Seysmik cəhətdən təhlükəsiz cənub vilayəti - Mersində Rusiya tərəfindən dizayn edilmiş müasir “VVER-1200” reaktorları olan dörd enerji blokunun tikintisi davam edir. “Akkuyu” AES-in layihə müddəti 60 ildir, bundan sonra əlavə 20 il uzadıla bilər. Layihə Türkiyə və Rusiya hökumətləri tərəfindən dəstəklənir.
“Akkuyu” AES Türkiyənin 10-dan çox bölgəsini, mülki və sənaye infrastrukturu da daxil olmaqla 12 milyondan çox istehlakçını elektrik enerjisi ilə təmin edəcək. Tam fəaliyyətə başladıqdan sonra stansiya Türkiyə iqtisadiyyatının ümumi elektrik enerjisi ehtiyacının 10%-ni ödəyəcək.
Binaların möhkəm təməlləri 9 bal gücündə zəlzələlər, qasırğalar, daşqınlar, 10 metr hündürlüyə qədər sunamilər və 20 tonluq təyyarənin saniyədə 200 metr sürətlə qəzaya uğraması kimi kənar təsirlərə davam gətirə bilir.
“Akkuyu” Atom Elektrik Stansiyasının bu il elektrik enerjisi istehsalına başlayacağı planlaşdırılır.
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkənin ilk atom elektrik stansiyasını “türk xalqının 70 illik arzusunun gerçəkləşməsi” adlandırıb, yerli nüvə enerjisinin inkişaf etdirilməsinin zəruriliyi ilə bağlı ilk açıqlamanın hələ 1950-ci illərdə, Baş nazir Adnan Menderesin dövründə səsləndirildiyini xatırladıb. “Dünyada 400 atom elektrik stansiyası fəaliyyət göstərir. Ermənistan, Bolqarıstan, Rumıniya və Macarıstanda atom elektrik stansiyaları var. Fransanın elektrik enerjisinin 75%-i nüvə enerjisi sayəsində istehsal olunur. Lakin Türkiyəyə gəldikdə, tənqidçilər deyirlər ki, Ankara atom elektrik stansiyaları inşa etməməlidir. Lakin biz atom elektrik stansiyaları tikəcəyik”, - deyə türkiyəli nazir qeyd edib. O əlavə edib ki, “Akkuyu” stansiyasının ardından Sinop və Trakyada daha iki atom elektrik stansiyasının inşası planlaşdırılır. Nazirin sözlərinə görə, Türkiyə, həmçinin kiçik modul reaktor (SMR) texnologiyasını tətbiq etməyə fəal şəkildə hazırlaşır. O vurğulayıb: “Nüvə energetikası təkcə təmiz və sabit enerji mənbəyi deyil, həm də ölkənin iqtisadi inkişafı üçün güclü vasitədir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəllər yerli nüvə enerjisinin inkişafına yönəlmiş texnoloji parkın yaradılmasının tezliklə baş verəcəyini açıqlamışdı.
Ənənəvi nüvə elektrik stansiyalarının gücünün 30%-nə çatan Türkiyə SMR-lərinin istehsalı ətraf mühiti çirkləndirmədən ölkənin elektrik enerjisinə olan ehtiyacını ödəyəcək.
Mütəxəssislərin fikrincə, kiçik modul reaktorların istehsalının başlanması Türkiyənin enerji inkişafında əsas mərhələ olacaq.
Ankaranın Qazi Universitetinin Enerji sistemləri mühəndisliyi kafedrasının müəllimi, professor Hacı Mehmet Şahin hesab edir ki, 10-dan 300 MVt-a qədər gücə malik kiçik modul reaktorlar Türkiyənin 2053-cü ilə qədər sıfır emissiyaya nail olmaq səylərini sürətləndirməsinə imkan verəcək.
“SMR-lərin qurulması daha asandır və investisiya xərclərini azaldır. Qabaqcıl təhlükəsizlik sistemləri sayəsində kiçik modul reaktorlar quraşdırıla və elektrik xətlərindən uzaq ərazilərə daşına bilər ki, bu da onları gələcəyin texnologiyasına çevirir. Nüvə energetikası və bərpaolunan enerji rəqib deyil; onlar bir-birini tamamlamalıdır”, - deyə ekspert hesab edir. O, ilk SMR-lərin 2035-ci ilə qədər Türkiyədə istifadəyə veriləcəyini istisna etmir. Hakimiyyət orqanları və mütəxəssislər əmindirlər ki, nüvə enerjisi Türkiyə Respublikasının energetika balansında öz yerini təmin edəcək, ölkənin enerji təhlükəsizliyinə töhfə verəcək və qazıntı yanacaqları idxalından asılılığı azaldacaq.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.