AZ

8 Mart – Beynəlxalq Qadınlar Günü



Azərbaycan tarixində qadınların rolu həmişə yüksək qiymətləndirilmişdir. Tarixin müxtəlif mərhələlərində Azərbaycan qadınları Vətənimizin müdafiəsində fəal iştirak etmiş, dövlətçilik və siyasi fəaliyyət sahələrində böyük vətənpərvərlik nümunələri nümayiş etdirmişlər. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidələrindən biri olan Kitabi-Dədə Qorqud dastanında qadınların igidliyi və döyüş meydanında göstərdikləri şücaət geniş şəkildə təsvir olunur. Tarixi mənbələrdə adı çəkilən Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər və Tutu Bikə kimi qadın liderlər xalqımızın tarixində qəhrəmanlıq və müdriklik simvolu kimi yadda qalmışdır. Onların fəaliyyəti Azərbaycan qadınının gücünü, cəsarətini və dövlətçilik ənənələrinə sədaqətini parlaq şəkildə nümayiş etdirir.

Şərqdə qadınlara seçmək və seçilmək hüququnun verilməsi ilk dəfə Azərbaycanda həyata keçirilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilən demokratik qərarlar nəticəsində Azərbaycan qadınları seçki hüququ əldə etmiş və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə başlamışlar. Bu, region üçün əhəmiyyətli və tarixi bir nailiyyət kimi qiymətləndirilir.

Azərbaycanda qadın siyasətinin formalaşması və inkişafı isə Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Lider dövlət idarəçiliyində və cəmiyyət həyatının müxtəlif sahələrində qadınların roluna xüsusi önəm vermiş, onların ictimai-siyasi fəaliyyətinin genişlənməsi üçün əlverişli şərait yaratmışdır. Onun rəhbərliyi dövründə qadınların rəhbər vəzifələrdə təmsil olunması və cəmiyyətin inkişafında fəal iştirak etməsi istiqamətində mühüm addımlar atılmış, qadın siyasətinin əsasları dövlət səviyyəsində möhkəmləndirilmişdir.

1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı ölkədə dövlət qadın siyasətinin inkişafı baxımından mühüm mərhələ olmuşdur. Qurultay qadınların ictimai-siyasi həyatdakı rolunu gücləndirmiş, hüquqlarının qorunması və sosial problemlərin həlli ilə bağlı mühüm məsələlərin müzakirəsinə şərait yaratmışdır. 1998-ci ildən etibarən isə hər beş ildən bir bu qurultayların keçirilməsi ənənəyə çevrilmişdir və onlar dövlət qadın siyasətinin əlamətdar hadisələri kimi qiymətləndirilir.

Bu gün dövlət qadın siyasəti İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam etdirilir. Qadın hüquqlarının qorunması, sosial-iqtisadi imkanlarının genişləndirilməsi və ictimai həyatın bütün sahələrində bərabər imkanların təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 2006-cı ildə qəbul edilmiş Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında qanun və 2010-cu ildə qəbul edilmiş Məişət zorakılığının qarşısının alınması haqqında qanun qadın və kişilərin bərabər hüquqlarının təmin edilməsinə və cəmiyyətdə gender bərabərliyinin möhkəmlənməsinə mühüm töhfələr vermişdir. Bu hüquqi sənədlər həmçinin stereotiplərin qırılmasına və yeni düşüncə tərzinin formalaşmasına təkan vermişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə ölkədə və beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu artırır. Onun xeyriyyəçilik və humanitar layihələri, mədəniyyətimizin dünyada təbliği və “yumşaq güc” siyasətinin təşviqi ölkəmizə yeni dostlar qazandırır. Birinci vitse-prezidentin rəhbərliyi altında həyata keçirilən sosial, mədəni və humanitar layihələr milli maraqların qorunmasına və gələcək nəsillərə mənəvi irsin ötürülməsinə xidmət edir.

Bununla yanaşı, ölkədə rəqəmsal inkişaf və innovasiya sahələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. 27 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılmış və onun rəhbərliyi Mehriban Əliyevaya həvalə edilmişdir. Bu təşəbbüs milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi məqsədini daşıyır.

Bu gün Azərbaycan qadınları yalnız milli irsin daşıyıcısı deyil, həm də müasir dünyanın tələblərinə cavab verən, cəmiyyətdə bərabər imkanlarla fəaliyyət göstərən liderlərdir. Onların uğurları və töhfələri ölkəmizin sosial-iqtisadi, mədəni və beynəlxalq inkişafına əvəzsiz dəstək verir.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hər bir qadının zəhməti, mərhəməti və zəngin mənəvi dəyərləri yüksək qiymətləndirilir, qadınların cəmiyyətdəki rolu və əhəmiyyəti bir daha təqdir olunur. Bu əlamətdar gün həm də qadınlarımızın nailiyyətlərinə hörmət və təşəkkür ifadəsi, eyni zamanda gələcək nəsillər üçün ilham mənbəyidir.

İsa Səttarov ,
Nəsimi rayon gənci, Azərbaycan Texniki Universitetinin I kurs magistr tələbəsi, Yeni Azərbaycan Partiyasının üzvü.



Seçilən
12
aia.az

1Mənbələr