AZ

“İmişli” ev oyunlarını harda keçirəcək? – PFL rəsmisi “Sabah”la matçdan əvvəlki durumu açıqladı

Martın 1-də 2-ci liqanın 16-cı turunda keçirilməli olan “Quba” – “Kür-Araz” matçı əvvəlcədən nəzərdə tutulduğu kimi Quba Olimpiya İdman Kompleksinin stadionunda yox, Heydər Əliyev adına İmişli şəhər stadionunda baş tutdu. Peşəkar Futbol Liqası bunu qeyri-münasib hava şəraiti üzündən idman qurğusunun oyuna hazır vəziyyətə gətirilməsinin mümkün olmamasıyla əlaqələndirdi.

Maraqlıdı, bəs hadisələrin axarı ev oyunlarını Qubada keçirən “İmişli”nin də bu stadiondan istifadəsinə mane ola bilərmi Yoxsa artıq problemlər geridə qaldı?

Bu suallarla PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Qubada qardan öncə iki gün ərzində güclü yağış yağmışdı, daha sonra stadion qarla örtüldü. Qarın qalınlığı çox idi. Həmin gün idman qurğusunu təmizləmək məsələsi də gündəmdə idi. Sadəcə, bu, stadionun heç də yaxşı olmayan ot örtüyü üçün ciddi risk yaradırdı. Demək olar ki, hər gün Qubadakı stadiona baxan şəxslər və “İmişli” ilə əlaqədəyik. Qazonun növbəti oyunlara hazır vəziyyətə gətirilməsi üçün işlər gedir və ümid edirik ki, fors-major hal olmasa, hər şey plana uyğun şəkildə icra olunacaq”.

Xatırladaq ki, “İmişli”nin növbəti ev oyunu “Sabah”a qarşıdı. 24-cü turun matçı martın 14-ü, saat 15.00-da başlayacaq.

KƏNAN BAHADIR
Seçilən
24
1
football-plus.az

2Mənbələr