AZ

Azərbaycan təhlükəsizliyini qorumağa hər zaman hazırdır - Açıqlama

"Sülh və mehriban qonşuluq prinsipi Azərbaycanln xarici siyasətinin əsas prioritetini təşkil edir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, regionda sabitlik və əməkdaşlıq yalnız qarşılıqlı hörmət və beynəlxalq hüquqa riayət əsasında mümkün ola bilər. Bunun ən bariz nümunələrindən biri də 30 ildən artıq davam etmiş Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatdığı İkinci Qarabağ müharibəsindən sonra bölgədə sülh gündəliyinin formalaşdırılması istiqamətində atılan addımlardır".

Bunu Ölkə.az açıqlamasında deputat Sabir Hacıyev deyib.

Deputat əlavə edib ki, müharibədən sonra Azərbaycan regionda dayanıqlı sülhün təmin olunması üçün ardıcıl təşəbbüslərlə çıxış edib, qonşu ölkələrlə normal münasibətlərin qurulmasına çalışıb.

"Lakin təəssüflə qeyd olunmalıdır ki, bəzi hallarda Azərbaycanın sülh təşəbbüslərinə qarşı dost olmayan addımların şahidi oluruq. Son hadisə də bunun bariz nümunəsi kimi qiymətləndirilir. İran tərəfindən Naxçıvan Muxtar Respublikası istiqamətində pilotsuz uçuş aparatlarından istifadəsi  Azərbaycan  tərəfindən terror aktı kimi dəyərləndirilib. Hadisə nəticəsində mülki obyektlər, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanının terminal binası, məktəb və digər infrastrukturlar hədəfə alınıb.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirib ki, bu hadisə Azərbaycanın suveren ərazisinə və dövlətinə qarşı törədilmiş açıq terror aktıdır. Dövlət başçısı vurğulayıb ki, belə bir addım beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bu hücumu törədənlər mütləq məsuliyyətə cəlb edilməlidir. Rəsmi Bakı İran tərəfindən izahat verilməsini və üzr istənilməsini tələb edir.

Prezident qeyd edib ki, bu, İran tərəfindən Azərbaycana qarşı ilk belə hadisə deyil. Son illərdə İran mediasında və bəzi rəsmi dairələrində Azərbaycana qarşı əsassız ittihamlar və qarayaxma kampaniyası aparılıb. Bunun əsas məqsədinin isə İranda yaşayan azərbaycanlıların fikrinə təsir göstərmək və Azərbaycanın nüfuzunu zədələmək olduğu bildirilir.

Rəsmi Bakı isə dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi heç vaxt hər hansı üçüncü ölkəyə qarşı istifadə edilməyib və edilməyəcək. Azərbaycanın xarici siyasəti qonşularla qarşıdurmaya deyil, əməkdaşlığa əsaslanır. Buna baxmayaraq, ölkənin suverenliyi və təhlükəsizliyi təhdid olunduqda Azərbaycan lazımi cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Prezident İlham Əliyevin sözlərinə görə, artıq Silahlı Qüvvələrə müvafiq tapşırıqlar verilib və bütün güc strukturları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Diplomatik müstəvidə də addımlar atılır .  İranın Azərbaycandakı səfiri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılaraq etiraz notası təqdim ediləcək",- o qeyd edib. 

Deputat həmçinin vurğulayıb ki, Azərbaycan hətta gərginlik fonunda belə humanitar prinsiplərə sadiq qalaraq İrana çətin vəziyyətdə kömək göstərməkdən çəkinməyib. "Lakin belə bir fonda Naxçıvana zərbə endirilməsi rəsmi Bakı tərəfindən “nankorluq və düşmənçilik” kimi qiymətləndirilir.

Azərbaycan cəmiyyəti əmindir ki, ölkənin təhlükəsizliyinə yönəlmiş istənilən təhdidə qətiyyətli cavab veriləcək. Prezidentin ifadə etdiyi kimi, Azərbaycanın gücünü sınamaq istəyənlər artıq bir dəfə “Dəmir yumruq”un nə demək olduğunu görüblər və bu güc ölkənin təhlükəsizliyini qorumağa hər zaman hazırdır".

Mürtəza

Ölkə.az

Seçilən
85
50
olke.az

10Mənbələr