Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycan tamaşaçısı üçün “Ögey ana” filmindəki İsmayıl obrazı təkcə uğurlu uşaq rolu deyildi. Bu, ekran vasitəsilə ailə, mərhəmət və anlayış haqqında qurulan ilk emosional körpülərdən biri idi. Ceyhun Mirzəyev o rolu ilə sadəcə tanınmadı - o, tamaşaçının yaddaşına hopdu. Daha sonra isə “Fəryad” filmi ilə artıq tamamilə başqa müstəvidə yadda qaldı. “Fəryad” müharibənin ağrısını, əsirlik travmasını və milli faciəni ekrana gətirən ən sarsıdıcı işlərdən biri oldu.Ceyhun Mirzəyevin Azərbaycan kino tarixində rolu barədə nə deyə bilərsiniz?
Xalq artisti aktyor Hacı İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ceyhun Mirzəyevlə həm məktəb illərində, həm institut illərində dost olublar: “Unudulmaz sənətkarımız Ceyhun Mirzəyev haqqında göstərdiyiniz diqqətə və ona sevgi ilə yanaşmağınıza görə təşəkkür edirəm. Doğrudan da Ceyhun Mirzəyev o diqqətə, o qayğıya, o məhəbbətə layiq bir aktyor idi, eyni zamanda gözəl insan idi.
Biz Ceyhunla hələ məktəb illərindən tanışıq. Mən 190 nömrəli məktəbdə oxuyurdum. Onun yanında 189 nömrəli rus məktəbi və 26 nömrəli məktəb yerləşirdi. Ceyhun həmin 26 nömrəli məktəbdə təhsil alırdı. Özü də məktəbin yaxınlığında yaşayırdı. Köhnə həyət evləri var idi, orada qalırdı. Məktəbə yolu cəmi iki dəqiqə idi.
O məktəbin çox böyük həyəti var idi. Tənəffüs vaxtı uşaqlar orada qaçar, futbol oynayar, deyib-gülərdilər. Mən Ceyhunu ilk dəfə məhz orada görmüşəm. O zaman balacaboy, qaraqaş, qaragöz, qarasaç, yaraşıqlı bir oğlan idi. İnsanların ondan xoşu gəlirdi.
Məktəbdə onu incidəndə belə, o öz sinif yoldaşlarına yox, bizə -bizim sinfə müraciət edirdi ki, filankəs məni incidir. Biz də onun müdafiəsinə qalxırdıq, həmişə onu qoruyurduq.
Sonralar o, “Ögey ana” filminə çəkiləndən sonra, sözün əsl mənasında xalqın ən sevimli aktyorlarından birinə çevrildi.
Məktəb illərindən sonra biz o vaxtkı Teatr İnstitutunda oxuyanda da münasibətlərimiz davam etdi. Orada Ceyhun Mirzəyev, Fuad Poladov, Kamal Xudaverdiyev, mən və başqaları birlikdə təhsil alırdıq. Biz dostluq edirdik.
Bizim o vaxtlar Bakının ən gəzməli küçələrindən biri Tarqovı idi. “Azərbaycan” kinoteatrının yanından “Nizami” kinoteatrına qədər Tarqovı ilə gedər, sonra yenə eyni yol ilə qayıdardıq. Həmişə də Ceyhunun ətrafına toplaşardıq. Niyə məhz Ceyhunun? Çünki o vaxt bizi heç kim tanımırdı, amma Ceyhunu hamı tanıyırdı. O bizimlə gedəndə insanlar onu göstərib deyirdilər: “Bax, Ceyhun Mirzəyev!” Hələ uşaq yaşlarından o, belə gözəl münasibəti və məhəbbəti görmüşdü.
Sonralar İnstitut illərində də bir yerdə olduq. Mən teatra getdim, o isə kinostudiyaya. Amma dostluğumuz, yoldaşlığımız heç vaxt qırılmadı. Onun çəkdiyi “Mozalan” filmlərində də iştirak etmişəm”.
Hacı İsmayılov
Hacı İsmayılov vurğulayıb ki, Qarabağ mövzusunda çəkilmiş filmlər arasında ən təsirli və ən çox nümayiş olunan ekran işi, məhz “Fəryad”dır: “Ceyhun kinonu çox sevirdi, arzulayırdı ki, kino rejissoru olsun. Və oldu da. İlk filmi “İşarəni dənizdən gözləyin” idi. Daha sonra “Bəyin oğurlanması” filmində Vaqif Mustafayevlə birgə rejissor kimi çalışdı. Bu film onlara tapşırılmışdı. Nəhayət, “Fəryad” filmini çəkdi.
“Fəryad” həm onun üçün, həm bizim üçün, ümumiyyətlə, bütün yaradıcı heyət üçün çox əhəmiyyətli bir iş idi. Elə bir dövr idi ki, torpaqlarımız işğal olunmuşdu, Qarabağ dərdi hamımızın ürəyində idi. Hər kəs öz imkanı daxilində mübarizə aparmaq istəyirdi. Bizim silahımız isə sənətimiz idi -kino, teatr, aktyor və rejissor sənəti.
“Fəryad” filmini Ceyhuna tapşırdılar və o, böyük məsuliyyətlə işə başladı. Çox çətindir ki, bir filmdə həm rejissor olasan, həm də baş rolu oynayasan. Amma Ceyhun hər iki işin öhdəsindən məharətlə gəlirdi. Mən də sevinirəm ki, məni Rövşən roluna dəvət etmişdi. Həmin rol mənim üçün də çox önəmli idi. Çünki o dövrdə hamı əsgər paltarı geyinib vətən uğrunda mübarizə aparmaq istəyirdi. Mən də ilk dəfə həmin filmdə əsgər geyimi geyindim, əlimə avtomat aldım. O çəkilişlərin hər səhnəsində həqiqət, inam və səmimiyyət vardı. Vertolyot səhnəsi, Xocalı hadisələrinin əksi olan kadrlar - hamısı böyük ağrı ilə lentə alınmışdı. Yadımdadır, filmin əvvəlində bir səhnə var idi: biz ermənilərin yaşadığı bir məkanda mühasirəyə düşürük və düşmənlə mübarizə aparırıq. Ceyhun avtomatla, mən isə tapança ilə döyüşürdüm. Elə bir an gəlir ki, mənim cəmi bir gülləm qalır. O soruşur: “Rövşən, neçə güllən var?” Deyirəm: “Bir.” Rövşən əsir düşməmək üçün özünü vurur. Ceyhun isə əsir düşür, amma əsirlikdə sınmır, qəhrəmanlıq göstərir. Filmin sonunda onu erməni əsiri ilə dəyişirlər.
Ceyhun Mirzəyev Qarabağlı idi, Ağdamlı idi. Onun vətənpərvərlik hissi çox güclü idi. “Fəryad” filminə həm çəkilməsi, həm də onu çəkməsi təsadüfi deyildi. Mən deyərdim ki, o filmdə o, özünü fəda etdi. Ən çətin döyüş və işgəncə səhnələrinin hamısında özü iştirak edirdi. Təəssüf ki, ürəyi dözmədi. Film tam hazır olmamış o, dünyasını dəyişdi. Belə bir sənətkarı, belə bir dostu itirmək hamımız üçün böyük faciə, böyük ağrı idi.
Azərbaycan mədəniyyətində, kinosunda və teatrında elə yaradıcı insanlar, elə unudulmaz sənətkarlar olub ki, çox təəssüf, onların bəziləri fəxri adlara layiq görülməyib. Vaxtı çatmayıb, ya başqa səbəblər olub. Onlardan biri də Ceyhun idi. Əlbəttə, Ceyhun yaşasaydı, fərqli adlara da, medallara da layiq görüləcəkdi. Amma həyatın öz hökmü var.
Mən Ceyhunu həmişə böyük minnətdarlıqla xatırlayıram. Çünki o, bizim gəncliyimizin simvolu idi. Biz hamımız ona baxır, onun kimi olmağa çalışırdıq. Azərbaycan kinosunda Ceyhun Mirzəyevin xüsusi yeri var. Onun çəkdiyi “Fəryad” filmi və yaratdığı obraz bu gün də bir nümunə kimi qalmaqdadır.
Qarabağ mövzusunda çəkilmiş filmlər arasında mən deyərdim ki, ən təsirli və ən çox nümayiş olunan ekran işi məhz “Fəryad”dır. Bu film həm sənət baxımından, həm də dövrün ağrısını ifadə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Allah ona rəhmət eləsin. Ceyhun bizim qəlbimizdə həmişə yaşayacaq və heç vaxt unudulmayacaq”.
Günel Həsənova, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.