AZ

"ABŞ-İran savaşı Moskvanın və Pekinin maraqlarına cavab verir" - politoloq

ABŞ-ın müttəfiqi olmaq təhlükəli deyil, əksinə, bu gün İran, Rusiya və Çin kimi dövlətlərin müttəfiqi olmaq təhlükəlidir. Çünki, dünyanın supergücü olan ABŞ bu 3 ölkə ilə strateji müttəfiq olan ölkələri hədəf alıb.

Bunu Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, ABŞ prezidenti Donald Tramp Moskva və Pekinin ən yaxın iki müttəfiqini - Venesuela prezidenti Nikolas Maduronu və İranın ali lideri Əli Xameneini zərərsizləşdirdi: “Bu, ABŞ-ın beynəlxalq aləmə mesajıdır: “Hansı lider Amerika ilə düşmənçilik etsə, o, bizim hədəfimizə çevriləcək”. ABŞ xüsusi təyinatlıları tərəfindən gecə basqınında Karakasdan qaçırılan Nikolas Maduro hazırda Nyu-Yorkdakı həbsxanasındadır. ABŞ-nin İsraillə birgə hərbi əməliyyatı zamanı Tehranın mərkəzində İranın ali dini lideri və xeyli general öldürüldü.

Moskva və Pekin müttəfiqlərini qoruya bilmədi. Donald Trampın həm Rusiya prezidenti Vladimir Putin, həm də Çin lideri Si Cinpinlə dialoqu mövcuddur. Tramp 2025-ci ilin avqust ayında Alyaskada Putinlə görüşdü. Tramp bu ilin aprel ayında Çinə səfərə hazırlaşır. Buna baxmayaraq, Tramp Rusiya və Çini ölkəsinin əsas rəqibləri sayır və bu iki dövləti zəiflətməyə çalışır”.

E.Şahinoğlu vurğulayıb ki, Rusiya və Çin Venesueladan sonra İrandakı rejimi də itirmək istəmirlər: “Ancaq bu, Moskva və Pekinin istəyindən asılı deyil. Doğrudur, Rusiya və Çin bölgədəki əsas tərəfdaşını itirə bilərlər. Eyni zamanda ABŞ-İran müharibəsi Moskvanın və Pekinin maraqlarına cavab verir. Kreml ümid edir ki, bu halda ABŞ-nin diqqəti Rusiya-Ukrayna müharibəsidən yayınacaq və İrana qarşı müharibədə hərbi resurslarını istifadə edən Pentaqonun Ukraynaya hərbi dəstəyi azalacaq. Pekin isə ümid edir ki, İrana qarşı müharibə ABŞ-nin Çinin iqtisadi maraqlarını zəiflədə bilməyəcək. Çin Vaşinqtonun diqqətinin və hərbi resurslarının Hind-Sakit Okean regionundan yayınacağına ümidlidir”.

Politoloq hesab edir ki, buna baxmayaraq, ABŞ İranla bağlı istəyinə çatarsa, Vaşinqtonun diqqəti yenidən Rusiya və Çinlə mübarizəyə yönələcək: “ABŞ-nin mövqeləri Yaxın Şərqdə, Avrasiya bölgəsində, o cümlədən Cənubi Qafqazda möhkəmlənəcək. Bu baxımdan Bakının Vaşinqtonla Strateji Tərəfdaşlıq Xartiyası imzalaması Azərbaycanın maraqlarına cavab verir”.

E.Paşasoy,
Musavat.com

Seçilən
69
musavat.com

1Mənbələr