AZ

Milli Məclis üzvündən güneyli soydaşlarımıza müraciət

İranın bu terror aktını qəti şəkildə pisləyirik, Azərbaycandan üzr istəməlidir!

İranın Naxçıvanın mülki infrastrukturuna, o cümlədən hava limanına və məktəbə hücum etməsi Azərbaycan dövlətinə və xalqına qarşı açıq təxribat və düşmənçilik aktıdır.

Musavat.com-un məlumatına görə, bunu deputat Azay Quliyev bildirib. Bu hücumları ən sərt şəkildə qınadığını və qətiyyətlə pislədiyini deyən deputat ardınca bildirib: “ABŞ - İsrail - İran müharibəsinin ilk günündən etibarən Azərbaycanın İrana qarşı kifayət qədər təmkinli, soyuqqanlı və deyərdim ki, bütün riskləri göz önünə alaraq dostcasına davranmasına, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın dini lideri Əli Xameneinin həlak olması ilə əlaqədar Prezident Məsud Pezeşkiana başsağlığı verməsi, İranın ölkəmizdəki səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazması, o cümlədən xarici işlər naziri Ceyhun Bayramovun müharibənin başladığı gün iranlı həmkarı Abbas Araqçiyə zəng edərək məsələnin dinc yolla və beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirməsi və Azərbaycanın ərazisindən İrana qarşı heç vaxt istifadə edilməsinə yol verilməyəcəyinə zəmanət verməsinə baxmayaraq, İran yenə də özünün əsl simasını və iç üzünü ortaya qoydu”.

A.Quliyev qeyd edib ki, bütün bu jestlərə və dostluq mesajlarına görə bizə təşəkkür etmək əvəzinə, İran övladlarımızı Naxçıvanda öldürmək üçün məktəbə və hava limanına dron göndərdi: “Bu hadisə İran rejiminin nə qədər nankor və fürsətcil olduğunu, dinc insanlara qənim kəsilən terrorçu mahiyyətini bir daha sübut edir. Eyni zamanda göstərir ki, batmaq üzrə olan İran rejimi özünün “qardaş” hesab etdiyi Ermənistandan başqa demək olar ki, bütün qonşularına, o cümlədən Azərbaycan və Türkiyəyə qarşı ən iyrənc addımlar atmağa hazırdır. Görünür, başsız qalmış molla rejimi “başını” tam itirib.

Bu alçaq və qorxaq hücumdan sonra Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin ayrı-ayrılıqda verdiyi bəyanatlarını, xüsusilə, bu hücumun heç bir halda cavabsız qalmayacağı və zəruri tədbirlərin hazırlandığı barədə dövlətimizin qətiyyətli mövqeyini tam şəkildə dəstəkləyirik. İran qısa müddət ərzində bu hücuma və terror aktına aydınlıq gətirməli, Azərbaycandan üzr istəməli və cinəyatkarları cəzalandırmalıdır”.

Deputat cənublu soydaşlarımıza da müraciət ünvanlayıb: “Hesab edirəm ki, bu hadisəyə İranda yaşayan və rejim tərəfindən hüquq və azadlıqları daim heçə sayılan, əzilən 40 milyonluq soydaşlarımız da laqeyd qalmamalı və özlərinin kəskin etirazlarını bildirməlidirlər.

Xalqımız hər zaman dövlətinin, ordusunun və Ali Baş Komandanın yanındadır və bu kimi alçaq hücumlara qarşı səfərbər olmağa hazırdır”.

Elşad,
Musavat.com

Seçilən
101
musavat.com

1Mənbələr