AZ

Tramp ABŞ-nin daxili təhlükəsizlik nazirini vəzifədən uzaqlaşdırıb

Bloomberg: Donald Tramp ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noemi vəzifədən kənarlaşdırıb, onu senator Markveyn Mallin əvəz edə bilər...

ABŞ Prezidenti Donald Tramp ölkənin daxili təhlükəsizlik naziri Kristi Noemi vəzifəsindən uzaqlaşdırıb və onun yerinə Oklahoma ştatından senator Markveyn Mallini təyin edəcəyini açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Məlumata görə, hökumət daxilində baş verən dəyişikliklər Noemin son aylarda həm Demokrat, həm də Respublikaçı qanadın sərt tənqidinə məruz qalmasından sonra gündəmə gəlib. Tənqidlər əsasən onun rəhbərliyi altında həyata keçirilən və qeyri-qanuni miqrantları könüllü şəkildə ölkəni tərk etməyə çağıran 200 milyon dollarlıq reklam kampaniyası ilə bağlı olub.

Bloomberg yazır ki, Noem bu kampaniyanı qanunvericilərə təqdim edərkən reklamın Prezident Donald Tramp tərəfindən təsdiqləndiyini bildirmişdi. Lakin daha sonra məlum olub ki, prezident bu təşəbbüsü dəstəkləməyib və bu vəziyyət Ağ Evdə ciddi narazılığa səbəb olub. Nəşrin məlumatına görə, Tramp şəxsi söhbətlərdə bu reklam kampaniyasını bəyənmədiyini bildirib və Noemin vəzifədən uzaqlaşdırılması məsələsini nəzərdən keçirib.

Bundan əvvəl ABŞ administrasiyası Noemin fəaliyyətinin yoxlanılması üçün xüsusi araşdırma başladıb. Bu qərar Minnesota ştatında artan gərginlik fonunda qəbul olunub. Belə ki, yanvarın 24-də Minneapolis şəhərində qeyri-qanuni miqrantların axtarışı ilə bağlı keçirilən əməliyyat zamanı baş verən etiraz aksiyaları zamanı ABŞ immiqrasiya xidmətinin əməkdaşı bir nəfərə atəş açıb. Hadisə cəmiyyətdə geniş rezonans doğurub və federal qurumların fəaliyyətinə dair müzakirələri gücləndirib.

Ekspertlərin fikrincə, Tramp administrasiyasının daxili təhlükəsizlik sahəsində siyasəti son dövrlərdə miqrasiya məsələləri ətrafında daha sərt mövqe ilə xarakterizə olunur. Bu kontekstdə nazirliyin fəaliyyəti və rəhbərliyinin qərarları Ağ Ev üçün xüsusi əhəmiyyət kəsb edir.

Martın 5-də Donald Tramp həmçinin “Amerikanın xilas edilməsi haqqında” yeni qanun layihəsini təqdim edib. ABŞ prezidentinin təşəbbüsü ilə hazırlanmış bu qanun layihəsində bir sıra sosial və seçki prosedurları ilə bağlı mühüm dəyişikliklər nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, cinsiyyət dəyişdirmə əməliyyatı keçirmək istəyən yetkinlik yaşına çatmamış şəxslərə valideynlərinin yazılı razılığı olmadan belə tibbi müdaxilələrə icazə verilməyəcək. Bundan əlavə, sənəddə ABŞ-də seçki prosesinin keçirilməsi qaydalarına da yeni məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.

Təklif olunan dəyişikliklərə görə, əgər qanun qəbul edilərsə, ABŞ vətəndaşları artıq fövqəladə vəziyyəti təsdiqləyən rəsmi sənəd təqdim etmədən poçt vasitəsilə səs verə bilməyəcəklər. Bu təşəbbüs seçki sistemində şəffaflığın artırılması məqsədi ilə əsaslandırılsa da, artıq siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.

Poliqon.info

Seçilən
69
poliqon.info

1Mənbələr