İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin ölkəsinə qarşı həyata keçirdiyi hərbi əməliyyatlar fonunda Moskva və Pekinin Tehrana siyasi və diplomatik dəstək göstərdiyini bildirib.
Musavat.com xəbər verir ki, iranlı diplomat çıxışında qeyd edib ki, Rusiya və Çin beynəlxalq platformalarda İranın mövqeyini müdafiə edir və ABŞ-İsrail əməliyyatlarına qarşı çıxış edirlər. Onun sözlərinə görə, bu ölkələr xüsusilə diplomatik müstəvidə İranın mövqeyinin müdafiəsi üçün fəal mövqe sərgiləyir.
Əraqçi bildirib ki, Moskva və Pekin regionda hərbi eskalasiyanın genişlənməsinə qarşı olduqlarını açıq şəkildə bəyan edərək Vaşinqton və Tel-Əvivi əməliyyatları dayandırmağa çağırıblar. İran tərəfi bunu “siyasi və diplomatik dəstək” kimi qiymətləndirir.
Beynəlxalq mediada yayılan məlumatlara görə, Rusiya və Çin ABŞ-İsrail zərbələrini açıq şəkildə pisləyib və münaqişənin diplomatik yollarla həll olunmasını tələb ediblər.
Bununla yanaşı, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, Moskva bu müharibəyə birbaşa qoşulmaq niyyətində deyil və İran tərəfindən hərbi yardım istəyi də daxil olmayıb.