AZ

NARKOMANİYA VƏ ONA QARŞI MÜBARİZƏNİN ELMİ ƏSASLARI:  QLOBAL ÇAĞIRIŞLAR VƏ MİLLİ PRİORİTETLƏR

Narkomaniya bəşəriyyətin təhlükəsizliyinə, ictimai sağlamlığa və sosial sabitliyə təsirinə görə XXI əsrin mürəkkəb sosial-bioloji çağırışları sırasında ilk yerlərdən birini tutur. İnsanın Yer üzərində varlığına olan bu strateji təhdid təkcə ayrı-ayrı fərdlərin sağlamlıq və davranış modeli ilə məhdudlaşmır; o, sosial institutların fəaliyyətinə, iqtisadi inkişafa, milli təhlükəsizlik sistemlərinə və demoqrafik proseslərə birbaşa təsir göstərən qlobal xarakterli fenomen kimi özünü biruzə verir.

Narkomaniyanın genişlənməsi müasir dövrdə həm yeni psixoaktiv maddələrin yayılması, həm də qlobal kommunikasiya və nəqliyyat şəbəkələrinin intensivləşməsi ilə daha mürəkkəb xarakter almışdır. Bu səbəbdən narkotik asılılığına qarşı mübarizə yalnız hüquqi və inzibati tədbirlərlə məhdudlaşa bilməz, bəşəriyyətin bu fəakətdən xilası üçün elmi əsaslara söykənən, multidissiplinar və sistemli yanaşma tələb olunur.

Elmi tədqiqatlar göstərir ki, narkomaniya kompleks biososial böhrana çevrilmişdir və onun formalaşması neyrobioloji mexanizmlər, psixoloji amillər, sosial mühit və iqtisadi şəraitin qarşılıqlı təsiri nəticəsində baş verir. Buna görə də mübarizə strategiyası profilaktika, erkən müdaxilə, müalicə, reabilitasiya və reinteqrasiya mərhələlərini əhatə edən kompleks model əsasında qurulmalıdır.

Narkomaniyanın elmi-nəzəri mahiyyəti

Müasir neyrobiologiya və davranış elmləri narkotik asılılığını mərkəzi sinir sistemində baş verən dərin struktur və funksional dəyişikliklərlə səciyyələnən xroniki residiv xəstəlik kimi qiymətləndirir. Bu yanaşma asılılığın mahiyyətini yalnız sosial və ya psixoloji kontekstdə deyil, eyni zamanda, molekulyar-biokimyəvi və neyrofizioloji proseslərin kompleks nəticəsi kimi izah etməyə imkan verir.

Asılılıq sindromunun formalaşmasında əsas rol beyinin mezolimbik dopamin (motivasiya) sistemi tərəfindən oynanılır. Bu sistem motivasiya, öyrənmə, emosional gücləndirmə və davranışın təkrar formalaşması proseslərini tənzimləyir.

Daimi və uzunmüddətli istifadə fonunda beyində neyroplastik dəyişikliklər baş verir. Bu dəyişikliklərin klinik və davranış nəticələri qərarvermə mexanizmlərinin zəifləməsi, impulsiv davranışın artması, emosional tənzimləmənin pozulması, stresə həssaslığın yüksəlməsi kimi istiqamətlərdə təzahür edir. Bu mexanizmlər asılılığın niyə xroniki və residivlərlə müşayiət olunan xəstəlik olduğunu izah edir. Maddə istifadəsi dayandırıldıqdan sonra belə beyində formalaşmış patoloji yaddaş izləri və neyroplastik dəyişikliklər uzun müddət qalır. Bu səbəbdən geridönüş riskinin yüksək olması asılılığın bioloji əsaslarını təsdiqləyir.

Genetik amillər də asılılığın formalaşmasında mühüm rol oynayır. Bununla yanaşı, epigenetik dəyişikliklər (yəni həyat tərzi və mühitin gen ifadəsinə təsiri) asılılığın inkişafında mühüm rol oynayır.

Beləliklə, narkomaniya yalnız iradə zəifliyi və ya sosial uyğunsuzluq kimi qiymətləndirilə bilməz. O, bioloji, neyrokimyəvi və genetik əsasları olan xroniki xəstəlikdir və müalicə prosesi detoksifikasiya ilə məhdudlaşmamalıdır. Effektiv mübarizə strategiyası farmakoloji müalicə, psixososial reabilitasiya, davranış terapiyası və sosial reinteqrasiyanı əhatə edən kompleks model əsasında qurulmalıdır.

Narkomaniyanın sistemli xarakteri onun bir neçə paralel aspektdə (kriminoloji, sosial, iqtisadi, təhlükəsizlik və s. aspektlər) təzahür etməsi ilə bağlıdır. Bu aspektlər bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərək problemi daha mürəkkəb və çoxşaxəli edir.

Bu mürəkkəb təsir mexanizmləri narkomaniyanın sistemli problem olduğunu göstərir və onunla mübarizə strategiyasının da sistemli xarakter daşımasını zəruri edir. Effektiv mübarizə yalnız bir sahənin (məsələn, hüquq-mühafizə və ya səhiyyə sektorunun) fəaliyyəti ilə məhdudlaşa bilməz. Əksinə, dövlət strukturları və icraedici orqanlar, elmi-tədqiqat və təhsil müəssisələri, səhiyyə və sosial xidmət sistemləri, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlarla əməkdaşlıq və s. kimi istiqamətlər üzrə koordinasiyalı fəaliyyət tələb olunur.

Sistemli yanaşma profilaktika, müalicə, reabilitasiya və reinteqrasiya mərhələlərinin vahid model çərçivəsində həyata keçirilməsini nəzərdə tutur. Bu modeldə məqsəd təkcə narkotik maddə istifadəsinin azaldılması deyil, həm də sosial risk amillərinin aradan qaldırılması, ictimai sağlamlığın qorunması və sosial sabitliyin möhkəmləndirilməsidir.

Qlobal tendensiyalar və çağırışlar

Son onilliklərdə qlobal narkotik maddələr bazarında müşahidə olunan struktur dəyişiklikləri narkomaniya ilə mübarizənin xarakterini köklü şəkildə transformasiya etmişdir. Ənənəvi bitki mənşəli narkotiklərin payı müəyyən dərəcədə sabit qalsa da, sintetik maddələrin sürətli artımı, qeyri-qanuni istehsal texnologiyalarının təkmilləşməsi və rəqəmsal mühitin genişlənməsi narkotik dövriyyəsini daha çevik və mürəkkəb etmişdir. Bu proseslər beynəlxalq ekspertlər, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıq İdarəsi (UNODC – NCMİ) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO – ÜST) tərəfindən qlobal təhlükə kimi qiymətləndirilir.

Müasir mərhələdə narkotik bazarının əsas xüsusiyyəti onun yüksək adaptivlik və texnoloji transformasiya qabiliyyətidir. Transmilli şəbəkələr yeni marşrutlar, alternativ kimyəvi formulalar və rəqəmsal kommunikasiya vasitələrindən istifadə etməklə hüquq-mühafizə tədbirlərinə qarşı çevik strategiyalar formalaşdırır. Bu isə mübarizə mexanizmlərinin təkcə milli səviyyədə deyil, qlobal koordinasiya əsasında qurulmasını zəruri edir.

Son illərdə “yeni psixoaktiv maddələr” (NPS) adlandırılan sintetik birləşmələrin sayı sürətlə artmışdır. Bu maddələr klassik narkotiklərin kimyəvi analoqları kimi hazırlanır və çox vaxt hüquqi tənzimləmədən kənarda qalır. Onların sürətlə dəyişdirilən kimyəvi formulları nəzarət mexanizmlərini çətinləşdirir və səhiyyə sistemləri üçün əlavə risklər yaradır. Bu maddələr qısa müddətdə ağır zəhərlənmə və ölüm hallarına səbəb ola bilir.

Sintetik stimulyatorlar və klub narkotikləri gənclər arasında daha geniş yayılmağa başlamışdır. Bu prosesə bir neçə, o cümlədən maddələrin əlçatanlığı, qiymətinin nisbətən aşağı olması, təsirinin sürətli və qısa müddətli olması, sosial mediada normallaşdırılması kimi amillər təsir edir.

Rəqəmsal texnologiyaların inkişafı narkotik dövriyyəsinin yeni mərhələyə keçməsinə səbəb olmuşdur. Onlayn platformalar, şifrələnmiş kommunikasiya kanalları və anonim ödəniş sistemləri narkotik satışını daha gizli və çevik etmişdir. Rəqəmsallaşma satış şəbəkələrinin coğrafi sərhədlərinin aradan qalxması, hüquq-mühafizə nəzarətinin çətinləşməsi, gənclər üçün əlçatanlığın artması, yeni paylama modellərinin formalaşması kimi nəticələrə gətirib çıxarır.

Narkotik istehsalı və dövriyyəsi getdikcə daha çox transmilli xarakter alır. İstehsal, tranzit və istehlak regionları arasında mürəkkəb marşrutlar formalaşır. Bu marşrutlar siyasi və iqtisadi qeyri-sabitlik zonalarından keçdiyi üçün qlobal təhlükəsizlik məsələləri ilə sıx bağlıdır. Transmilli şəbəkələrin fəaliyyətinin intensivləşməsi qanunsuz maliyyə axınlarının artmasına, korrupsiya risklərinin yüksəlməsinə, regional təhlükəsizlik problemlərinə səbəb olur.

Yuxarıda qeyd olunan tendensiyalar narkomaniya ilə mübarizə metodlarının da yenilənməsini zəruri edir. Ənənəvi hüquq-mühafizə tədbirləri ilə yanaşı, sübutlara əsaslanan profilaktika proqramları, erkən diaqnostika və monitorinq sistemləri, rəqəmsal nəzarət və analitik texnologiyalar, beynəlxalq məlumat mübadiləsi, ictimai sağlamlıq yönümlü yanaşma ön plana çıxır.

Beynəlxalq təşkilatların yanaşmaları

Müasir dövrdə narkomaniya ilə mübarizə sahəsində beynəlxalq təşkilatların formalaşdırdığı konseptual yanaşmalar qlobal siyasətin əsas istiqamətlərini müəyyən edir. Xüsusilə BMT, ÜST və BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsi tərəfindən hazırlanmış sənədlər narkotik asılılığına qarşı mübarizədə sübutlara əsaslanan, humanist və kompleks modelin tətbiqini prioritet kimi müəyyən edir. Bu modelin əsas xüsusiyyəti problemin yalnız hüquqi müstəvidə deyil, ictimai sağlamlıq, sosial siyasət və insan hüquqları kontekstində qiymətləndirilməsidir.

Profilaktikanın gücləndirilməsi. Sübutlara əsaslanan profilaktika proqramları erkən yaşlarda risk amillərinin azaldılmasına, sağlam həyat tərzinin təşviqinə və sosial bacarıqların inkişafına yönəldilir. Beynəlxalq standartlara görə, effektiv profilaktika məktəb və ailə əsaslı proqramlar, gənclər arasında həyat bacarıqlarının inkişafı, risk qruplarının erkən identifikasiyası, icma səviyyəsində maarifləndirmə kimi elementləri əhatə etməlidir.

Müalicə və reabilitasiyanın əlçatanlığı. Beynəlxalq təşkilatlar narkotik asılılığının müalicəsinin səhiyyə sisteminin ayrılmaz hissəsi olmasını vacib hesab edir. Müalicə xidmətlərinin əlçatanlığı, keyfiyyəti və davamlılığı asılılığın azaldılmasında həlledici rol oynayır. Kompleks müalicə modeli detoksifikasiya və farmakoloji müalicə, psixoterapiya və psixososial dəstək, sosial adaptasiya və peşə reabilitasiyası, residivin qarşısının alınması proqramları kimi komponentləri birləşdirir.

İnsan hüquqlarına əsaslanan yanaşma. Müasir beynəlxalq strategiyalarda insan hüquqlarına əsaslanan yanaşma xüsusi yer tutur. Bu yanaşmaya görə narkotik asılılığı olan şəxslər cəzalandırılmalı obyekt kimi deyil, müalicə və sosial dəstəyə ehtiyacı olan fərdlər kimi qiymətləndirilməlidir.

Elmi tədqiqatların dəstəklənməsi. Narkomaniya ilə mübarizə sahəsində siyasətin effektivliyi elmi tədqiqatların nəticələrinə əsaslanmalıdır. Beynəlxalq təşkilatlar epidemioloji monitorinq, klinik tədqiqatlar və sosial araşdırmaların genişləndirilməsini vacib hesab edir. Elmi məlumat bazasının formalaşdırılması risk amillərinin identifikasiyası, müalicə metodlarının effektivliyinin qiymətləndirilməsi, profilaktika proqramlarının optimallaşdırılması, yeni psixoaktiv maddələrin təsirinin öyrənilməsi kimi məqsədlərə xidmət edir.

Beynəlxalq əməkdaşlıq. Narkotiklərin istehsalı və dövriyyəsi transmilli xarakter daşıdığı üçün mübarizə tədbirləri də beynəlxalq koordinasiya tələb edir. Məlumat mübadiləsi, birgə əməliyyatlar və regional proqramlar qlobal təhlükəsizlik və ictimai sağlamlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq əməkdaşlıq hüquq-mühafizə orqanları arasında koordinasiya, epidemioloji məlumatların paylaşılması, mütəxəssis hazırlığı və təlim proqramları, regional profilaktika təşəbbüsləri və s. bu kimi istiqamətləri əhatə edir.

Kompleks yanaşmanın üstünlükləri. Beynəlxalq təcrübə göstərir ki, yalnız cəza tədbirlərinə əsaslanan model uzunmüddətli perspektivdə effektiv nəticə vermir. Cəza yönümlü siyasət narkotik istifadəsini tam aradan qaldırmır, əksinə, bəzən gizli dövriyyəni artırır və sosial problemləri dərinləşdirir. Kompleks sosial-tibbi yanaşma ictimai sağlamlığın qorunması, residiv riskinin azalması, sosial reinteqrasiyanın gücləndirilməsi, kriminogen vəziyyətin stabilləşməsi kimi üstünlüklərə malikdir. Bu model profilaktika, müalicə, reabilitasiya və hüquqi tədbirlərin balanslı inteqrasiyasını nəzərdə tutur və daha dayanıqlı nəticələr verir.

Profilaktika siyasətinin elmi əsasları

Narkotik asılılığının profilaktikası ictimai səhiyyədə “üçpilləli model” üzrə qurulur və hər səviyyə fərqli epidemioloji hədəf qruplara yönəlir. Bu modelin elmi əsası risk amillərinin (sosial mühit, psixoloji həssaslıq, erkən davranış pozuntuları) və qoruyucu faktorların (ailə nəzarəti, məktəb bağlılığı, sosial kapital) diferensial təsirini nəzərə alan sübut-əsaslı yanaşmadır.

Ümumi profilaktika (universal) – Populyasiya səviyyəsində həyata keçirilir və məqsəd maddə istifadəsinə tolerantlığı azaltmaq, sağlam davranış normalarını formalaşdırmaqdır. Məktəb proqramları, kütləvi informasiya kampaniyaları və sosial bacarıqların inkişafı üzrə kurikulumlar səmərəli hesab olunur.

Seçici profilaktika – Sosial-iqtisadi çətinlik, ailə disfunksiyası, travmalar və ya cəmiyyətin kənarlaşdırıcı mühiti kimi risk amilləri olan qruplara yönəlir. Bu mərhələdə psixoloji skrininq, mentorluq proqramları və icma əsaslı müdaxilələr geridönüş ehtimalını və ilkin istifadə riskini aşağı salır. Seçici yanaşma resursların yüksək riskli alt-populyasiyalara fokuslanmasını təmin edir.

Hədəfli profilaktika – Artıq erkən istifadə davranışı müşahidə olunan şəxslərə yönəlib. Burada qısa psixososial müdaxilələr, motivasiyaedici müsahibə və ailə-mərkəzli terapiya metodları əsasdır. Erkən müdaxilə asılılığın xronikləşməsinin qarşısını almaqda ən yüksək effektə malik mərhələ sayılır.

Bu sistemdə təhsil sistemi normativ bilik və davranış modellərini formalaşdırır, ailə institutu ilkin sosial nəzarət və emosional tənzimləmə mühiti yaradır, media isə risk qavrayışını və sosial normaları modelləşdirir. Bu üç institut arasında koordinasiya olmadıqda profilaktik proqramların təsiri epizodik xarakter alır. Beynəlxalq yanaşmalarda, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı çərçivələrində, inteqrasiya olunmuş, sübut-əsaslı və davamlı qiymətləndirmə mexanizmləri ilə müşayiət olunan profilaktika siyasəti daha effektiv hesab edilir.

Azərbaycan reallığı və milli siyasət

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi və asılılıqla mübarizədə hüquqi, institusional və profilaktik komponentləri birləşdirən kompleks dövlət siyasəti formalaşdırılmışdır. Bu model həm ictimai səhiyyə yanaşmasını, həm də hüquq-mühafizə və milli təhlükəsizlik prioritetlərini inteqrasiya edir. Coğrafi baxımdan tranzit marşrutlarının yaxınlığı, regiondakı qeyri-stabil narkotik dövriyyəsi və sintetik maddələrin artımı milli siyasətin risk-əsaslı planlaşdırılmasını zəruri edir.

Qanunvericilik və normativ baza. Əsas hüquqi çərçivə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə nəzarəti, həmçinin asılı şəxslərin müalicə və reabilitasiyasını tənzimləyən qanun və alt-qanun aktlarından ibarətdir. Qanunvericilikdə qanunsuz dövriyyəyə görə cinayət məsuliyyəti və inzibati tədbirlər, tibbi istifadə və nəzarət mexanizmləri, profilaktika və erkən müdaxilə proqramlarının hüquqi əsasları, reabilitasiya və sosial reinteqrasiya xidmətlərinin təşkili kimi istiqamətlər prioritetdir.

İnstitusional koordinasiya. Milli siyasətin icrasında əsas əlaqələndirici qurum Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasıdır. Komissiya dövlət proqramlarının hazırlanması, icra vəziyyətinin monitorinqi və müxtəlif qurumlar arasında operativ koordinasiyanı təmin edir. Komissiyanın daimi fəaliyyət göstərən İşçi Qrupu analitik məlumatların toplanması, risklərin qiymətləndirməsi, regionlar üzrə vəziyyətin monitorinqi və profilaktik tədbirlərin planlaşdırılması ilə məşğuldur. İşçi Qrupunun fəaliyyəti statistik hesabatların hazırlanması, beynəlxalq təşkilatlarla məlumat mübadiləsi və icra mexanizmlərinin təkmilləşdirilməsini əhatə edir.

Profilaktika və reabilitasiya infrastrukturu. Maarifləndirmə proqramları təhsil müəssisələri, gənclər təşkilatları və media vasitəsilə həyata keçirilir; erkən risk qrupları üçün psixososial xidmətlər genişləndirilir. Dövlət və qeyri-dövlət reabilitasiya mərkəzlərinin fəaliyyəti detoksifikasiya, psixoterapiya və sosial reinteqrasiya mərhələlərini əhatə edir. Son illərdə icma əsaslı xidmətlərin və ambulator müalicə modellərinin inkişafı müalicəyə çıxışı artırmışdır.

Regional təhlükəsizlik və beynəlxalq inteqrasiya. Azərbaycanın milli modeli regionda tranzit marşrutları və sərhəd təhlükəsizliyi faktorlarını nəzərə alaraq hüquq-mühafizə tədbirlərini gücləndirir, eyni zamanda ictimai səhiyyə yönümlü profilaktika ilə balanslaşdırılır. Strategiya beynəlxalq konvensiyalar və təşkilatların, o cümlədən BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsi və Ümumdünya Səhiyyə Təşkilatı çərçivələri ilə uzlaşdırılaraq məlumat mübadiləsi, təlim proqramları və birgə layihələr vasitəsilə həyata keçirilir.

Nəticə etibarilə, Azərbaycan modeli hüquqi nəzarət, profilaktika, müalicə və təhlükəsizlik komponentlərini birləşdirən çoxsəviyyəli idarəetmə mexanizmi kimi formalaşmışdır və risk mühitinə uyğun adaptiv siyasət alətlərinin tətbiqinə əsaslanır.

Elmi-strateji təkliflər

İnterdisiplinar tədqiqatların genişləndirilməsi. Asılılıq fenomeni biotibbi, psixoloji, sosial və kriminoloji determinantların kəsişməsində formalaşdığından, universitetlər, klinik mərkəzlər və analitik qurumlar arasında inteqrasiya olunmuş tədqiqat konsorsiumlarının yaradılması məqsədəuyğundur.

Erkən profilaktika proqramlarının gücləndirilməsi. Məktəb və icma səviyyəsində skrininq alətləri, sosial-emosional öyrənmə proqramları və ailə-mərkəzli müdaxilə modelləri genişləndirilməlidir. Risk qruplarının erkən identifikasiyası üçün psixososial indikatorlar üzrə standartlaşdırılmış qiymətləndirmə sistemləri tətbiq oluna bilər.

Reabilitasiya sisteminin modernləşdirilməsi. Reabilitasiya xidmətləri yalnız detoksifikasiya mərhələsi ilə məhdudlaşmamalı, psixoterapiya, sosial reinteqrasiya və əmək bazarına adaptasiya komponentlərini əhatə edən multimodal modelə keçirilməlidir.

Rəqəmsal monitorinq mexanizmləri. Elektron sağlamlıq qeydləri, risk proqnozlaşdırma alqoritmləri və onlayn konsultasiya platformalarının inteqrasiyası ilə milli məlumat infrastrukturunun yaradılması tövsiyə olunur. Süni intellekt əsaslı analitik sistemlər regionlar üzrə istifadə dinamikasının izlənməsi və resursların optimal bölgüsü üçün istifadə edilə bilər.

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi. Transmilli narkotik dövriyyəsi və yeni psixoaktiv maddələrin yayılması fonunda regional və qlobal informasiya mübadiləsi vacibdir. Birgə tədqiqat layihələri, təlim proqramları və məlumat paylaşımı mexanizmləri BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsi və digər tərəfdaş qurumlarla koordinasiyalı şəkildə genişləndirilməlidir. Bu həm hüquq-mühafizə, həm də ictimai səhiyyə komponentlərinin effektivliyini artırar.

YEKUNLAR

Narkomaniya ilə mübarizə çoxsəviyyəli risk amillərinin (neyrobioloji mexanizmlər, psixoloji həssaslıq və sosial mühit determinantlarının) paralel idarə olunmasını tələb edən kompleks ictimai səhiyyə və təhlükəsizlik problemidir. Effektiv strategiya yalnız repressiv tədbirlərlə deyil, sübut-əsaslı profilaktika, erkən diaqnostika, müalicə və sosial reinteqrasiya komponentlərinin sistemli tətbiqi ilə nəticə verir. Biopsixososial modelə əsaslanan yanaşma fərdi risk profillərinin diferensial qiymətləndirilməsinə, resursların prioritetləşdirilməsinə və asılılığın geridönüşünün azaldılmasına imkan yaradır.

Müasir mərhələdə dövlət siyasəti, akademik tədqiqat infrastrukturu və ictimai iştirakçılıq arasında qurumlararası sinerjinin formalaşdırılması əsas şərtdir. Analitik məlumatların sistemli toplanması, monitorinq və qiymətləndirmə mexanizmlərinin tətbiqi siyasətin effektivliyini ölçülə bilən göstəricilər üzərindən izləməyə imkan verir. Bu kontekstdə milli strategiyaların beynəlxalq standartlarla uzlaşdırılması, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsi çərçivələrində qəbul edilmiş yanaşmalarla uyğunlaşdırılması risklərin idarə olunmasını gücləndirir.

Elmi əsaslara söykənən, humanist və sistemli yanaşma (profilaktika, müalicə, reabilitasiya və hüquqi nəzarət mexanizmlərinin koordinasiyası ilə) narkomaniya ilə mübarizədə ən rasional və uzunmüddətli effektiv model hesab olunur. Bu modelin davamlı tətbiqi yalnız maddə istifadəsinin yayılmasını məhdudlaşdırmağa deyil, həm də ictimai sağlamlıq, sosial sabitlik və insan kapitalının qorunmasına xidmət edir.

İradə Hüseynova,
AMEA-nın vitse-prezidenti, akademik

Seçilən
30
ikisahil.az

1Mənbələr