AZ

Dişlərimizin qeydinə qalanlar...

Bu gün stomatoloqların bayramıdır

Dişlərimizi qorumaq sağlamlığımız üçün vacibdir. Stomatoloqlar bu işdə ən güvəndiyimiz mütəxəssislərdir, onların əməyi sağlam gülümsəmələrimizin təməlini qoyur. Hər birimiz üçün gözəl bir gülümsəmə həm özümüzə, həm də ətrafımıza müsbət təsir göstərir. Lakin dişlərimizi qorumaq təkcə estetikadan ibarət deyil. Bu, ümumi sağlamlığımıza da ciddi təsir edir.

Stomatoloqların öz peşələrində əhəmiyyətini yüksək qiymətləndirdiyimiz Beynəlxalq Stomatoloq və ya Beynəlxalq Diş Həkimi Günü hər il martın 6-da bütün dünyada qeyd olunur. Bu əlamətdar günün qeyd olunma ənənəsi ildən-ilə daha geniş yayılır. Bu tarixin seçilməsinin səbəbi isə stomatologiya sənətinin əsas atributlardan birinin məhz həmin gün ixtira olunması ilə bağlıdır.

Əvvəllər yalnız ABŞ-da qeyd edilirdi

1790-cı ilin martın 6-da ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun şəxsi diş həkimi Con Qrinvud tərəfindən stomatoloji bor kəşf edilib. Yeni ixtira ayaqla hərəkətə gətirilən iri bormaşın olub. Həmin stomatoloji alətin köməyi ilə Qrinvud tərəfindən Corc Vaşinqton üçün protez diş hazırlanıb. Ən maraqlısı odur ki, cihazın hərəkətə gətirilməsində Qrinvud öz anasına aid cəhrənin təkərindən istifadə edib. Elektrik bormaşın isə həmin ixtiradan bir əsr sonra - 1907-ci ildə istifadəyə verilib.

Beynəlxalq Diş Həkimi Günü milli peşə bayramı kimi əvvəlcə yalnız ABŞ-da qeyd edilirdi. Sonralar diş həkimlərini təbrik etmək ənənəsi Şimali Amerikadan digər ölkələrə də yayıldı. Həmin ölkələr sırasına ilk daxil olanlardan biri Hindistan oldu.

Diş sağlamlığımız üçün...

Ağız və diş sağlamlığını qorumaq üçün altı ayda bir müntəzəm olaraq diş həkiminin müayinəsində olmalıyıq. Diş çürüməsinin qarşısını almaq üçün əsas qaydalar suda kifayət qədər flüor olması, dişləri müntəzəm olaraq fırçalamaq, diş ipindən istifadə etmək, həddindən artıq şirin və şəkərli qidalardan mümkün olduğu qədər uzaq durmaq, yeməkdən sonra dişlərinizi fırçalamaqdır.

Fırçanın düzgün istifadəsi vacibdir...

Dişləri effektiv şəkildə fırçalamaq üçün həkimlərin tövsiyə etdiyi sərtliyə malik diş fırçası istifadə edilməlidir. Çox məcun istifadə etmək ağızdakı təravəti artırır, beləliklə dişlər tam təmizlənmədən fırçalama prosesinin dayandırılmasına səbəb olur. Bu, effektiv təmizləmənin qarşısını alır. Fırçalama heç vaxt sağdan sola üfüqi şəkildə aparılmamalıdır. Başqa sözlə desək, diş fırçası düzgün istifadə edilmədikdə, zamanla bədənin ən sərt toxuması olan diş minasını aşındıra bilər.

Yeganə BAYRAMOVA

Seçilən
132
1
yeniazerbaycan.com

2Mənbələr