ain.az bildirir, Gununsesi portalına istinadən.
Sosial şəbəkələrdə etik çərçivələrin pozulması və nalayiq ifadələrin artması hüquq müstəvisində ciddi müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan vəkil Esmira Rzayeva bildirib ki, sosial şəbəkələr fikir və söz azadlığı üçün geniş imkanlar yaratsa da, bu azadlıq hüquqi məsuliyyətlə müşayiət olunur.
Vəkil bildirib ki, internet məkanında təhqir, söyüş və ictimai əxlaqa zidd davranışlar qanunvericiliyə uyğun şəkildə cəzalandırılır.
E.Rzayevanın sözlərinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi-nin 510-cu maddəsinin 2-ci hissəsinə görə ictimai yerlərdə və ya internet məkanında söyüş söymək, əxlaqsız ifadələr işlətmək, habelə bədənin müəyyən hissələrini açıq şəkildə nümayiş etdirməklə ictimai qaydanı pozan şəxslər 500 manatdan 1000 manatadək cərimə edilə bilər:
“Həmin əməl bir il ərzində təkrar törədilərsə, məsuliyyət daha da sərtləşir. Məcəllənin 510.3-cü maddəsinə əsasən belə hallarda 1000 manatdan 2000 manatadək cərimə və ya 1–2 ay müddətinə inzibati həbs cəzası tətbiq oluna bilər.
Bununla yanaşı, təhqirə məruz qalan şəxslərin ayrıca hüquqları da mövcuddur. Zərərçəkən şəxs xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər. Bu halda təhqir edən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsi-nin 148-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər”.
Vəkil əlavə edib ki, söz azadlığı heç bir halda başqasının şərəf və ləyaqətinin alçaldılması, ictimai qaydanın pozulması və ya cəmiyyətin mənəvi dəyərlərinə zərər vurulması üçün vasitəyə çevrilməməlidir.
Onun sözlərinə görə, sosial mediada məsuliyyətli davranış həm hüquqi problemlərin qarşısını alır, həm də sağlam və mədəni ünsiyyət mühitinin formalaşmasına xidmət edir.
Afət
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.