Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Hər il 8 mart – Beynəlxalq Qadınlar günü kimi qeyd olunur. Əsrlər boyu qadınlar cəmiyyətin inkişafında hər zaman mühüm yer tutublar. Xanımların işi təkcə ailə həyatı və onun məsuliyyəti ilə məhdudlaşmır, dövlət idarəçiliyində, mədəniyyət, elm və təhsil, hətta hərbi sahədə öz güclərini göstərirlər. Qadının zərifliyi çox zaman onun əsas xüsusiyyəti kimi təqdim olunsa da, bu zərifliyin arxasında böyük iradə, dözümlülük və güc dayanır. Məhz buna görə də qadın haqqında danışarkən “gücün zərif üzü” ifadəsi dərin məna daşıyır. Bu ifadə qadının həm incə, həm də güclü tərəflərinin harmoniyasını əks etdirir. Ümummilli Lider Heydər Əliyev söyləyirdi: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.
Azərbaycan 1992-ci ildə avqustun 4-də “Qadınların siyasi hüquqları haqqında” 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” 1979-cu il Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız həyat” Regional Məlumatlandırma Kompaniyasına, 2001-2002-ci illərdə “Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət” aksiyasına və digər layihələr çərçivəsində olan tədbirlərə qoşulmuşdur. Ölkəmiz, həmçinin, Beynəlxalq Əmək Təşkilatının qadınların əmək və məşğulluq sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında” 45 saylı BƏT Konvensiyasını, “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında” 100 saylı BƏT Konvensiyasını, “Analığın mühafizəsi haqqında” 103 saylı BƏT Konvensiyasını, “Əmək və məşğulluq sahəsində ayrı- seçkilik haqqında” 111 saylı BƏT Konvensiyasını və 29 yanvar 1957-ci il tarixli “Ərdə olan qadının vətəndaşlığı haqqında” Konvensiyanı da qəbul etmişdir.
1998-ci il tarixində Dahi lider Heydər Əliyev “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Fərman imzalamışdır. Bu Fərman qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına kömək olmuşdur. Daha sonra isə 2000-ci il tarixində imzalanmış “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman ölkədə qadın siyasətinin daha da güclənməsinə gətirib çıxarıb. 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı qəbul edimişdir. Fəaliyyət planının hazırlanmasında Pekin Strategiyası əsasında hazırlanmışdır.
Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurulmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yaradılan yeni qurum dövlət başçısının ailələrə, qadınlara və uşaqlara diqqətinin, qayğısının bariz nümunəsidir.
Son illərdə Azərbaycan qadınlarının dövlət və ictimai idarəetmədə rolu da artmaqdadır. Onların müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışması, ictimai təşəbbüslərdə fəal iştirak etməsi cəmiyyətin inkişafında mühüm əhəmiyyət daşıyır. Qadınların sosial və ictimai həyatda fəal olması cəmiyyətin daha balanslı və davamlı inkişafına töhfə verir. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının gücünü daha da yüksəklərə qaldırır. Mehriban xanımın timsalında dünyaya gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur.
Azərbaycan qadınının gücü onun zərifliyi ilə vəhdət təşkil edir. O, həm ailənin qoruyucusu, həm cəmiyyətin inkişafına töhfə verən fəal vətəndaş, həm də gələcək nəsillərin formalaşmasında mühüm rol oynayan bir şəxsiyyətdir. Bu xüsusiyyətlər Azərbaycan qadınını cəmiyyətin ən dəyərli və güclü simalarından birinə çevirir.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İsntitutu
üzrə ərazi partiya təşkilatının sədr müavini
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.