ABŞ ordusunun İrana qarşı həyata keçirdiyi “Epik Qəzəb” əməliyyatında 50 min əsgər iştirak edir.
Redaktor.az xəbər verir ki, bu barədə Bred Kuper ABŞ Mərkəzi Komandanlığının X səhifəsində yayımlanan mətbuat konfransında bildirib.
Admiralın sözlərinə görə, son 72 saat ərzində Amerika qüvvələri İran ərazisində 200 hədəfə zərbə endirib. O qeyd edib ki, ABŞ-nin B-2 Spirit bombardmançıları İranın yeraltında yerləşən ballistik raket buraxıcılarına onlarla zərbə endirib.
Kuper bildirib ki, son 24 saat ərzində İranın raket zərbələrinin sayı 90%, dron hücumlarının sayı isə 83% azalıb. Onun sözlərinə görə, ABŞ qüvvələri bir neçə saat ərzində 30 İran gəmisini, eləcə də göyərtəsində pilotsuz uçuş aparatları olan bir gəmini məhv edib.
“Prezident bizə başqa bir məqsəd qoyub: İranın ballistik raket sənaye bazasını məhv etmək və ya yerlə bir etmək. Biz sadəcə onların sahib olduqlarını vurmuruq, həm də onların yenidən qurma qabiliyyətini məhv edirik”, – deyə komandir bildirib və bunun müəyyən vaxt aparacağını vurğulayıb.
Aminə ŞAHSUVARQIZI