AZ

NATO İrana qarşı müharibəyə qoşula bilər-5-ci maddə gündəmə gəldi  

Yaxın Şərqdə gərginliyin ən pik həddə çatdığı günlərdə NATO-nun baş katibi Mark Ruttenin açıqlamaları diqqətləri üzərinə çəkib. O bildirib ki, quruma üzv ölkələr hazırda Amerikaya əsas dəstək göstərir və İrana qarşı həyata keçirilən hərbi əməliyyatları siyasi baxımdan dəstəkləyir. Rutte hətta kollektiv müdafiəni nəzərdə tutan məşhur 5-ci maddənin tətbiqinin də tam istisna edilmədiyini vurğulayıb.

NATO-nun 5-ci maddəsi nə deməkdir? Alyans həqiqətən də İranla münaqişəyə birbaşa qoşula bilərmi? 5-ci maddənin tətbiqi hansı hallarda mümkün sayılır və belə bir addım regionda müharibəni daha geniş coğrafiyaya yaya bilərmi?

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Musavat.com-da hansı hallarda bu maddənin İrana qarşı işə salına biləcəyini açıqladı:

“Hazırda ABŞ -İran müharibəsini NATO deyil, ABŞ aparır. Digər NATO üzvü olan ölkələr isə bu müharibəyə qoşulmayıblar. O səbəbdən NATO-nun 5-ci maddəsinin işə düşməsi üçün hələ bir əsas yoxdur. Çünki bu maddə NATO-ya üzv olan ölkəyə hücum olduğu halda işə düşür. Bu prinsip isə “istənilən NATO ölkəsinə hücum Alyansın bütün üzvlərinə hücumdur” kimi qəbul olunur.  Əks halda isə hüquqi qüvvəsi olmur. Amma NATO üzvü olan və müharibədə iştirak etməyən Alyans dövlətinə hər hansı hücum olarsa, o zaman 5-ci maddənin tətbiq olunması üçün təcili iclas çağırılır, müzakirə olunur və hüquqi prosedurlar imkan verəcəyi halda NATO hücuma məruz qalan ölkənin müdafiəsinə qalxır. Bu gün için bu proseduru Türkiyə ərazisinə raket hücumundan sonra tətbiq etmək olardı.  Amma İranın raketin Türkiyə sərhədlərinə daxil olmasını səhvən, trayektoriya dəyişməsinə görə deməsindən sonra bildiyim qədəri ilə rəsmi Ankara üzv olduğu hərbi Alyansa hələ müraciət etməyib. Amma bu gedişlə hiss olunur ki, İran hərbi kontingenti arasında xaos hökm sürür və bu kontingentin içində hansısa səbəblərdən müharibənin coğrafiyasını genişləndirmək istəyənlər mövcuddur. Yəni müharibə bir qədər də uzanarsa NATO -nun 5 ci maddəsinin tətbiq olunması üçün ortada maneə qalmaya bilər. Amma məsələ ondadır ki, bu gedişat İranın bir dövlət kimi qalmasına ciddi təhlükələr yarada bilər”.

Cavanşir ABBASLI

Musavat.com

Seçilən
85
1
musavat.com

2Mənbələr