Ukraynanın hakim "Xalqın xidmətçisi" partiyasından olan deputatlar martın 5-də İranın Azərbaycana qarşı dron hücumunu kəskin pisləyiblər.
"Far.Az"un Şərqi Avropa bürosuna danışan deputatlar Naxçıvan ərazisində mülki infrastrukturun vurulmasını bölgənin təhlükəsizliyini və vətəndaşların dinc həyatını təhdid edən açıq-aşkar təxribat adlandırıblar.
Deputat Volodimir Kreydenko qeyd edib ki, ukraynalılar üçün bu üslub həddən artıq tanış və ağrılıdır, çünki hər gün oxşar silahların istifadəsinin nəticələrini öz üzərilərində hiss edirlər:
"Məhz buna görə də bu cür hərəkətlərin gətirdiyi təhlükəni bizdən yaxşı heç kim başa düşmür. Suveren dövlətə zərbələr endirmək üçün pilotsuz uçuş aparatlarının istifadəsi heç bir bəhanəsi olmayan yolverilməz təcavüz aktıdır".
O, Azərbaycan xalqına səmimi dəstəyini və həmrəyliyini bildirdiyini deyib:
"Zərər çəkmiş vətəndaşların tezliklə sağalmasını arzulayıram, beynəlxalq ictimaiyyəti bu hərəkətlərə aydın qiymət verməyə və sabitliyin pozulmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırıram. Biz sülhün və əmin-amanlığın müdafiəsində azərbaycanlı dostlarımızın yanndayıq".
Hakim partiyanın digər deputatı Valeri Kolyux qeyd edib ki, İran bu dəfə zərbə ardıcıl olaraq neytrallığa sadiq qalan ölkəyə - Azərbaycana endirib:
"Naxçıvan Muxtar Respublikasının ərazisində pilotsuz uçuş aparatlarının tətbiqi faktiki olaraq dinc sakinlərin həyatına, sağlamlığına və təhlükəsizliyinə birbaşa təhlükə yaradıb.
Mən Cənubi Qafqazı növbəti münaqişəyə cəlb etmək cəhdlərindən ciddi narahatam. Bu, onsuz da son dərəcə həssas regiondur. Beynəlxalq ictimaiyyət bu cür zərbələri lazımi qiymət vermədən cavabsız qoymamalıdır".
Bununla belə V. Kolyux vurğulayıb ki, Azərbaycan regionda döyüş qabiliyyəti yüksək olan və müasir silahlarla təchiz olunmuş Silahlı Qüvvələrdən birinə malikdir:
"Əminəm ki, ölkə öz suverenliyini qorumağa qadirdir. Ukrayna, öz növbəsində, İran PUA-larına qarşı mübarizədə əhəmiyyətli praktiki təcrübə toplayıb və əgər ehtiyac yaranarsa, təcrübəsini bölüşməyə hazırdır".