İran tərəfindən Naxçıvan aeroportu istiqamətinə və məktəb yaxınlığına atılan raket zərbəsi regionda təhlükəsizlik məsələlərini gündəmə gətirib. Belə hadisələr təkcə hərbi və siyasi deyil, həm də ciddi iqtisadi nəticələr yarada bilər.
Məlumdur ki, bir ölkənin təhlükəsizlik imici zədələnəndə bunun təsiri ilk növbədə turizm və xidmət sektorunda hiss olunur. Məsələn, dünyanın ən təhlükəsiz şəhərlərindən biri hesab olunan Dubayda İranın hücumundan sonra daşınmaz əmlak bazarında qiymətlərin təxminən 35 faizədək dəyər itirdiyi qeyd olunur.
Bu baxımdan, İran tərəfindən atılan raketin Azərbaycan iqtisadiyyatına da zərər vurma ehtimalı var. Çünki təhlükəsizlik imicinin zədələnməsi turist axınının azalmasına səbəb ola bilər. Bu isə otel biznesindən tutmuş restoranlara, nəqliyyat xidmətlərindən taksi fəaliyyətinə qədər bir çox sahəyə təsir edir.
Regionda hərbi gərginliklər turist axınını nə qədər tez və hansı miqyasda azalda bilir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib:

“Təəssüf hissi ilə xəbər aldıq ki, artıq Azərbaycan ərazisinə də hansısa səbəbdən raket zərbəsi düşüb. Bunun nəticəsində müəyyən dağıntılar olub. Regionda bu dalğalanmalar Azərbaycana ciddi təsir göstərir. Bu, həm siyasi, həm də iqtisadi müstəvidə gərginlik yaradır”.
“Nəzərə almalıyıq ki, dünya turisti buranı region olaraq görür və yaxın qonşu ölkələrdə baş verən hadisələr Azərbaycan bazarına da ciddi təsir göstərir”, – deyə C. Aşurov əlavə edib.
“Turizm nöqteyi nəzərdən hər hansısa bir bölgədə gərginlik olarsa, bu, bütün ətraf regionlara təsir edir. Həmin istiqamətə də turist gedişləri, səyahətlər dayanır” — deyə ekspert qeyd edib.
Turistlərin azalmasından bəhs edən ekspert vurğulayıb:
“Hal-hazırda müharibə başladığı dövrdən otellərdə müəyyən rezervasiyaların dayandığını, vaxtının dəyişdirildiyini, səyahətlərin azaldığını hiss edirik. Hətta işgüzar səfərə gəlmək istəyənlər də müəyyən gözləmə mövqeyində səfərlərini sonraya salırlar, yaxud da da dayandırırlar”.
“Belə hadisələrdə həssas olan turizm sektoru daha çox təsirlənir. Çünki digər istehsalat sahələri işləyərkən, turizm sektorunda turist yoxdursa, hər hansısa bir canlanmadan, hərəkətdən söhbət gedə bilməz. Çünki xarici mətbuatda da bu hadisələrin işıqlandırılması əlbəttə ki, bura gəlmək istəyən turistləri paralel olaraq da məlumatlandırır və onları səfərlərindən çəkimdirmiş olur. Ona görə də ümid edirik ki, bu məsələlər tezliklə həllini tapar. Ölkəyə gələn turistlərin azalması əlbəttə ki, otel doluluğuna, restoranların, ictimai iaşə müəssisələrinin dövriyyələrinə ciddi şəkildə öz təsiri göstərir. Biz bunu COVID dönəmində də yaşadıq. Ümid edirik ki, müharibələr çox da uzanmaz və bölgədə tezliklə sülh olar” – deyə ekspert sonda vurğulayıb.
Dəniz Pənahova
KONKRET.az