AZ

İran: qorxaqlığın, rəzilliyin və acizliyin təcəssümü...

Naxçıvana dron hücumu Tehran rejiminin növbəti terror aktıdır

Xəbər verildiyi kimi, dünən Naxçıvan şəhərinə İranın dron hücumları olub. Beynəlxalq Hava Limanı dron zərbəsinə məruz qalıb. Zərbə nəticəsində hava limanı terminalının daxilində dağıntıların olduğu, tavan konstruksiyalarının və şüşələrin zədələndiyi bildirilir. Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Eyni zamanda, baş verən hadisədən sonra Bakıdan Naxçıvana uçuş ləğv edilib.

Bundan başqa, İran ərazisindən uçan dronlardan biri Naxçıvan Muxtar Respublikasının Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

KİV-lərin məlumatına görə, hücum uzaq mənzilli “Arash-2” kamikadze PUA vasitəsilə həyata keçirilib. Bu dron uzaq məsafədə yerləşən strateji hədəfləri vurmaq üçün nəzərdə tutulub.

Rəsmi mövqe açıqlandı...

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, martın 5-də edilən hücum zamanı bir ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. “Hava Limanının binasına zərər dəyməsi və mülki şəxslərin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik.

Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. Bəyanatda İran İslam Respublikasının qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsi, buna izahat verməsi və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməsi tələb olunub. “Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, İranın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim edilib.

MN: “hücum aktları cavabsız qalmayacaq”

Müdafiə Nazirliyinin yaydığı məlumatda isə bildirilib ki, pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır. Qeyd olunub ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir.

Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. “Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirləri hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq”, - deyə Müdafiə Nazirliyindən bildirilib.

Nazirlikdən, həmçinin bildirilib: İran İslam Respublikası silahlı qüvvələrinin Baş qərargahının İranın bütün ölkələrin, xüsusən də müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşdığını bəyan etməsi və bu xüsusda İran tərəfindən Azərbaycana qarşı pilotsuz uçuş aparatları ilə bu gün törədilmiş hücumları təkzib etməsi heç bir halda məqbul sayıla bilməz.

Məlumata görə, texniki vasitələrlə təsbit edilib ki, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hucum aktlarını törətmək üçün yönləndirilib, onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb. Orta məktəb binasını hədəfə alan pilotsuz uçuş aparatı xoşbəxtlikdən hədəfə yetişməyib, məktəbin yaxınlığında yerə çırpılaraq partlayıb.

“Qeyd olunanları nəzərə alaraq, İran İslam Respublikasının silahlı qüvvələrindən aşkar inkarçılığa son qoymağı, baş vermiş hadisəyə görə üzrxahlıq ifadə etməyi və İranın aidiyyatı qurumları tərəfindən günahkarların cəzalandırılmasını gözləyirik”.

Humanizmin qarşılığında xain hücum...

Qeyd edək ki, İranın atdığı bu addımın yalnız bir adı var - xain hücum. Azərbaycanın bu ölkəyə qarşı nümayiş etdirdiyi yüksək qonşuluq münasibətinin, hörmətin qarşılığını rəsmi Tehran beləmi verir? Qarşıdurma başlanan gündən, yəni fevralın 28-dən Azərbaycan özünün rəsmi mövqeyini ortaya qoyaraq tərəfləri sülhə, dinc danışıqlara dəvət edib, məsələnin qeyri-zorakı yollarla həllini dəstəklədiyini bəyan edib. İranın Ali Dini Lideri Əli Xameneinin öldürülməsi ilə bağlı Azərbaycan Prezidenti İranın dövlət başçısı məsud Pezeşkiana başsağlığı verib. Ardından isə Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb. Bu humanizmin, bu yüksək davranışın qarşılığında İranın Azərbaycan torpaqlarına dron hücumu həyata keçirməsi xəyanətin, rəzilliyin və çirkinliyin təcəssümüdür. Diqqətə çatdırmaq lazımdır ki, Azərbaycan İrandan fərqli olaraq hər zaman qonşuluq məsələsinə həssas yanaşıb - Bakı hər zaman bəyan edib ki, bizim ərazilərimizdən İrana qarşı hücumda istifadə edilməyib, edilməyəcək də. Amma 44 günlük müharibə dövründə İranın Azərbaycan əsgərinin yolunu kəsməyə çalışması heç kimin yaddaşından silinməyib. Bu qədər yaxşılığın, bu qədər humanizmin və bu qədər də alicənablığın qarşılığında İranın bu kimi “özünəlayiq”, “adınalayiq” vəhşiliyə, çirkinliyə əl atması anlaşılan deyil. Budurmu bizə təşəkkür?...

Azərbaycan adı Tehranı niyə narahat edir?

Azərbaycanın rəsmi mövqeyində də əks olunduğu kimi, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Nankorluğun, riyakarlığın göstərici kimi qiymətləndirilən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi İran rejiminin qorxaqlığının və acizliyinin əksidir - mülki infrastruktura dron hücumu təşkil etmək, məktəbə, hava limanına dron zərbəsi endirmək, mülki insanları hədəfə almaq başqa adla adlandırıla bilməz. Bu addımla İran heç bir şey qazanmadı -amma itirdikləri çox şey ola bilər. Çünki bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və birbaşa regionda gərginliyin artmasına xidmət edir.

Riyakarlıqdan başqa ad verilməyəcək bu addım Azərbaycanın humanist davranışlarının qarşılığında atılıb - Bakı dar gündə həmişə qonşularına dəstək olub. Bunu misallarla da sübut etmək olar - Azərbaycan bütün münaqişə zonalarına, zərər çəkən ərazilərə, mülki vətəndaşlara, xüsusilə də qonşularına hər zaman dayaq olub. Azərbaycan İrana humanitar yardım göndərməyi də planlaşdırırdı - amma qarşılığında bizə qarşı bu cür nankor münasibət sərgiləndi.

İran peşman olacaq...

İranın Naxçıvana dron hücumunun bir adı var - mülki insanalara qarşı terror cəhdi. Mülki obyektin, məktəbin, mülki vətəndaşların istifadə etdiyi hava limanının hədəfə alınmasının, dinc sakinlərin hədəfə alınmasının başqa adı yoxdur - bunun bir adı var TERROR. Bu addım ilə bir daha sübut olundu ki, İran rejimi bütövlükdə azərbaycanlılara qarşı qənim kəsilib, düşmənçilik siyasəti yürüdür - Azərbaycan Respublikasına qarşı çirkin və nankor addımlar atır, öz ərazisindəki soydaşlarımızı bütün hüquqlardan məhrum edir, daim təzyiq altında saxlayır, azərbaycanlı fəallar təqib olunur, cəzalandırılır. Beləliklə, İran rejimi özünün  əsl iç üzünü ortaya qoyur.

Amma İran və onun rəhbərliyi unutmamalıdır ki, Azərbaycana hücum edənlər həmişə peşman olublar - İran da bu qorxaq əməlinə görə peşman olacaq. İran ən qısa müddətdə qeyd olunan məsələyə aydınlıq gətirməli, buna izahat verməli və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməli, öhdəlik götürməlidir. Əks halda Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq.

Üzrü qəbahətindən böyük...

İran bir daha kimliyini ortaya qoyur - ölkənin xarici işlər nazirinin müavini Kazım Qəribabadinin məsələyə münasibəti də bunun göstəricisidir. Qeyd edək ki, Naxçıvan Beynəlxalq Aeroportuna dron hücumu ilə bağlı yayılan məlumatlara münasibət bildirən XİN rəsmisi Azərbaycanın “AnewZ” kanalına açıqlamasında deyib ki, Tehran qonşu ölkələri hədəf almır və bu hadisə mütləq araşdırılmalıdır. Nazir müavini qeyd edib ki, İran yalnız düşmənlərinin hərbi bazalarının yerləşdiyi əraziləri hədəfə alır. Nazir müavininin sözlərinə görə, məsələ ilə bağlı yayılan məlumatların dəqiqliyi araşdırılmalı və hadisənin necə baş verdiyi müəyyənləşdirilməlidir.

Demək ki, bu dövlət ya yalan danışır, ya Azərbaycanı özünə düşmən sayır, ya da... Ya da onların tarixi acısı, ağrısı bitmək bilmir ki, bilmir. Azərbaycanın gücü, regiondakı mövqeyi İranı hər zaman narahat edib. Bəzən açıq büruzə verilən, bəzən gizli olan bu narahatlıq nəticə etibarı ilə bitməyib. İranın bizə qarşı davranışları heç bir zaman səmimiyyətə söykənməyib. Bu dəfə olduğu kimi...

Özbəkistan bizimlədir...

İranın ölkəmizə qarşı həyata keçirdiyi bu nankor, rəzil terror aktı dünya ictimaiyyəti tərəfindən qınanılır. Martın 5-də Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Telefon danışığı zamanı Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə İran İslam Respublikası ərazisindən dron hücumlarının narahatlıq doğurduğu bildirilib.

Britaniya həmrəy olduğunu bildirdi...

“Bu gün iki İran dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir”. Bunu isə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld özünün “X” sosial media hesabında yazıb. “Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir”, - deyə açıqlamada qeyd olunub.

Qətər pislədi...

Qətər Dövləti Azərbaycan Respublikasında hava limanının İran pilotsuz uçuş aparatları ilə vurulmasını qətiyyətlə pisləyib. Qətər XİN-in bəyanatında bildirilib ki, Türkiyənin ballistik raketlə və Azərbaycanda isə hava limanının İran PUA-ları ilə hədəf alınması düşmənçilik hərəkətləridir. Bəyanatda bu hərəkətlər təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin açıq şəkildə pozulması kimi qiymətləndirilib, həmçinin regionun təhlükəsizliyi və sabitliyi üçün birbaşa təhdid hesab edilib.

Nazirlik, həmçinin Qətər Dövlətinin Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə tam həmrəy olduğunu vurğulayıb və onların suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün gördükləri bütün tədbirləri dəstəklədiyini bildirib.

Səudiyyə Ərəbistanı: bu, beynəlxalq normalara zidd olan düşmənçilik davranışıdır

Səudiyyə Ərəbistanı da İranın Türkiyə Respublikasını və Azərbaycan Respublikasını hədəf almağa cəhd etməsini qətiyyətlə pisləyib və bunu kəskin şəkildə qınayıb. Ölkə XİN-i bu cür cəhdləri beynəlxalq qanunlara və qəbul olunmuş beynəlxalq normalara zidd olan düşmənçilik davranışı adlandırıb. Nazirlik bəyanatında vurğulayıb ki, hər iki ölkəyə qarşı edilən bu qorxaq cəhdlər heç bir halda əsaslandırıla bilməyən düşmənçilik mövqeyini göstərir. Həmçinin bildirilib ki, İranın region ölkələrinə qarşı bu cür davranışları təkrarlaması gərginliyin daha da artmasına səbəb olur və regional təhlükəsizliyi və sabitliyi təhdid edir. Bəyanatda, həmçinin Krallıq hökumətinin və xalqının Türkiyə və Azərbaycanla tam həmrəy olduğu bildirilib, hər iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnun dəstəkləndiyi bir daha vurğulanıb.

Kiyev Azərbaycanla həmrəydir

Ukraynanın Azərbaycandakı səfirliyi də İranın Naxçıvana etdiyi PUA hücumları ilə bağlı bəyanat yayaraq, bu hadisəni pisləyib. Səfirlik Azərbaycanla həmrəy olduğunu bildirib və İranın pilotsuz uçuş aparatlarının artıq qlobal səviyyədə bir terror alətinə çevrildiyini vurğulayıb.

Ukrayna diplomatik nümayəndəliyi beynəlxalq birliyi qlobal təhlükəsizliyi sarsıdan rejimlərə qarşı mübarizəni gücləndirmək üçün birləşməyə çağırıb. Bəyanatda xüsusi olaraq qeyd edilib ki, hal-hazırda Naxçıvanın mülki infrastrukturuna zərbə endirən eyni növ dronlardan İran rejimi uzun müddətdir Ukrayna şəhərlərini, dinc əhalini və kritik infrastrukturu hədəf almaq üçün istifadə edir. “Ukrayna beynəlxalq hüquqa, ləyaqətə və insan həyatına məhəl qoymayan rejimlərin yaratdığı təhlükəni hamıdan yaxşı bilir”, - deyə mətndə vurğulanıb.

Küveyt də pislədi...

Küveyt Dövləti İranın Türkiyə Respublikasını və Azərbaycan Respublikasını hədəf almasını qətiyyətlə pisləyib və bunu sərt şəkildə qınayıb. Küveyt XİN bu cür cəhdləri beynəlxalq qanunların və BMT nizamnaməsinin açıq şəkildə pozulması hesab edir. Nazirlik, həmçinin Küveyt Dövlətinin Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə tam həmrəy olduğunu vurğulayıb və onların suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün gördükləri bütün tədbirləri dəstəklədiyini bildirib.

Pərviz SADAYOĞLU

Seçilən
93
yeniazerbaycan.com

1Mənbələr