ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Birləşmiş Ştatların yenilməzlik imici tarixinin ən böyük zədəsini alır. bölgəni qorumağı vəd edən Ağ Ev öz hərbi bazalarını qoruya bilmir
Türkiyə heç nə etmir - iki düşməni bir-birini yeyib parçalayır -məqamını gözləyir.

Namiq Bilal
Belə fikirlər səsləndirilir ki, İran ABŞ ilə razılığa gəlsəydi, müharibədən yayına bilərdi. Az ağlabatandır. Böyük Şərqin dizayn edilməsi ilə bağlı “Böyük Orta Doğu Projesi” (BOP) illər öncə qurulub, addım-addım həyata keçirilir. İranın parçalanması da bu plan çərçivəsindədir.
Prezidentlər, baş nazirlər dəyişir, plan dəyişmir, işləyir. Bu planda Türkiyənin də onların istədiyi formada yer almasına çalışılır. Lakin hansısa planın qəbul edilməsi həmin planın yüz faiz baş tutacağı anlamına gəlmir. Zəiflər planın qurbanı olur, Türkiyə isə illərdir həmin planı tərsinə çevirir. BOP-un dağıtdığı Liviyanı, Suriyanı və İraqı Türkiyə məşəqqətlə yığıb yenidən dövlət halına gətirir. İranı da enində-sonunda türklər dizayn edəcək.
ABŞ-İsrail cütlüyü İranı vurur. İstək İranda rejimin dəyişməsi, Qərb meyilli hakimiyyətin qurulmasıdır. Alınmadı. Müharibə uzandı və uzanacaq. Hər gün müharibə ilə bağlı brifinq verən Tramp çaşqın görünür. Birləşmiş Ştatlar heç zaman üzləşmədikləri vəziyyətlə üzləşiblər.
Sən demə, ABŞ-nin bizim Yaxın Şərq adlandırdığımız Orta Doğudakı gücü heç də sarsılmaz deyilmiş. İran amerikalıların regiondakı hərbi bazalarını viran qoyur, amerikan əsgərləri bazalardan qaçırlar. Bu bir tarixi qırılmadır. ABŞ öz bazalarını xoşluqla deyil, ağır bombardmanlar altında tərk edir. Əsgərlər ya bölgəni tərk edir, ya da otellərə köçürlər. Birləşmiş Ştatların yenilməzlik imici tarixinin ən böyük zədəsini alır. Rusityanın ardınca, ABŞ əfsanəsi də çökür. Bütün bölgəni qorumağı vəd edən Ağ Ev öz hərbi bazalarını qoruya bilmir. Amerika çətirinin altına sığınmış körfəz monarxiyaları şok vəziyyətindədir. Yenilməz Amerika yenilir.

ABŞ-nin üzləşdiyi fəlakətin ən təhlükəli tərəfi vəziyyətin çıxılmazlığıdır. Hava zərbələri ilə gərəkən nəticənin olmayacağı anlaşıldı. İllərdir 8 km eni, 40 km uzunluğu olan Qəzzanı aviazərbələrlə ram edə bilmədinsə, 90 milyonluq İranı necə dizə gətirəcəksən?
Başqa seçim də yoxdur. İrana quru qoşunu yeritmək olmazsa-olmaza çevrilir. Amma nə ABŞ-nin, nə də İsrailin İranı işğal edəcək əsgəri gücü yoxdur. Kürdləri növbəti dəfə aldadıb sahəyə sürməyə çalışırlar. Kürdlər də həvəssizdir. Növbəti dəfə də aldadılacaqlarından qorxurlar və 15-20 minlik proksi gücün İran dövlət gücünə qarşı ciddi nəticə verəcəyindən əmin deyillər.
İsrail və Amerika komandoları İraq ərazisindən İrana keçid edir, proksi güclər üçün plasdarm hazırlamağa çalışırlar. Ağır və maliyyətli prosesdir, nəticəsi də müəmmalıdır.
ABŞ İranı parçalamağa çalışır. Bu cəhdlər vəziyyəti tez zamanda düzəltməyəcək, tam tərsinə qarşıdurmanı daha da kəskinləşdirəcək. İran separatizm ocaqları ilə vuruşa-vuruşa ABŞ-nin bölgədəki bütün obyektlərini vurmağa davam edəcək.

İran üçün “islanmışın sudan nə qorxusu” prinsipi işləyir.
Birləşmiş Ştatlar üçün isə itiriləsi çox şey var. Müharibənin belə davamı Birləşmiş Ştatların dünya hegemonu statusunu baltalayır. Üstəlik, İran daha 1-2 həftə çökməzsə, Çindən, Rusiyadan, Şimali Koreyadan silah-sursat dəstəyi gələcək. İranın ayaqda qalması Çinin həyati maraqları çərçivəsindədir. Birləşmiş Ştatlar üçün isə vəziyyət tam tərsinədir. Müharibənin uzanması ABŞ fəlakətinin hər keçən gün daha da böyüməsi deməkdir.
İran Amerika ilə boğuşur, Hörmüz boğazını bağlayıb, bütün bölgəni atəşə verir. Amma özü də şiddətlə yanır. Bütün infrastruktur obyektləri dağıdılır, iqtisadiyyatı çökdürülür. Bu bir faktdır ki, xaricdən hücum qarşısında insanlarda vətənpərvərlik coşqusu yaranıb. Amma gəlin baxaq, bu coşqu illərlə davam edəcəkmi? Çətin sualdır.

İşsiz, elektriksiz, ərzaqsız qalmış 90 milyonluq xalq rejimin “sonuna qədər vuruşacağıq” qərarına uzun zaman tab gətirməyəcək. İran adlanan dövlətin əsl problemləri də o zaman başlanacaq. Rejimin resursları tükəndikcə milyonlar üzərindəki nəzarəti də itəcək. Əsl, köklü separatizm məhz o zaman ayaq tutacaq.
Qayıdaq BOP planına və Türkiyənin bu plana qarşı mübarizəsinə. BOP İrana yetişdi, projenin İran mərhələsi Türkiyə üçün ən təhlükəli olanıdır. İran ərazisində qondarma kürd dövlətinin qurulması İsrailin planıdır və Türkiyəni qısqaca almağı hədəfləyir. Lakin son dövrlərin təcrübəsi göstərir ki, Türkiyə ona qarşı yönəlmiş həmlələri ustalıqla öz lehinə çevirir.
Böyük ehtimalla ABŞ və İsrailin İran həmləsi də eyni aqibətlə üzləşəcək.

Həm İsrailin, həm də İranın xarici siyasətlərindəki ən önəmli məsələ antitürk siyasətidir. Bu barədə çox yazılıb. Bəs indi nə baş verir? Türkiyəni hədəf taxtasına oturtmağa çalışan iki dövlət bir-birinə qarşı ölüm-dirim mübarizəsinə girişib. Türkiyə heç nə etmir, amma iki düşməni bir-birini yeyib parçalayır. Ankara seyr edir, məqamını gözləyir.
ABŞ-də Senata və Konqresə aralıq seçkiləri var. Tramp həmin seçkilərə hansısa müsbət baqajla getməlidir. Müharibənin uzanması, ABŞ bazalarının yerlə-yeksan edilməsi, çoxsaylı əsgər ölümləri onsuz da ürəkaçan olmayan vəziyyətdə olan Trampı daha da ağır duruma sala bilər.
Deməli, Tramp “Xameneini öldürdüm, İranın nüvə və raket potensialını dağıtdım” deyib, qalib ədası ilə oyundan çəkilə bilər. Həmin ana qədər İranın hərbi və iqtisadi potensialı sürətlə tükənməyə davam edəcək.
İsrail isə belə yüksək templi müharibəni uzun müddət sürdürə bilməz. O da tükənir. Müharibənin davamı tərəflərin hamısını tükəndirir.

Türkiyə isə izləyir, məqamını gözləyir. Həmin məqam yetişəndə Türkiyənin növbəti “anti-BOP” planı işə düşəcək. Bu işdə Ankaranın arxalanacağı güc 40-45 milyonluq İran türkləridir. Türkiyə Cümhuriyyəti öz gələcəyi və türk millətlərinin gələcəyi naminə gərəkən addımları atmalı olacaq.
Bu o deməkdir ki, tükənmiş, mərkəzdənqaçma hərəkatlarının başlandığı dövrdə İran coğrafiyasını Türkiyə və türklər şəkilləndirəcək. Bu bir tarixi fürsətdir və türklərin bu fürsəti itirmək şansları yoxdur.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.