Yaxın Şərqdə müharibə davam edərkən, Ağ Evdə bir araya gələn keşişlər ABŞ Prezidenti Donald Tramp üçün Oval kabinetdə kollektiv dua ediblər.
Heftelik.az xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan Yaxın Şərqdəki müharibə davam edərkən, Ağ Evdən diqqətçəkən görüntülər yayılıb. Ölkənin müxtəlif bölgələrindən gələn evangelist keşişlər ABŞ Prezidenti Donald Tramp üçün Oval kabinetdə kollektiv dua ediblər.
Görüntülər Ağ Evin aparat rəhbərinin müavini Den Skavino tərəfindən paylaşılıb və qısa müddətdə dünya mətbuatının manşetlərinə çıxıb.
Görüşdə evangelist dairələrdə tanınan şəxslər – Robert Ceffress, Samuel Rodriges və tarixçi Devid Barton da iştirak ediblər.
Keşiş Ceffress daha sonra verdiyi açıqlamada prezident üçün dua etməyin onun üçün şərəf olduğunu bildirib. Digər bəzi dini liderlər isə görüşü “inanılmaz bir gün” və milli liderlik üçün dua etmək baxımından mənalı bir an kimi qiymətləndiriblər.
Görüntülərdə keşişlərin gözləri bağlı şəkildə dua edən Trampın ətrafında toplaşdığı və bəzi din xadimlərinin dua zamanı əllərini onun üzərinə qoyduğu görünür.
Görüş zamanı keşişlər Trampın ölkəni idarə edərkən rəhbərlik, müdriklik və qorunma tapması üçün dua ediblər.
“Prezidentimizə güc verməsi üçün dua edirik”
Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsinin yerləşdiyi Palm-Biç şəhərindən olan keşiş Tom Mallins dua zamanı belə deyib:
“Onun üzərinə mərhəmətini və qorumanı diləyirəm. Əsgərlərimizin və silahlı qüvvələrimizdə xidmət edən bütün kişi və qadınların üzərinə də mərhəmətini və qorumanı diləyirəm. Ata, həmçinin ölkəmizi Tanrının himayəsi altında vahid bir millət kimi birləşdirmək üçün prezidentimizə lazım olan gücü verməyə davam etməyin üçün dua edirik.”
Bildirilib ki, görüş Ağ Evin Din İşləri Ofisinin iştirakı ilə təşkil olunub. Tədbir zamanı dini liderlər Tanrıdan Trampa müdriklik verməsini, onu təhlükələrdən qorumasını və inanc əsaslı dəyərlərə söykənən siyasətlərin həyata keçirilməsində ona yardım etməsini istəyiblər.