Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarına dəstək məqsədi daşıyan “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” layihəsi və “Həvəsləndirmə mükafatları” müsabiqəsi ilə bağlı növbəti məlumatlandırma görüşü Sumqayıtda keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, KOBİA, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, “Məşğulluğa Dəstək Layihəsi” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın nümayəndələri, özünüməşğulluq proqramı benefisiarları iştirak ediblər.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Sumqayıtda məşğulluq məsələlərinin həlli istiqamətində ciddi işlər görüldüyünü, özünüməşğulluq proqramının, o cümlədən “Məşğulluğa Dəstək Layihəsi”nin əhəmiyyətini vurğulayıb. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev layihə barədə məlumat verib, özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstək olan “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarına əlavə dəstək tədbirlərini qeyd edib.
Görüşdə bildirilib ki, “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” layihəsi “Məşğulluğa Dəstək Layihəsi” üzrə qurduğu kiçik biznesə işçi qəbul edən benefisiarları əhatə edir. Belə ki, onların işə qəbul etdikləri işçilərin əməkhaqlarının, habelə bununla bağlı işəgötürən və işçi tərəfindən ödənilməli olan vergi və digər sosial ayırmaların ilk 3 ayda tam məbləği, növbəti 3 ayda isə 50 faizi “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcək.
Daha sonra çıxış edən benefisiarlar – Gülyanə Abbasova, Elşən Babayev və Elçin Babayev özünüməşğulluq proqramı çərçivəsində öz kiçik bizneslərini tam formalaşdırdıqlarını, hətta genişləndirərək əlavə işçi götürdüklərini, “Əməkhaqqının birgə maliyyələşdirilməsi” mexanizmindən və “Həvəsləndirmə mükafatları” müsabiqəsindən faydalandıqlarını bildiriblər.
Benefisiarlar qeyd edilən layihə və müsabiqəyə müraciət qaydaları barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Bu qəbildən olan ilk tədbir Qubada keçirilib və digər bölgələrdə də təşkil edilməsi planlaşdırılır.