Bir həftədir başına od yağan, paytaxtının səması bombalardan aşsüzənə dönən, 37 ildir başında dayanan dini lideri ilə təhlükəsizlik səbəbindən hələ də vida mərasimi keçirib, onu dəfn edə bilməyən İran…bu dəfə də Azərbaycanı hədəfə aldı. Özü də Azərbaycanın bir qərinədən çoxdur blokadada qalan bölgəsini, Kərbəla çölündə köməksiz qalan məsumlara bənzəyən Naxçıvanı…

Naxçıvan Muxtar Respublikasının yüz minlərlə əhalisi Ermənistanın işğalından nə zülmlər çəkib, bunu İranda çox yaxşı bilirlər. Çünki İran rejimi bu blokadanın barını, bəhrəsini çox görüb. Azərbaycanın əsas hissəsi ilə quru rabitəsinin kəsilməsindən sonrakı illərdə İran öz ərazisindən Naxçıvana gediş-gəliş imkanları yaratmaqla, tranzit ölkə funksiyasını yerinə yetirməklə sanki “xilaskar” obrazında görünməyə cəhd göstərib hər zaman. Amma heç zaman düşünməyib ki, bunun da bir sonu olmalıdır, Azərbaycan özünün böyük bir bölgəsi ilə əlaqəsini həm də beynəlxalq hüquqa əsasən, qurmalıdır. Lakin Ermənistan üçün işğal illərində “nəfəslik” - eks-prezident Levon Ter Petrosyanın ifadəsi ilə desək – rolunu oynayan İran İslam Respublikasının rəhbərliyi nə etdi: Zəngəzur dəhlizini özünün “qırmızı xətti” elan elədi, “imkan verməyəcəyik”, dedi. Yüz minlərlə müsəlmanın, Azərbaycanın yolunu kəsməkdən fəxarət duydu bu rejim. İslam, müsəlmanlıq budurmu?!

Diqqət edin, İran dronlarının ilk hədəfi Naxçıvan Beynəlxalq Hava Limanı olub. Naxçıvanlılar üçün nicat yoludur bu marşrut. Onun hədəfə alınmasının başqa yozumu yoxdur: İran istəyir ki, Naxçıvanın tam izolyasiyasına nail olsun. 30 il ərzində bu missiyanı işğalçı Ermənistan icra edirdi, elə fars şovinistlərinin dəstəyi sayəsində. Amma bu gün münasibətlər tamam fərqli məcrada inkişaf edib. Hətta o dərəcədə ki, Ermənistan XİN-in başçısı Ararat Mirzoyan İranın Naxçıvanı hədəfə alması ilə əlaqədar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova telefon açır, vəziyyəti müzakirə edir. İran rejimi görür ki, müstəqilliyini həzm edə bilmədiyi – həm Cümhuriyyət dövründə, həm də indi – Azərbaycan Respublikası Ermənistanı da Dəmir Yumruqla islah etməyə nail oldu, paraflanmış sülh sənədinin imzalanmasından ötrü sonuncu maneə - Ermənistanın ərazi iddiaları da ortadan qaldırılacaq, ona görə də çaşqınlıq içində ətrafa dronlar səpələyir, ortalığı qarışdırsın. Yeri gəlmişkən, maraqlıdır, Azərbaycana, Türkiyəyə, hətta Gürcüstana ərazi iddiaları irəli sürən, Ermənistan nə səbəbə nəinki Konstitusiya və normativ hüquqi aktlarla, hətta şifahi şəkildə də İrana qarşı ərazi iddiaları ilə çıxış etməyib bu günədək, heç indiyədək bu barədə düşünmüsünüzmü? Axı Türkiyənin Ağrı dağından gerb düzəldən, qardaş ölkəmizin 6 vilayətinə iddia edən Ermənistan məntiqlə Ağrının o tərəfindəki İrana - əslində, Cənubi Azərbaycan ərazilərinə də iddia irəli sürməli idi.
Səbəbi aydındır, İran hər zaman Ermənistan üçün “ilana zəhər verən” rolunda oynayıb. İşğal illərində şəhər və kəndlərimizin sökülüb, materialının Araz üzərindən daşınmasını, sərvətlərimizin yağmalanmasını, Qarabağdakı cinayətkar rejimə dəstək verilməsini xatırlamaq kifayət edərdi. Ermənistanın 60-dan çox məscidimizi təkcə Qarabağda – hələ Qərbi Azərbaycanda, Ermənistanda darmadağın edilən məscidləri, qəbiristanlıqları bir kənara qoyaq – yer üzündən silən Ermənistana və Qarabağ separatçılarına Ermənistanın hər cür dəstək verməsi də unudulmayacaq. Özünü müsəlman dövləti adlandıran İran Ermənistanın bu qədər vandal siyasətinin qarşılığında Şuşadakı Yuxarı Gövhərağa məscidinin İran şirkəti tərəfindən “təmir” adı ilə farslaşdırılması üçün hərəkətə keçmiş, iblisanə əmələ qol qoymuşdu. 44 günlük Vətən müharibəsində ordumuzun yolunu kəsən, Arazın o tayına ordu cəmləyib, hərbə-zorba gələn ölkənin hərbi və siyasi rəhbərliyi Azərbaycanın İrandakı səfirliyində terror aktı həyata keçirməyə qədər ağır cinayətlərə yol verdilər. Dövlətimiz təmkinli siyasət yürütməklə bərabər, dik duruşunu saxladı, qətiyyətli mövqeyini ortaya qoydu, cinayətkarın cəzalandırılmasında israr etdi və sonda buna nail oldu. Biz dedik keçmişlərdə qalmayaq, kin-küdurəti bir kənara qoyaq, normal qonşuluq münasibətinin bərqərar olmasından ötrü əlimizdən gələni etdik. Amma Azərbaycan dövlətinin bunca humanist siyasətini qiymətləndirə bilmədilər, ötənlər İran rejiminə dərs olmadı.
Naxçıvan Muxtar Respublikasının hava limanının, onun terminal binasının, həmçinin orta məktəbin, digər ərazilərin dron hücumuna məruz qalmasına heç nə ilə bəraət qazandırmaq olmaz! Dinc insanlarımızın yaralanması, böyük dağıntılarla nəticələnən bu hücumu danmağa yönəlik mövqelər də qəbulolunmazdır!

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı hər birimizin ürəyindən tikan çıxaran mövqeyini ifadə etdi, tələblərini irəli sürdü: “Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”. İran səbrimizi daşırıb daha. Ölkə başçısının dedi kimi, “birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir”. Nə qədər təmkinli davranmaq olar? Nə qədər “gəlin, mehriban qonşuluq şəraitində yaşayaq”, demək olar? Biz bal deyirik, İran rejimi “zəhərdir” söyləyir və “Səhər”dən zəhərli, üfunətli qoxular püskürdür. Özü də Azərbaycan dilində, həm Güneydəki, həm də Quzeydəki azərbaycanlıların beynini zəhərləməkdən ötrü…
Heç nə unudulmur, heç kim yaddan çıxmır…
30 iyul 2024-cü ilin Tehran görüşünü xatırladaq: İranın keçmiş ali dini rəhbəri Ayətullah Xameneyi yeni seçilmiş prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirakı etmək üçün İrana gedən Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə demişdi ki, onlar Zəngəzur marşrutunun əleyhinədirlər. Sitat “İran İslam Respublikası Zəngəzur marşrutunu Ermənistanın ziyanına hesab edir və bu mövqeyində qalmaqdadır”.

Bir il sonra, 2025-ci ilin 12 iyununda isə İranın dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli formatda razılaşmalarından həyəcanlanaraq demişdi ki, “İran Zəngəzur dəhlizinin açılışına mane olub”. İddia etmişdi ki, guya İran dəhlizə mane olmaqla Ermənistanı parçalanmaqdan və İranın Avropa ilə əlaqəsini kəsilməkdən xilas edib. Sitat: “Bəzi ölkələr Zəngəzur dəhlizi adı ilə Ermənistan vasitəsilə Naxçıvanı və Azərbaycanı birləşdirməyə cəhd etdikləri zaman İran bu planın qarşısında dayandı və bu təxribatı zərərsizləşdirdi”.
Müşaviri, bombardmanlar nəticəsində öldürülən Əli Şamxani də vaxtaşırı “Zəngəzur dəhlizinin açılmasına biz imkan vermədik”, məzmunlu absurd iddialarla çıxış edirdi və Vaşinqtonda Zəngəzur dəhlizi – Tramp marşrutu ilə bağlı razılaşmadan sonra açıq şəkildə havalanmışdı. SEPAH generallarından da dəfələrlə Zəngəzur və “qırmızı xətt” barədə nağıllar eşitmişik. Hətta Zəngəzur dəhlizinin qarşısını almaqdan ötrü İranın Qafanda, suvağı qurumamış tikilidə baş konsulluq açması da Tehranın canfəşanlığının bir epizodu idi. Ancaq bütün bu cəhdlər nəticəsiz qaldı və Azərbaycan Prezidenti əminliklə bildirdi ki, Zəngəzur dəhlizi açılacaq. Hətta bir müddət öncə bu barədə sualları cavablandırarkən belə demişdi: “Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq”. Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin açılacağını qətiyyətli şəkildə dəfələrlə bəyan edib. Bunu həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında sərbəst gediş-gəliş marşrutu olaraq dəyərləndirmiş, beynəlxalq hüquqa istinad edərək Naxçıvan əhalisinin blokadadan çıxarılması üçün bu işin başa çatdırılmalı olduğunda qətiyyətli mövqe sərgiləyib. İran rejimi dəfələrlə “neynirsiniz Zəngəzur dəhlizini, elə Culfa yolu, digər marşrutlarla biz sizə gediş-gəliş imkanı yaradarıq”, deyərək hiyləgər təşəbbüslərlə çıxış edib. Amma Azərbaycan özünün prinsipial mövqeyindən dönməyib. Üstəlik, İranla normal əməkdaşlığa sadiq qaldığını növbəti dəfə nümayiş etdirərək, Araz marşrutu ilə bağlı razılığa gəlib. Yeri gəlmişkən, Araz üzərində tikilən, Ağbənd-Kəlalə körpüsünün də açılışı elə bu ay reallaşmalı idi, rejim aranı qarışdırdı.

Artıq heç bir şübhə yeri qalmır ki, Naxçıvana dron hücumu həm də Zəngəzur dəhlizinə hücumdur. Ötən ay ABŞ-nin vitse-prezidenti Vens Azərbaycan və Ermənistana səfər etdi, həmçinin amerikalı iş adamları da Zəngəzur dəhlizi ilə bağlı hərəkətə keçiblər. Azərbaycan dəhlizin tikintisini yay aylarında yekunlaşdıracaq. Ermənistan rəhbərliyi də 43 km-lik ərazidə tikintilərə 2026-cı ilin iyunundan başlamaq niyyətindədir. Həm Türkiyə ərazisində, həm də Naxçıvan Muxtar Respublikasında dəhlizin digər hissələrində tikinti plan üzrə davam edir. İran rejimi baxır ki, “Zəngəzur dəhlizinə biz imkan vermədik”, “Zəngəzur qırmızı xəttimizdi” bəyanatları nağıla dönüb, ona görə aqressivləşib. Hesab ediblər ki, Naxçıvanı hədəfə almaqla istədiklərinə nail olacaqlar: bununla Avropa və Asiya arasındakı marşrutu arxivə göndərəcəklərini, Turan yolunu qapadacaqlarını, üstəlik, Ermənistanın əldən çıxmasına imkan verməyəcəklərini zənn ediblər. Həm də Azərbaycanı çəkindirmək məqsədi daşıyıb bu xain hücum. Hesab edirlər ki, Azərbaycan terror təhdidindən çəkinib, İran marşrutlarına “sadiq qalacaq”. Yanılıblar. Anlamalıdırlar ki, Azərbaycan dövləti bir ölkənin rəhbərinin ölümü ilə əlaqədar ehtiramını ifadə edibsə, bu, o Liderin, dövlətin, xalqın böyüklüyünün nümunəsidir, kimsədən çəkinməyin əlaməti deyil. İstədikləri bu nəticə idisə, aldılar cavablarını! Prezident İlham Əliyevin nankorlara ünvanlı xəbərdarlıqlarını bir daha xatırladaq: “Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi. Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar…
Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək”.
Dövlət, Lider qətiyyəti bəs eləməsə, davamı da gələcək, şübhələri olmasın!