AZ

Üzeyir və Ceyhun Hacıbəylilər Solmaz Rüstəmova Tohidi yazır

ain.az, 525.az portalına istinadən məlumat verir.

Solmaz Rüstəmova-TOHİDİTarix elmləri doktoru, professor

(Əvvəli ötən saylarımızda)

1940-cı ilin 24 sentyabrında, II Dünya müharibəsinin artıq Avropa ölkələrini ard-arda işğal etdiyi bir zamanda Üzeyir bəy Hacıbəyova Parisdən, Zeynəb adlı bir qadından məktub gəlir. Artıq neçə illərdir əlaqə saxlaya bilmədiyi qardaşı Ceyhunun ailəsində baş vermiş fəlakətdən bəhs edilən bu məktubdan aydın olur ki, yaxınları tərəfindən əzizləyici tərzdə "Ceyçik" çağırılan, Ceyhun bəyin öz adını verdiyi 22 yaşlı böyük oğlu Fontenblo artilleriya məktəbinin kursantı kimi Fransa ordusunda xidmət edərkən almanların Puatye şəhərinə hava hücumu nəticəsində həlak olub.

Ceyhun bəyin yoldaşı Zöhrə xanımdan aldığı iki məktub əsasında yazılan, baş vermiş hadisə və Ceyhun Hacıbəylinin özünün və ailə üzvlərinin çox ağır fiziki-mənəvi durumu təfsilatı ilə təsvir edilən bu məktubun sonunda Zeynəb xanım Üzeyir bəyə başsağlığı verməklə, ona həm də Zöhrə xanımın xahişini çatdırır: "Vətənə yazmağa səy edin, Bizə təcili kömək lazımdır, sonra gec olacaq..." 

Üzeyir bəyə Fransadan gələn ikinci, 25 sentyabr tarixində yazılmış və "sizin bədbəxt Zorya" kimi imzalanmış məktubda həmin ağır xəbər təsdiqlənir. Zöhrə xanım özü baş verən faciədən ətraflı söz açır, "nə qədər əziyyətlə böyütdükləri", hüquq fakültəsini bitirmiş, doktorluq işini hazırlayan oğlunun fransız olmadığı halda, yerli qanunlara görə hərbi xidmətə çağırıldığını və 1940-cı il iyunun 19-da Puatye şəhərində səngər qazarkən - "bizim üçün dəhşətli olan bu qırğında günahsız yerə həlak olduğunu" bildirir. Məlum olur ki, Sarbonna universitetinin fəlsəfə fakültəsini bitirən və eyni zamanda heykəltaraşlıq üzrə İncəsənət məktəbində oxuyan kiçik oğul Timuçini də eyni aqibətdən Fransa ilə Almaniya arasında 22 iyun 1940-cı il tarixdə Barışıq sazişinin imzalanması xilas etmişdir. Zöhrə xanım Ceyhunun indiki vəziyyətində ona ümid bağlamağın qeyri mümkünlüyünü vurğulamaqla, Üzeyir bəydən "buraya gəlib bizi Vətənə aparana qədər" maddi köməklik istəyir və çox mühüm bir etiraf edir: "Vətəni tərk etdiyimizə görə çox peşmanıq".

Üzeyir bəy bu məktuba düz bir il yarımdan sonra cavab verir! Və 4 mart 1942-ci il tarixli bu cavab məktubunun bütün məzmunundan göründüyü kimi, aradakı bu uzun fasilə heç də Üzeyir bəyin özündən asılı deyilmiş. Həmin məktubun mətninin iki - Azərbaycan (ərəb əlifbası ilə) və rus dillərində, bir neçə nüsxədə yazılması, əlyazmalarda xeyli düzəlişlər, ixtisarlar edilməsi, mümkündür ki, onun hətta ilkin variantının da kənar şəxslər tərəfindən redaktə olunması açıq-aydın bu "cavab" üçün uzun müddət razılıq gözlənildiyindən və onun nəzarət altında yazıldığından xəbər verir. Əslində Üzeyir bəy özü də rəsmi orqanların bu işə qarışdığını gizlətmir.

Üzeyir bəy və Məleykə xanım (Parisdən gələn məktublardan yalnız o xəbərdar edilib) 9 aylığında vidalaşdıqları, lakin məktublar vasitəsilə daim xəbər tutub çox sevdikləri "Ceycikin" - "gələcəyinə böyük ümidlər bəslədikləri" gənc Ceyhunun - faciəli ölümündən həqiqətən bərk sarsılmışlar. Lakin bu sarsıntı, əlbəttə, həmin ağır xəbəri il yarım ərzində qohum-qardaşa bildirməmək üçün, Üzeyir bəyin göstərdiyi kimi, əsas "səbəb" ola bilməzdi. Adəti üzrə "Nuri didə" adlandırdığı Ceyhuna il yarımdan sonra yazdığı cavabın və maddi köməkliyin gecikməyini də Üzeyir bəy "beynəlmiləl vəziyyət" və öz məktubu ilə qardaşına "bir ziyan" dəyəcəyindən ehtiyatlandığı ilə izah etsə də, sonrakı sətirlər bu məsələ ilə bağlı əsl həqiqəti açıqlayır.

Təbii ki, uzun illər sərt totalitar rejimin hakim olduğu bir ölkədə, həm də müharibə şəraitində Üzeyir bəy müvafiq rəsmi orqanlardan xəbərsiz xaricdən məktub ala, xüsusilə ona cavab yazıb, siyasi mühacir olan qardaşına hər hansı maddi köməklik edə bilməzdi. Odur ki, nəhayət, il yarımdan sonra, Üzeyir bəyin qardaşına "təsəlli vermək üçün" axtardığı "əlacın tapıldığını" qeyd etməsi başa düşüləndir, hərçənd məktubun qaralamasında bu sətirlərin üstündən xətt çəkilib. Və özlüyündə aydındır ki, bu "əlacı" da Üzeyir bəy üçün rəsmi dövlət orqanları "tapıb" və əslində onun neçə illər nigarançılığına son qoyaraq həqiqətən hədsiz sevindirib: "Fəqət dünən sənin sağ və salamat olmaq xəbərin mənə yetişib son dərəcə şad oldum. Və xoşbəxtliyim onda oldu ki, sənə bir müfəssəl məktub yazıb maddi kömək yetirmək yolu dəxi mənə göstərildi: o şey ki, poçta vasitəsilə heç vəchlə mümkün degil idi, hökumətimizin köməgi ilə mümkün oldu".

Üzeyir bəyin hər iki dildə yazdığı cavab məktublarının bir neçə nüsxələri arasında Azərbaycan dilində yazılmış və üzərində böyük ixtisarlar və düzəlişlər edilmiş əlyazması ən müfəssəl hesab edilə bilər. Belə ki, məhz üstündən xətt çəkilmiş ixtisarlar hissəsindən məlum olur ki, Üzeyir bəyin məktubu və göstərdiyi maddi kömək Ceyhuna diplomatik kuryer vasitəsilə çatdırılacaq. Məktubun son, düzəliş-ixtisarlarsız variantında sadəcə "dost" adlandırılan bu şəxsin Ceyhuna onun istədiyi qədər maddi kömək edəcəyi bildirilir. Üstü qaralanan digər sətirlərdən isə bu pulun əvəzinin Üzeyir bəy tərəfindən Bakıda ödəniləcəyi və onun istənilən məbləği ödəməyə "gücü çatacağı" göstərilir, həmin köməyin birdəfəlik olmadığı da vurğulanır: "Sən onunla əlaqə saxla və dost ol, maddi cəhətdən korluq çəkmə".      

Üzeyir bəyin Azərbaycan dilində cavab məktubunun bu ilkin nüsxəsində sonrakı variantlarda bütünlüklə ixtisar edilmiş, rus dili nüsxələrində isə ümumiyyətlə, yer almamış, lakin dərin məna və informasiya yükü daşıyan bütöv bir abzas var. Üzeyir bəy qardaşının övlad itkisinə görə çəkdiyi əzabı özünün də bütün varlığı ilə hiss etdiyini bildirmək üçün ilk dəfə və heç bir başqa məktubunda söz açmadığı çox zərif bir nöqtəyə toxunur: "...hərçənd mən və Məleykə bala dərdi çəkməmişik, fəqət qohum-əqrəbanın balaları eyni bizim balalarımız yerindədir". Və bu sətirlərin ardınca Kamaldan - bacısı Sayadın nəvəsi, Camal Paşayevin böyük oğlundan, anadan olduğu vaxtdan Ceyhuna bütün məktublarında daim istəklə xatırlatdığı oğlandan söz açır: "Kamalı mən çox sevərdim və öz övladım kimi özümlə hər yerə aparardım".

Üzeyir Hacıbəyov (1940-cı illər).

Məlum olur ki, 1941-ci ilin əvvəllərində Kamalı əsgərliyə çağırıblar və müharibə başlamazdan bir ay əvvəl hətta Üzeyir bəy Məleykə xanımla birlikdə onun xidmət etdiyi "uzaq yerə" gedərək onunla görüşüblər. Müharibə başlanandan sonra isə artıq "səkkiz aydır" ki, Kamaldan xəbər yoxdur (Xidmət etdiyi Litvanın alman qoşunları tərəfindən işğalından sonra Kamalın əsir düşdüyü və Üzeyir bəyin onun xilası üçün göstərdiyi səylər Camal Paşayevlə yazışmalarda açıqlanır). Üzeyir bəy hal-hazırda bütün ailənin Kamaldan çox nigaran olduğunu vurğulamaqla bərabər, bu iki gənc arasında çox ağrılı bir müqayisə aparır: "Ancaq burasını da nəzərə alırıq ki, Kamalın başına bir iş gəlmişsə də, öz vətəninin müdafiəsi yolunda gəlmiş olur, halbuki bədbəxt Ceyçik özünü bu yolda tələf elədi... Qərəz ki, səbir və mətanəti əldən buraxmayın".

Özünün və Məleykə xanımın adından Ceyhuna, Zöhrəyə və Timuçinə "yazıq Çeyçikin vəfatı münasibətilə başsağlığı verib, səbirli və mətanətli olmağı" arzu edən və "mümkün olduğu qədər Timuçini böylə fəlakətlərdən" qorumağı tapşıran Üzeyir bəyin məktubunun bundan sonrakı səhifələri ilk baxışda öz məzmunu ilə ən azı heyrət doğurur. Belə ki, açıq-aydın rəsmi təbliğatı və ideoloji ruhu ilə fərqlənən, dövlətə və partiyaya sədaqət ifadə edilən, özünün bütün nailiyyətləri maddə-maddə sadalanan sətirlər sanki tamam başqa məqsəd daşıyır və qardaşının hər cəhətdən ağır vaxtında ona dəstək olmaq istəyindən çox-çox kənara çıxır.

Beləliklə, "Nuri didə Ceyhun! Səninlə bir qədər söhbət edib vətənimiz barəsində danışmaq istəyirəm" müraciəti ilə başlanan və şərti olaraq məktubun "ikinci" sayıla biləcək hissəsində Üzeyir bəy özünün Azərbaycanda və ümumən Sovet İttifaqında tutduğu yüksək mövqelərdən söz açır, "Lenin-Stalin partiyasının üzvü" olduğunu ayrıca vurğulayır. Maraqlıdır ki, əvvəlki dövrlərdə hər hansı siyasi təşkilata üzv olmadığına və olmaq da istəmədiyinə diqqət çəkən Üzeyir bəy bunun səbəbini o dövrün partiyalarında "nə nəzəriyyə, nə də vətənpərəstlik və insanpərvərlik olmadığı" ilə izah edir. Onların müqabilində, Üzeyir bəyə görə, bolşeviklər partiyasının nailiyyətləri, xüsusilə "Lenin-Stalin milli siyasətinin" uğurları göz qabağındadır. Nümunə olaraq "özbək, tacik, qırğız və sair "vəhşi" hesab edilən tayfaların Moskvada verilən incəsənət dekadalarını" - ongünlüklərini göstərən Üzeyir bəy bu xalqların, eləcə də Rusiyanın ən geridə qalmış millətlərinin qabağa gəlib mədəni və qabaqcıl millətlər cərgəsinə keçməsində, bu "bədbəxt millətlərin xoşbəxt olmasında" böyük rəhbər Stalinin xidmətlərini ən bəlağətli ifadələrlə tərənnüm edir.

 "Əziz Vətənim olan Azərbaycana gələndə" Üzeyir bəy qardaşına onun görmüş olduğu "qoçular Bakısından, lotu-yutular Azərbaycanından" indi bir əsər də qalmadığını bildirir: "Bu günün Sovet Azərbaycanı tam mənası ilə mədəni bir məmləkətdir və bu mədəniyyət milli forma və sosialist məzmunu ilə xarakterizə edilir ki, bu xüsusiyyət CCCP-dəki bütün millətlərin mədəniyyətinə aiddir". Məktubda SSRİ sözünü Üzeyir bəy rus abreviaturasında yazır.   

Dediklərinə sübut kimi, Üzeyir bəy əsrin əvvəllərində Azərbaycanda qadın təhsilinin vəziyyətinə toxunur, Bakıda "Tağıyev qız məktəbinin" nümunəsində tək-tək açılan və məhdud sayda qızlara təhsil verən məktəblərin fonunda hazırda qızlara sərbəst olaraq istədikləri təhsili almaq üçün ölkədə hər cür şərait yaradıldığı, hətta ali təhsil almış qadınların sayının minlərlə ölçüldüyü və onların bir çox sahələrdə mütəxəssis olduqları vurğulanır: "Cavan oğlanlarımızdan isə uşaq vaxtlarından tanış olanların bir çoxusu adlı-sanlı professorlardır".

Azərbaycanın kənd təsərrüfatı, mədəni quruculuq, incəsənət sahələrində də uğurlarını təsvir edən, "Bu gün balaca da olsa bir kənd yoxdur ki, orada məktəb, klub, radio və bu kimi mədəni təsislər olmasın" - deyən Üzeyir bəy burada çox mühüm bir məqama da toxunur: "Burası da təbiidir ki, məmləkət idarəsi namus və qeyrətlə işləyən və vətənlərini olduqca sevən azərbaycanlılara tapşırılmışdır".

Məktubun bu hissəsində diqqətəlayiq bir məqam var. Məmləkətin idarəsi tapşırılan azərbaycanlı rəhbərlər arasında Üzeyir bəy Mir Cəfər Bağırovun adını çəkir, onun partiyanın siyasi xəttini uğurla yeritdiyini, Stalinin yanında böyük hörməti olduğunu, hamının, o cümlədən Üzeyir bəyin özünün də "Mir Cəfərə hərarətli məhəbbət bəslədiyini" və hətta "qardaşlarından da artıq sevdiyini" vurğulayır. Lakin Azərbaycan dilindəki ilkin nüsxədə yer alan bütün bu abzasın üstündən Üzeyir bəyin öz əli və yazdığı mürəkkəblə deyil, qalın qırmızı karandaşla xətt çəkilmişdir  və həmin sətirlərə nə redaktə olunmuş ikinci nüsxədə, nə də rus dilində yazılmış nüsxələrdə artıq rast gəlinmir. Bu və eyni şəkildə ixtisar edilmiş digər hissələr məktubun hansısa kənar şəxs tərəfindən redaktə edildiyi ehtimalına əsas verir.

Üzeyir və Məleykə Hacıbəyovlar (1940-cı illərin əvvəlləri). 

Məktubun sonrakı vərəqlərində Sovetlər ölkəsinin və o cümlədən, Azərbaycanın görünməmiş inkişafa çatdığı bir zamanda faşist Almaniyasının qəfil və xəyanətkar hücumu nəticəsində ölkənin müharibəyə sürükləndiyi bildirilir. "Biz bu müharibəyə "Vətən müharibəsi" deyirik" - yazan Üzeyir bəy burada Qırmızı Ordunun cəbhədəki qəhrəmanlıqlarından söz açır, özü də daxil olmaqla "bütün vətən övladlarının, pionerdən tutmuş 80 yaşlı qocalara qədər son damla qanımıza qədər vətənimizin müdafiəsi yolunda" düşmənə qarşı vuruşacağına əminliyini bildirir.

Burada Üzeyir bəyin maraqlı bir "müşahidəsi" diqqəti cəlb edir: "Öz texnika və diri qüvvəsinə güvənən Hitler belə xam xəyalda idi ki, sovet ölkəsində "beşinci kolonna"ya dəxi  istinad edəcəkdir. Fəqət təbiidir ki, sovet ölkələrində "beşinci kolonna"  tapılmadı".

Beləliklə, ölkədə xəyanətkar qüvvələrin olmadığını nəzərə çatdırmaqla Üzeyir bəyin yavaş-yavaş mətləb üstünə gəldiyi aydınlaşmağa başlayır: "Bunu da sənə deməliyəm ki, sovet hökuməti öz düşmənlərini amansız bir surətdə məhv etmək əzmində olduğu kimi öz dostlarını və məmləkətə xidmət göstərənləri olduqca əzizləyir". Bu dediklərinə nümunə olaraq özünün "vətənə cüzi bir xidmət olmaq üzrə" bəstələdiyi "Koroğlu" operası Moskvada Azərbaycan incəsənətinin ongünlüyündə (1938-ci il aprel) nümayiş etdiriləndən sonra şəxsən yoldaş Stalin və sovet dövləti tərəfindən nə qədər yüksək qiymətləndirildiyini Üzeyir bəy artıq  bir-bir sadalayır.

Göstərdikləri Üzeyir bəyin həqiqətən nail və layiq olduğu mükafatlardır: Dekada günlərində azərbaycanlı nümayəndələrin şərəfinə Kremldə verilən qəbulda Stalinin Üzeyir bəyi öz yanında oturdaraq 5 saat onunla söhbət etməsindən tutmuş, ona Lenin ordeni, SSRİ Xalq artisti və "Stalin Mükafatı laureatı" adları, pul mükafatları verilməsi, SSRİ Ali Sovetinə deputat seçilməsi, şəxsən Stalinin göstərişi ilə Sov.İKP sıralarına qəbul edilməsi (namizədlik stajı keçmədən, zəmanətlər verilmədən), professor adı alması, nəhayət, yeni tikilmiş binada geniş mənzil və minik avtomobili ilə mükafatlanması - kimi məlumatlar əslində Üzeyir Hacıbəyovun Azərbaycanda uzun illər musiqi təhsilinin təşkili və inkişafı, bəstəkar yaradıcılığı, mədəni quruculuq sahəsində yorulmadan çəkdiyi zəhmətin və qazandığı uğurların, ictimai və dövlət xadimi olaraq göstərdiyi xidmətin nəticəsi idi.

Lakin özünün yüksək şöhrətə yetişdiyi Vətənində uğurlu həyatının bütün bu göstəricilərini hazırda qürbət bir ölkədə, müharibənin od-alovu içində, ailəsi ilə birlikdə böyük şəxsi faciə yaşayan və ağır fiziki, maddi və psixoloji durumda olan sevimli qardaşına çatdırmaqda məqsəd nə idi?   

10 maddədən ibarət "uğurlar" siyahısından dərhal sonra gələn sətirlər Üzeyir bəyin bu məktubunun ən pafoslu hissələrindən tutmuş bütün sətiraltı, üstüörtülü, eyham dolu məqamlarına qədər əslində geniş mənada xəbərdarlıq mahiyyəti daşıdığını göstərir.

"Burada əcnəbi məmləkətdə qohumları olanların hamısına etibar cəhətincə bir nəzərdən baxmırlar" - deyə Üzeyir bəy "yeni mövzuya" keçir. Xüsusilə müharibə zamanı belə məsələlərin daha ciddi "heysiyyət" kəsb etdiyi vurğulanandan sonra: "Sən mənim qardaşım olub da əcnəbi məmləkətdə yaşadığını burada hər kəs biliyor" - cümləsi qardaşına mətləbi artıq açıq anlatmalıdır. Bununla belə, Üzeyir bəy məsələni başqa cür qoyur: "Fəqət, bunu da yaxşı bilənlər vardır ki, Üzeyirin qardaşı Ceyhun əcnəbi məmləkətdə olsa da, heç vaxt öz vətəninə xəyanət etməz. Və heç bir vaxt istəməz ki, bu xoşbəxt vətən özgələrin ayağı altında əzilib, bədbəxt olub azadlığını itirsin və yadlara qul olsun. Çünki Ceyhunun qeyrət və namusu Üzeyirinkindən az deyildir".

Üzeyir bəyin bu sətirləri yazmasına bir səbəb, daha dəqiq deyilərsə, ona qardaşına məktub və maddi dəstək göndərməyə izn verənlərin bu narahatlığına əsas vardımı? 

Təbii ki, vardı. Rusiya monarxiyasının süqutundan sonra öz milli dövlətlərini qurmuş, daha sonra bolşevik Rusiyasının işğalı nəticəsində xaricə mühacirət etmiş və burada yenidən təşkilatlanmış keçmiş imperiyanın qeyri-rus xalqlarının siyasi qüvvələri, azərbaycanlılar da daxil, öz milli dövlətçiliyinin bərpası uğrunda davamlı mübarizə aparırdılar. Avropanın rəsmi-siyasi dairələri tərəfindən dəstəklənən siyasi mühacirlər 1930-cu illərin ortalarından başlayaraq Sovet İttifaqına qarşı gözlənilən müharibə ərəfəsində xüsusilə fəallaşmışdılar. M.Ə.Rəsulzadənin sədr olduğu Azərbaycan Milli Mərkəzi, Parisdəki "Azərbaycan nümayəndəliyi", İstanbuldakı Azərbaycan mühacir təşkilatları rəhbərləri və tanınmış siyasi xadimlər Polşa, daha sonra Almaniya rəsmi dairələrinin hazırladıqları plan və layihələrə cəlb olunur və "düşmənimin düşməni" prinsipi ilə SSRİ-yə qarşı çıxış edən siyasi-hərbi qurumların yanında yer alaraq bolşevik hakimiyyətinin süqutu ilə öz dövlətçiliklərinin bərpasına ümid bəsləyirdilər.

Ceyhun bəy Hacıbəyov böyük oğlu Ceyhunla (1939-cu il). 

Ceyhun Hacıbəyli də digər azərbaycanlı siyasi mühacirlərlə bərabər, Avropada düzənlənən müxtəlif təşkilatlarda və tədbirlərdə bu və ya digər dərəcədə təmsil olunurdu. Üzeyir bəy təbii ki, onun bu fəaliyyətindən xəbərdar ola bilməzdi. Amma xaricdəki siyasi mühacirəti diqqətlə izləyən sovet əks-kəşfiyyat orqanları sözsüz ki, Ceyhun Hacıbəylinin 1927-1933-cü illərdə Sovet İttifaqına qarşı geniş və çoxşaxəli mübarizə aparan məşhur "Prometey" hərəkatında fəal iştirakı, 1934-1939-cu illərdə "Qafqaz" qrupunun tərkibində çalışması, xüsusilə eyniadlı jurnalın fransız versiyasının redaktoru, 1940-cı ildən başlayaraq isə Parisdəki "Qafqaz Mühacirlərinin İşləri üzrə İdarə"nin  Azərbaycan bölməsinin rəisi olduğu kimi məlumatlara malik idilər. Ceyhun bəyin 1920-30-cu illərdə Sovet İttifaqında ictimai, elmi, ədəbi mühitin, ziyalıların vəziyyətinə dair Avropa mətbuatında kəskin siyasi tənqidi publisistik yazılarından da xəbərsiz deyildilər.    

Aydın idi ki, faşist Almaniyası ilə ölüm-dirim müharibəsi aparan Sovet dövlətinin xüsusi orqanları bu qüvvələri hər vasitə ilə zərərsizləşdirmək üçün bütün mövcud imkanlardan istifadə edirdi və 1942-ci ildə Hacıbəyov qardaşlarının əlaqələrinin məqsədyönlü bərpası da ilk növbədə bu maraqdan irəli gəlirdi.  

Üzeyir bəyin Ceyhuna yazdığı məktubun son abzasları da onun özünün və qardaşının bu məsələlərə məhz həmin niyyətlə cəlb olunduğundan xəbər verirdi: "Bu gün əcnəbi ölkələrdə sülənən bir para qor-qoduqlar bu müharibə dövründən istifadə edib də vətən satmaq kimi rəzil işə qoşulub özlərinə kampaniya düzəltmək istəyirlər. Bu cür alçaq və xainanə xəbərləri eşidəndə adamın başında tükləri biz-biz durur. Biz burada tarixdə misli görünməmiş sellərcə qan axıdıb əziz və azad vətənimizi canavar düşməndən müdafiə etməklə məşğul olduğumuz bir zamanda, bir para insan adı daşımağa ləyaqəti olmayanların gündə bizə hürməyi işimizə təfavüt eləməz, fəqət könül bulandırılır. Zərər yoxdur: dost və düşmən böylə məqamlarda aşkar olur. Mən arxayınam, sən o xainləri tanıyıb onlara yaxın durmazsan".

Bu "arxayınlıq" artıq Üzeyir bəy tərəfindən Ceyhuna birbaşa xahiş, xəbərdarlıq, tapşırıq, yaxud "diplomatik kuryerin" məktub və pulla bərabər, həm də əmr çatdırması kimi qəbul edilə bilər.

Beləliklə, Ceyhunun sağ olması xəbərindən tutmuş, onunla ünsiyyət yaratmağın və maddi köməklik etməyin qiyməti məlum olur. 

Üzeyir bəyin Ceyhuna yazdığı 1942-ci il 4 aprel tarixli məktubunun rus dilində əlyazmasının ilk və son səhifələri.

Bütün bunlarla bərabər, Üzeyir Hacıbəyovun 1942-ci ildə qardaşına yazdığı bu məktubu heç bir vəchlə birmənalı qiymətləndirmək olmaz. Təbii ki, Cümhuriyyət dövrünü yaşamış, Azərbaycanın milli dövlətçilik quruculuğunda qardaşı ilə birlikdə ən fəal surətdə iştirak etmiş, Aprel işğalı ərəfəsində "qırmızı əliheydərləri", "daşnakdan dönmə mikoyanları" ifşa etmiş Üzeyir bəy yeni hakimiyyətin siyasi-ideoloji xislətinə yaxından bələd idi. 1920-ci illərin təhlükəli dönəmlərinin təşvişlərini adlamış, 1937-ci ilin repressiyaları ilə şəxsən üzləşmiş, özü labüd ölümdən qurtulsa da, yaxın dostu Hüseyn Caviddən tutmuş bacanağı Pənah Qasımova qədər neçə-neçə tanışların, həmkarların həbs, sürgün və güllələnməsinin şahidi olmuş Üzeyir Hacıbəyovun Sovet dövlətinin, Lenin-Stalin partiyasının uğurlu siyasətinə dair yazdıqlarında və bu qəbildən digər təriflərində səmimi olması əlbəttə, mümkün deyildi və belə bir iddiaya heç bir əsas vermir. Hətta şəxsən gördüyü bütün hörmət və yüksək mükafatlar müqabilində belə, sovet hakimiyyətinin özünə qarşı daim ehtiyatlı-etimadsız münasibətini hiss edən Üzeyir bəy, əslində elə bu hakimiyyət tərəfindən əvvəldən "ikili" həyat yaşamağa məhkum olunmuşdu. Onu bu məhkumiyyət və məcburiyyət altında yaşamağa sövq edən səbəblər də aydın idi: ilk növbədə özünün və böyük ailəsinin salamatlığını və təhlükəsizliyini təmin etmək, qohum, dost, həmkar və tələbələrindən başlayaraq, "seçicilərinə", tanıdığı-tanımadığı insanlara bütün səlahiyyətləri və  imkanları daxilində köməklik göstərmək!

Bununla belə, Üzeyir Hacıbəylinin Sovet dövlətinin milli siyasətinin uğurlarından danışarkən tamamilə qeyri-səmimi olduğunu söyləmək də düzgün olmazdı. Sovet Azərbaycanında dövlət quruculuğu, xüsusilə maarif, təhsil, elm və mədəniyyət sahələrində nailiyyətləri görməmək mümkün deyildi. Üzeyir bəyin özünün də yaxından iştirak etdiyi bu prosesləri xalqın Çar Rusiyası dönəmindəki ümumi vəziyyəti ilə müqayisə etməsi və üstünlüklərini vurğulaması da bu baxımdan anlaşılan idi. Lakin Ceyhuna çatdırılacaq məktubun yalnız bu məqsədlə yazılmadığı da aydın idi.    

Üzeyir bəy 1940-cı ildə Fransadan aldığı, əslində ona çatdırılan və kömək istəyən doğmalarının məktubunu cavabsız qoya bilərdimi?  Əlbəttə, yox. 

"Gözünün işığı" adlandırdığı və uzun illər xəbər tuta bilməyərək nigaran qaldığı qardaşının gərgin psixoloji və maddi durumunda göstəriləcək kömək müqabilində, ona edilən "təklifləri" yazmaqdan, ümumiyyətlə, cavab verməkdən imtina edə bilərdimi? Təbii ki, yenə də yox!

Üzeyir bəyin Azərbaycan dilində yazdığı məktubun əlyazmasının ikinci, "təmiz" nüsxəsinin, eləcə də rus dilindəki nüsxələrin başlığında 3 dəfə "Məxfi, Məxfi, Məxfi" qrifi qoyması, sonunda isə "Səni sevən qardaşın Üzeyir" imzasından sonra "Mənim məktubum haqqında heç kimə demə və oxuyandan sonra onu məhv et və yandır" xəbərdarlığı Üzeyir bəyin bütün bu işlərin fərqinə vardığını və "məsləhətlərə" əməl etdiyini göstərirdi.  

Bu sonuncu məktub açıq görünməsə də, daima nəzarət altında yaşamış Üzeyir bəyin Bakıda, Ceyhun bəyin isə Parisdə Sovet orqanları tərəfindən artıq girov vəziyyətinə salındığına heç bir şübhə qoymur.

Beləliklə, Üzeyir Hacıbəyovun 1919-cu ildə Bakını tərk etmiş qardaşı ilə elə həmin ildə başlanan və 20 ildən artıq müddətdə fasilələrlə davam edən yazışması məhz bu sonuncu - 4 mart 1942-ci il tarixli məktubla -  özünün ən yüksək dramatik həddinə çatır.

Ceyhun Hacıbəylinin qardaşının göndərdiyi bu məktubu, eləcə də vəd edilən "istənilən məbləğdə" maddi köməyi alıb-almadığına dair açıq mənbələrdə təbii ki, heç bir məlumat yoxdur. Üzeyir bəy tərəfindən də bu məsələyə açıqlıq gətirəcək sənədə, şəxsi arxivindəki müxtəlif növ əlyazmalar arasında hər hansı qeydlərə, məlumatlara, o cümlədən bundan sonrakı tarixlərdə Ceyhuna ünvanlanmış məktublara təsadüf olunmur. Bu baxımdan Üzeyir bəyin bir çox gizli mətləbləri əxz edən olduqca əhəmiyyətli bu son məktubunun nə özü, nə də qohumları tərəfindən "məhv edilib yandırılmaması", əksinə, bir neçə variantda və nüsxələrdə onun ev arxivində qorunub saxlanması özlüyündə heyrətamiz bir hadisədir.

1942-ci ilin yayında Stalinqrad vuruşu ilə II Dünya müharibəsinin gedişində baş verən dönüş, sovet qoşunlarının cəbhələrdə qazandığı qələbələr və Avropa sərhədlərini aşması digər mühacir təşkilatları kimi Azərbaycan siyasi mühacirətinin də fəaliyyətinə güclü dağıdıcı təsir qoyur. Almaniyanın siyasi-diplomatik dairələri və xüsusilə Almaniya tərəfində vuruşmaqda davam edən Azərbaycan legionları ilə əvvəldən əlaqəsi olmayan Ceyhun Hacıbəylinin həmin dövr Üzeyir Hacıbəylinin 1948-ci ildə vəfatına qədər Avropada hər hansı aktiv siyasi-publisistik fəaliyyəti nəzərə çarpmır.

Ceyhun Hacıbəylinin mühacirət dövrü öz yaxın məsləkdaşları və tanışları ilə yazışmalarında Üzeyir bəyin adı təbii ki, dəfələrlə çəkilmişdir. Həmçinin, Ceyhun bəyin Azərbaycanın tarixi, ədəbiyyatı və mədəniyyətinə dair Avropada nəşr olunmuş əsərlərində, məqalə və xatirələrində həyatının ən doğma, ən əziz, ən vacib insanına, varlığı ilə fəxr etdiyi məşhur qardaşına səhifələr həsr olunmuş, onun Azərbaycanın ictimai fikir və mədəniyyət tarixində yeri layiqincə göstərilmişdir. Lakin bütün bu ədəbiyyat Üzeyir və Ceyhun Hacıbəyli qardaşlarının yazışmasında əks olunan ünsiyyətin dəruni, zərif ruhunu, xüsusilə Üzeyir bəyin bir çox çalarları ilə yeni, işıqlı obrazını ifadə edə bilməmişdir... 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
525.az

1Mənbələr