AZ

Məhkəmə Tramp administrasiyasını 130 milyard dollarlıq tarifləri geri qaytarmağa məcbur edir

ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi şirkətlərdən toplanmış rüsumların geri ödənilməsi prosesinə başlanmasını tapşırıb...

Poliqon xəbər verir ki, The New York Post nəşrinin məlumatına görə, ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi Donald Tramp administrasiyasını idxalçılardan toplanmış 130 milyard dollardan çox tarif rüsumunun geri qaytarılması prosesinə başlamağa məcbur edib.

Qərar ABŞ Ali Məhkəməsinin ötən ay bu rüsumları qanunsuz hesab etməsindən sonra verilib. Ali Məhkəmə Tramp administrasiyasının bəzi tarifləri tətbiq edərkən qanunvericiliyi düzgün istifadə etmədiyi qənaətinə gəlib.

Federal hakim Riçard İton ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinə şirkətlər tərəfindən ödənilmiş məbləğlərin hesablanmasını və onların geri qaytarılması prosedurunun başlanmasını tapşırıb.

Məlumata görə, Ağ Ev bu qərardan apellyasiya şikayəti verməyi planlaşdırır. Bu isə kompensasiyaların ödənilməsi prosesinin müəyyən müddət gecikməsinə səbəb ola bilər.

Bununla yanaşı, artıq 2000-dən çox şirkət rüsumların geri qaytarılması ilə bağlı məhkəmələrə müraciət edib. Bu şirkətlər arasında Costco, FedEx və Pandora Jewelry kimi böyük beynəlxalq şirkətlər də var.

Xatırladaq ki, ABŞ Ali Məhkəməsi daha əvvəl Tramp administrasiyasının “Azadlıq günü tarifləri” adlandırılan bəzi əsas gömrük rüsumlarını ləğv edib. Məhkəmə qərarında qeyd olunub ki, prezident bu rüsumları tətbiq edərkən fövqəladə iqtisadi səlahiyyətlər haqqında qanundan düzgün istifadə etməyib.

Poliqon.info

Seçilən
99
poliqon.info

1Mənbələr