Bəzi iş yerlərində əməkdaşlardan tələb olunur ki, iş zamanı geyinməli olduqları forma və ya iş geyimini öz vəsaitləri hesabına alsınlar. Bu hal xüsusilə xidmət və satış sahələrində tez-tez rast gəlinir və işçilər arasında müzakirələrə səbəb olur.
Bəs işçinin iş geyimini özünün alması nə dərəcədə düzgündür? Qanunvericilik bu məsələ ilə bağlı nə deyir?
İnsan resursları üzrə menecer, əmək və sosial münasibətlər üzrə ekspert Leyla Əsədullayeva Valyuta.az-a bildirib ki, qanunvericilikdə işçilərin uniforma və ya standart iş geyimi ilə təmin olunması ilə bağlı konkret tələb nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bu məsələ daha çox müəssisələrin daxili qaydaları və korporativ siyasəti ilə tənzimlənir.
Ekspert qeyd edir ki, qanunvericilik yalnız fərdi mühafizə vasitələrinin təmin olunmasını açıq şəkildə tələb edir. Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, əməyin mühafizəsi məqsədilə nəzərdə tutulan xüsusi geyimlər və xüsusi ayaqqabılar işçilərə işəgötürən tərəfindən pulsuz şəkildə verilməlidir.
L.Əsədullayevanın sözlərinə görə, digər sahələrdə istifadə olunan uniforma və ya standart iş geyimləri qanunla ayrıca tənzimlənməsə də, etik baxımdan bu xərclərin işəgötürən tərəfindən qarşılanması daha düzgün yanaşma hesab olunur.
Onun fikrincə, əgər müəssisə müəyyən geyim standartı tətbiq edirsə, həmin geyimin təmin edilməsi də məhz şirkətin üzərinə düşməlidir.
Sərvanə Rəmixanova