İranın martın 5-də Naxçıvana təşkil etdiyi dron hücumu və ölkəmizə qarşı artan təzyiqlər qəbuledilməzdir və düşmən addımdır". Bunu“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) sədri, siyasi şərhçi Nadir Azəri QHT.az-a açıqlamasında deyib
O, qeyd edib ki, Azərbaycan dövlətinin, hakimiyyətin və cənab Prezident İlham Əliyevin İrandakı diplomatik korpusumuzun fəaliyyətinin dayandırılması ilə bağlı qərarları haqlıdır, alqışlanır.
Nadir Azərinin sözlərinə görə, diplomatik korpus yalnız diplomatik qaydalara, ölkələrə, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşan dövlətlərdə fəaliyyət göstərə bilər: "Yəni Azərbaycanın suverenliyinə və beynəlxalq qanunlara uyğun hörmət göstərən ölkələrdə səfirlik və konsulluqlar ola bilər. Lakin İranın timsalında Azərbaycana münasibətdə bu prinsiplərin heç biri yerinə yetirilmir. Əksinə, İran ölkəmizə qarşı silsiləvi təzyiqlər, hədələr və terror hadisələri törədərək özünü Azərbaycanın düşməni səviyyəsinə çatdırıb".
O əlavə edib ki, martın 5-də baş verən dron hücumu bütün diplomatik qayda və etiketlərə zidd olub. Bu hərəkət düşmən hərəkətidir və düşmənin düşmənə edə biləcəyi bir addımdır. Ona görə də əgər İran bizə qarşı düşməncəsinə davranırsa, ölkəmizin İranda diplomatik korpusunun qalmasına ehtiyac yoxdur.
Azəri xatırladıb ki, bundan əvvəl də səfirliyin fəaliyyəti dayandırılmışdı, çünki səfirliyə İranın hakim dairələrinin xəbəri olduğu, hətta kəşfiyyat planı əsasında terror hücumu təşkil olunmuş, səfirliyin əməkdaşı şəhid edilmişdi. Həmin vaxt Azərbaycan tələbini bəyan etmiş, İran cinayətkarı cəzalandırmış və müəyyən yumşalmalar etmişdi. Lakin sonrakı dönəmdə İran yenidən düşməncəsinə hərəkət etməyə başladı.
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan dövləti və cənab Prezident İlham Əliyev martın 5-də İranın cinayətkar addımından sonra bir daha milli, dövlət və xalq maraqları məsələsində qətiyyətli mövqeyini nümayiş etdirib. İran törətdiyi cinayətə görə Azərbaycan dövlətindən rəsmi üzr istəməli, cinayətkarları cəzalandırmalıdı. Əks halda hadisələrin inkişafı İranın ziyanına olacaq. Dünəndən bəri Azərbaycan Prezidentinə, xarici işlər nazirinə və müdafiə nazirinə edilən zənglər həm ölkəmizə dəstəkdir, həm də İranın regiona və İslam dünyasına vurduğu zərər və cinayətlərinə etirazdır.
Azəri yekun olaraq bildirib ki, Azərbaycan uzun illər qonşu İrana qarşı heç bir hərbi addım atmayıb və kişi kimi sözünün üstündə durub. Belə qonşuya qarşı cinayətkar əməl törədən ölkədə diplomatik korpusun qalmasına ehtiyac yoxdur. Münasibətlər yalnız İran tərəfi rəhbərlik səviyyəsində üzr istədiyi və cinayətkarları cəzalandırdığı halda düzələ bilər.
Zəhra Ağayeva