AZ

Azərbaycana “zəhər ixracı” tam olaraq dayandı - ARAŞDIRMA

ABŞ-la İsrailin İrana qarşı müharibəsi regionda qeyri-qanuni ticarət marşrutlarına da təsirsiz ötüşmür. Xüsusilə İran istiqamətindən Azərbaycan ərazisinə narkotik daşınması məsələsi yenidən müzakirə mövzusuna çevrilib. 

DİN məlumatlarında “İran izi” yoxa çıxdı

Azərbaycan Daxili İşlər Nazirliyinin narkotiklərlə bağlı yaydığı rəsmi məlumatları izləyənlər üçün uzun illər dəyişməyən bir detal var idi. Demək olar ki, hər iri həcmli narkotik əməliyyatı barədə xəbərlərdə oxşar cümlələr yer alırdı: “İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək...”, “İran vətəndaşının tapşırığı ilə narkotik vasitələri müxtəlif ünvanlarda gizlətməyi planlaşdırıb...” və ya “İlkin sorğu zamanı həmin şəxsin narkotikləri İran vətəndaşının göstərişi ilə paylamağa hazırlaşdığı məlum olub”.

Bu formulasiya artıq DİN-in narkotiklərlə bağlı press-relizlərinin bir növ standart ifadəsinə çevrilmişdi. İctimai rəy də məhz bu məlumatların təsiri ilə formalaşırdı: Azərbaycana daxil olan narkotiklərin əsas marşrutu cənub istiqamətidir və şəbəkənin arxasında İran bağlantısı dayanır. Lakin son günlərdə diqqət çəkən maraqlı bir dəyişiklik var. DİN-in narkotiklərlə bağlı yaydığı rəsmi məlumatları müqayisə edən zaman maraqlı detal ortaya çıxır. 2026-cı il fevralın 26-dan sonra yayılan xəbərlərdə əvvəllər tez-tez istifadə olunan “İran vətəndaşı ilə əlaqə”, “İran vətəndaşının tapşırığı”, “İran mənşəli” kimi ifadələr görünmür. Halbuki bundan əvvəl yayılan məlumatlarda bu vurğu müntəzəm şəkildə yer alırdı və iri həcmli narkotik tutmalarında demək olar ki, standart detallardan biri idi. 

Picture

Narkotik marşrutları dəyişib?

Regionda baş verən hərbi gərginlik fonunda narkotik qaçaqmalçılığı ilə məşğul olan şəbəkələrin marşrutlarını dəyişməsi mümkündür. Bu halda narkotik axını müvəqqəti olaraq başqa istiqamətlərə yönələ bilər və buna görə də rəsmi məlumatlarda əvvəlki kimi İran bağlantısı görünməyə bilər. Lakin indiyədək Azərbaycan hüquq-mühafizə orqanlarının açıqlamalarında ölkəyə daxil olan heroin və digər narkotiklərin əsas hissəsinin məhz İran marşrutu ilə daşındığı vurğulanırdı. Bəzən rəsmi məlumatlarda görünən ən kiçik dəyişikliklər belə böyük proseslərin göstəricisi olur. Bu baxımdan DİN-in narkotik əməliyyatları barədə məlumatlarında uzun illər dəyişməyən bir detalın birdən-birə yoxa çıxması jurnalistlər və müşahidəçilər üçün maraqlı suallar yaradır.

Picture

İrandan narkotiklər dronla gəlirdi

Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a deyib ki, hazırda İran-Azərbaycan sərhəddində nəzarətini son dərəcə gücləndirilib və bu  narkotik qaçaqmalçılığına ciddi təsir göstərir. Onun sözlərinə görə, əvvəllər narkotik maddələr müxtəlif üsullarla, o cümlədən pilotsuz uçuş aparatları vasitəsilə də sərhəddən keçirilirdi: 

“Son illər İrandan Azərbaycana  dronlarla narkotik göndərilməsi halları intensivləşmişdi. İran tərəfdən müxtəlif istiqamətlərdən dronlar vasitəsilə narkotik yükləri Azərbaycan ərazisində ötürülürdü. İndi isə sərhəd nəzarəti xeyli gücləndirilib və bu üsulla keçid xeyli çətinləşib, demək olar ki, mümkünsüz hala gəlib”.

Arzu Nağıyev qeyd edib ki, regionda müharibə və ya hərbi gərginlik baş verəndə sərhədlərdə təhlükəsizlik tədbirləri avtomatik olaraq daha da sərtləşdirilir. Bu isə narkotik qaçaqmalçılarının fəaliyyətini məhdudlaşdırır.

“Narkotik qaçaqçılarının əsas məqsədi yükü sərhəddən  keçirməkdir. Amma sərhəddə nəzarət artdıqca bu proses çətinləşir. Müharibə dövründə sərhədlər faktiki olaraq daha ciddi rejimə keçirilir və qaçaqmalçılar üçün risk artır”, – deyə o bildirib.

Picture

“Narkotik qaçaqmalçılığı heç vaxt sıfıra enmir”

Bununla belə, Arzu Nağıyev hesab edir ki, sərhəddə nəzarətin güclənməsi narkotik ticarətinin tam dayanacağı anlamına gəlmir. “Narkotik qaçaqmalçılığı heç vaxt sıfıra enmir. Çünki narkotik daşınması üçün müxtəlif marşrutlar var. Hazırda İran-Azərbaycan sərhəddindən narkotiklərin keçirilməsi demək olar ki, mümkünsüzdür. Amma dəniz yolu ilə daşınma mümkündür. Bəzən marşrut İran-Türkmənistan istiqamətindən Xəzər dənizi vasitəsilə Azərbaycana və Avropa istiqamətinə də dəyişdirilə bilər”, – deyə Arzu Nağıyev əlavə edib. Onun sözlərinə görə, Azərbaycan bazarında narkotik maddələrin böyük hissəsi məhz Əfqanıstan mənşəlidir və əsas tranzit marşrutlarından biri İran ərazisindən keçir: “Müharibə və sərhəd nəzarətinin güclənməsi nəticəsində narkotik maddələrin qiymətində artım ehtimalı da istisna deyil. Əgər daşınma çətinləşirsə, bazarda qiymətlər bahalaşa bilər. Bu, narkotik ticarətinin klassik qanunudur – risk artırsa, qiymət də artır”.

Narkotiklərdən əldə olunan böyük gəlirlər hara xərclənir? 

Arzu Nağıyev hesab edir ki, narkotik qaçaqmalçılığı təkcə kriminal gəlir mənbəyi deyil, həm də regionda terror və qeyri-sabitliyin maliyyə əsaslarından biridir. Onun sözlərinə görə, bu sahədə formalaşmış beynəlxalq şəbəkələr uzun illərdir ki, müxtəlif dövlətlərin təhlükəsizliyinə real təhdid yaradır: “İran rejimi illər boyu narkotik, silah qaçaqmalçılığı, insan alveri və digər qanunsuz fəaliyyətlərdən böyük maliyyə vəsaitləri əldə edib. Bu vəsaitlərin müəyyən hissəsi isə müxtəlif ölkələrdə radikal qrupların və terror şəbəkələrinin maliyyələşdirilməsinə yönəldilib”. 

Picture

İrana qarşı addımlar qeyri-qanuni logistika zəncirinə təsir göstərir

Arzu Nağıyev vurğulayıb ki, narkotik ticarətindən əldə olunan pullar gizli maliyyə sistemi formalaşdıraraq dövlət nəzarətindən kənarda fəaliyyət göstərən təhlükəli strukturların yaşamasına imkan verir:

“İranın coğrafi mövqeyi də bu prosesdə mühüm rol oynayır. Belə ki, Əfqanıstan dünyada ən böyük tiryək və heroin istehsalçılarından biri hesab olunur və bu narkotiklərin böyük hissəsi region ölkələri üzərindən Avropaya daşınır. İran isə bu marşrutların mühüm tranzit nöqtələrindən biri kimi çıxış edib. Bu səbəbdən illər boyu region ölkələrinin hüquq-mühafizə orqanları İran istiqamətindən narkotik axınının qarşısını almaq üçün ciddi mübarizə aparmalı olublar. Hazırda regionda baş verən hərbi-siyasi proseslər, o cümlədən İran ətrafında yaranmış gərginlik və rejimə qarşı atılan addımlar bu qeyri-qanuni logistika zəncirinə də təsir göstərir. Müxtəlif nəqliyyat və tranzit kanallarının nəzarətə götürülməsi, sərhədlərin daha sərt rejimə keçməsi və beynəlxalq təzyiqlər nəticəsində narkotik daşımalarının əvvəlki kimi rahat həyata keçirilməsi çətinləşir. Bu proses Azərbaycan üçün də müəyyən təhlükəsizlik üstünlükləri yarada bilər. Çünki Azərbaycan uzun illərdir ki, İran istiqamətindən narkotik qaçaqmalçılığı ilə mübarizə aparan əsas ölkələrdən biridir. Hüquq-mühafizə orqanları mütəmadi olaraq sərhəd bölgələrində və ölkə daxilində böyük həcmdə narkotik vasitələrin dövriyyədən çıxarılması əməliyyatları həyata keçirir. Narkotik ticarəti ilə mübarizə yalnız cinayətkarlığa qarşı mübarizə kimi deyil, həm də milli təhlükəsizlik strategiyasının mühüm elementi kimi qiymətləndirilməlidir. Çünki bu sahədə əldə olunan gəlirlər terror qruplarının maliyyələşdirilməsi, qeyri-qanuni silahlı dəstələrin saxlanılması və müxtəlif ölkələrdə sabitliyin pozulması üçün istifadə olunur”. 

Koordinasiyalı addımlar atmalıdır

Arzu Nağıyev deyib ki, region ölkələri və beynəlxalq təşkilatlar narkotik qaçaqmalçılığına qarşı mübarizədə daha sıx əməkdaşlıq etməli, maliyyə kanallarını və tranzit marşrutlarını bağlamaq üçün koordinasiyalı addımlar atmalıdır:

“Bu istiqamətdə görüləcək tədbirlər təkcə narkotik ticarətini deyil, həm də terror və transmilli cinayətkarlığın digər formalarını zəiflədə bilər”.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
110
musavat.com

1Mənbələr