AZ

Daş atıb gizlənənlər...

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Rusiya 2024-cü il dekabrın 25-də Azərbaycanın sərnişin təyyarəsini vurmaqla çox böyük bir səhv etdi. Nəticədə onsuz da az sayda qalmış dostlarından birini də itirdi.

İran 2026-cı il martın 5-də Rusiyanınkından da böyük səhvə yol verdi - Naxçıvan beynəlxalq hava limanına və məktəb binasına dronlarla hücum etdi. O da onsuz da az sayda olan dostlarından birini itirdi. Çünki hər iki əməl əslində səhvdən ötədur - cinayətdir. Üstəlik də namərdcəsinədir. Vurub, sonra da gizləniblər: "Biz eləməmişik".

Doğrudan da, nakişilikdir; vurmusan, çıx, kişi kimi de ki, vurmusan. Yanlışın var, boynuna al. Daş atıb gizlənmək nə deməkdir?!

Bunun adını nə qoymaq olar?! Azərbaycan Prezidenti buna "şərəfsizlik" dedi. Haqqı da var.

Ölkənə hücum edən ayrı, liderini, generallarını evində, iş yerlərində bir-bir qətlə yetirən, şəhərlərini bombalayan ayrı, sən durub da sənə qarşı heç nə etməyən, dərdinə şərik olan, dəfələrlə ən yüksək səviyyədə mənəvi dəstəyini ifadə edən Azərbaycana qarşı belə hərəkət edirsən.

Azərbaycan bununla bağlı hansı addımlar atmalı idisə, o addımları atdı: izahat istədi, üzr tələb etdi, öz Silahlı Qüvvələrini 1 nömrəli hazırlıq vəziyyətinə gətirdi, Tehrandakı və Təbrizdəki diplomatik heyətini tam şəkildə çıxarmağa qərar verib...

Əlbəttə, Azərbaycan belə bir miqyasda - regional müharibəyə qoşulmaq istəmir, belə bir niyyəti də, marağı da yoxdur. Ancaq özünü müdafiə etmək haqqını da kimsə əlindən almayıb. Bunu İran da bilir, bilməlidir. Bir ehtimal var ki, İran hakimiyyətində monolitlik yoxdur (əvvəldən də tam olmayıb, indi də tamamilə pozulmuş kimi görünür). Kim, ya kimlər qərar verir, necə qərar verir, ordu kimə tabedir, nə qədər tabedir?! Bunlar aydın deyil. Deyəsən, müharibəni İran tərəfdən siyasətçilər deyil, hərbçilər özləri aparır. Öz bildikləri, qandıqları kimi. Əgər elədirsə, İranın məğlubiyyəti və paramparça olması qaçılmazdır.

İranın bu müharibədə duruş gətirməsi, bütövlüyünü, siyasi varlığını qoruyub saxlaması üçün legitm hakimiyyətə - dövlət ağlına ehtiyac var. Ən doğru yol dövlət idarəçiliyini dini hakimiyyətdən ayırmaqdır, İran hələ ki buna getmir. Odur ki, hər cür ssenariyə hazırlıqlı olmaq lazımdır.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
bizimyol.info

1Mənbələr