Ermənistanda keçirilmiş sorğunun nəticələri ölkə cəmiyyətindəki siyasi yanaşmaları və stereotipləri bir daha ortaya qoyub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) sifarişi ilə keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 43%-i Rusiyanı Ermənistanın ən mühüm siyasi tərəfdaşı hesab edir. Sorğu iştirakçılarının 42%-i isə ABŞ-ı əsas tərəfdaş kimi göstərib.
Nəticələrə görə, respondentlərin 34%-i İranı, 29%-i Avropa İttifaqını, 27%-i isə Fransanı Ermənistan üçün mühüm siyasi tərəfdaş kimi qiymətləndirib. Sorğuda Türkiyə (3%), Azərbaycan (2%) və Ukrayna (2%) ən az göstərilən ölkələr sırasında yer alıb.
Eyni zamanda sorğu iştirakçılarının 3%-i Ermənistanın belə bir əsas tərəfdaşının olmadığını bildirib, eyni faizdə respondent isə suala cavab verməkdə çətinlik çəkib.
Sorğunun digər hissəsində respondentlərdən Ermənistan üçün əsas təhlükə hesab etdikləri ölkələr barədə soruşulub. Nəticələrə görə, iştirakçıların 80%-i Azərbaycanı əsas siyasi təhlükə kimi göstərib. 69% Türkiyəni, 29% Rusiyanı təhlükə hesab etdiyini bildirib. ABŞ respondentlərin 10%-ində, Gürcüstan isə 6%-ində narahatlıq doğuran ölkə kimi qeyd olunub.
Araşdırma BREVIS şirkəti tərəfindən Beynəlxalq Respublikaçılar İnstitutunun sifarişi ilə aparılıb. Məlumatların toplanması 3–13 fevral 2026-cı il tarixlərində telefon sorğusu vasitəsilə həyata keçirilib. Sorğuda Ermənistanın 18 yaşdan yuxarı 1506 vətəndaşı və Qarabağdan gedən ermənilər iştirak edib.
Musavat.com