AZ

Bakı və Ankara enerji bazarlarında mövqelərini gücləndirir ŞƏRH

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 mart, AZƏRTAC

Müasir dövrdə enerji təhlükəsizliyi məsələsi beynəlxalq münasibətlərin ən mühüm istiqamətlərindən birinə çevrilib. Qlobal enerji bazarında baş verən dəyişikliklər, yeni geosiyasi çağırışlar və enerji mənbələrinin şaxələndirilməsi zərurəti bir sıra strateji layihələrin əhəmiyyətini daha da artırır. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsi həm Avropa, həm də region ölkələri üçün enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan təşəbbüslərdən biri kimi qiymətləndirilir.

Bunu AZƏRTAC-a açıqlaması zamanı türkiyəli iqtisadiyyat və maliyyə məsələləri üzrə ekspert İlhan İşbaşı bildirib.

Onun sözlərinə görə, Azərbaycan son illərdə həyata keçirdiyi ardıcıl və uzaqgörən enerji siyasəti nəticəsində qlobal enerji xəritəsində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Ekspert qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən, regionun enerji və geosiyasi arxitekturasını dəyişdirən ən mühüm layihələrdən biridir.

“Cənub Qaz Dəhlizi Xəzər hövzəsindəki zəngin enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasını təmin etməklə yanaşı, Avropa ölkələri üçün də etibarlı və sabit enerji mənbəyi yaradır. Bu layihə vasitəsilə Azərbaycan qazının Türkiyə üzərindən Avropaya çatdırılması enerji tədarükünün şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qlobal enerji bazarında müşahidə olunan qeyri-müəyyənliklər fonunda etibarlı tərəfdaşların rolu daha da artır. Məhz bu baxımdan Azərbaycan uzunmüddətli və sabit enerji siyasəti ilə Avropa ölkələri üçün etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycanın enerji resurslarının nəqlində şəffaf və dayanıqlı əməkdaşlıq modeli formalaşdırması regionda yeni iqtisadi imkanların yaranmasına da şərait yaradır”, - deyə o vurğulayıb.

Türkiyəli ekspert bildirib ki, layihənin həyata keçirilməsində Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq xüsusi rol oynayır. İki qardaş ölkə enerji sahəsində əməkdaşlığı daha da genişləndirərək regionda böyük enerji və logistika layihələrinin reallaşmasına imkan yaradır. Bu əməkdaşlıq təkcə enerji sahəsi ilə məhdudlaşmır, həm də regionda siyasi sabitliyin və iqtisadi inteqrasiyanın möhkəmlənməsinə xidmət edir.

İ.İşbaşı qeyd edib ki, Cənub Qaz Dəhlizi eyni zamanda regionda yeni iqtisadi əməkdaşlıq platformalarının formalaşmasına da töhfə verir. Onun sözlərinə görə, layihə çərçivəsində bir çox ölkələrin iştirak etməsi beynəlxalq əməkdaşlığın genişlənməsinə, enerji və nəqliyyat sahəsində yeni təşəbbüslərin meydana çıxmasına səbəb olur.

Ekspert vurğulayıb ki, hazırda Avropanın enerji təhlükəsizliyi məsələsi qlobal siyasətin əsas mövzularından biridir və bu kontekstdə Azərbaycanın rolu daha da artır: “Azərbaycanın həyata keçirdiyi enerji layihələri yalnız iqtisadi baxımdan deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır və regionun sabitliyinə mühüm töhfə verir. Gələcək illərdə Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi və yeni enerji marşrutlarının formalaşdırılması Azərbaycanın qlobal enerji bazarındakı mövqeyini daha da möhkəmləndirəcək. Bu layihə həm Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə, həm də region ölkələri arasında əməkdaşlığın dərinləşməsinə xidmət edən mühüm strateji platforma olaraq öz əhəmiyyətini qoruyub saxlayacaq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
99
1
azertag.az

2Mənbələr