AZ

İran Azərbaycanın mehriban qonşuluq siyasətindən düzgün nəticə çıxarmalıdır ŞƏRH

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 mart, AZƏRTAC

İran tərəfindən Azərbaycanın ərazisinə pilotsuz uçuş aparatları ilə zərbələrin endirilməsi beynəlxalq hüququn əsas prinsiplərinin pozulması və mehriban qonşuluq münasibətlərinə zidd addımdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı bildirib.

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinin ilk günlərindən etibarən İranla münasibətlərdə məsuliyyətli mövqe nümayiş etdirib. “Azərbaycan daim bu prinsipi rəhbər tutub ki, ölkə ərazisindən heç bir qonşu dövlətin, o cümlədən İranın maraqlarına və təhlükəsizliyinə zidd hər hansı fəaliyyətə imkan verilməsin. Bu, Azərbaycanın xarici siyasətində ardıcıl şəkildə qorunan əsas prinsiplərdən biridir”, – deyə A.Aslanlı qeyd edib.

Ekspert vurğulayıb ki, İran ətrafında beynəlxalq siyasi mühitin kifayət qədər mürəkkəb olduğu, dünyanın müxtəlif güc mərkəzlərinin Tehrana siyasi, iqtisadi və digər istiqamətlər üzrə təzyiqlər göstərdiyi dövrlərdə belə Azərbaycan öz mövqeyindən geri çəkilməyib. Bu istiqamətdə Azərbaycana müxtəlif təzyiq və təsir cəhdləri olsa da, rəsmi Bakı heç vaxt öz prinsiplərindən imtina etməyib və öz imkanlarının İran əleyhinə istifadə olunmasına şərait yaratmayıb.

A.Aslanlı bildirib ki, belə bir şəraitdə İran tərəfindən Azərbaycanın ərazisinə qarşı bu cür addımın atılması qəbuledilməzdir. O qeyd edib ki, İranda müxtəlif daxili proseslərin və fərqli güc mərkəzləri arasında müəyyən idarəetmə problemlərinin mövcudluğu məlumdur. Lakin bütün bunlara baxmayaraq, İran üçün Azərbaycan istiqaməti xüsusi həssaslıq və diqqət tələb edən sahələrdən biri olmalıdır.

QAFSAM sədrinin sözlərinə görə, Azərbaycan uzun müddətdir regionda əməkdaşlıq və qarşılıqlı etimad mühitinin gücləndirilməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslər arasında region ölkələri arasında əməkdaşlığı təşviq edən “3+3” formatı da xüsusi yer tutur.

A.Aslanlı qeyd edib ki, bütün bu xoş niyyətli addımlar və təşəbbüslər fonunda Azərbaycana qarşı belə bir hücumun baş verməsi qəbuledilməzdir. Nəzərə alınmalıdır ki, Azərbaycan–İran sərhədi hazırda İran üçün ən sabit və təhlükəsiz sərhəd istiqamətlərindən biridir.

Ekspert bildirib ki, İranın digər sərhədləri boyunca müxtəlif təhlükəsizlik riskləri mövcuddur, bəzi istiqamətlərdə birbaşa münaqişə vəziyyəti və ya terror qruplarının sızma ehtimalları müşahidə olunur. Belə bir şəraitdə İranın diqqətini bu risklərə yönəltməsi daha məntiqli olardı. Bunun əvəzinə Azərbaycan istiqamətində belə addımların atılması doğru deyil və qəbuledilməzdir.

A.Aslanlı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə dair mövqeyini aydın şəkildə ifadə edib və ümid etmək olar ki, İranın rəsmi dairələri və ölkə daxilində qərar qəbul edən müxtəlif güc mərkəzləri bundan düzgün nəticə çıxaracaqlar.

“Ümid edirik ki, İran tərəfi Azərbaycanın indiyədək olduğu kimi bundan sonra da mehriban qonşuluq münasibətlərinə sadiq qalmaq niyyətini düzgün qiymətləndirəcək. Eyni zamanda anlamalıdır ki, Azərbaycan heç bir dövlətin ölkəyə meydan oxumasına və güc nümayiş etdirməsinə imkan verməyəcək. Bu, Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biridir”, – deyə A.Aslanlı əlavə edib.

Müxbir - Nailə Həsənova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
1
azertag.az

2Mənbələr