Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 6 mart, AZƏRTAC
Otuz ildən artıq münaqişə vəziyyətində olmuş Azərbaycan müharibənin ağrı-acısını çox yaxşı bilir. Bu baxımdan ölkəmiz hər zaman sülh tərəfdarı olub, məsələlərin dinc yolla həlli üçün səylər göstərib, təmkin və səbir nümayiş etdirib. Lakin münaqişə təcrübəsi onu da göstərib ki, təcavüzkara vaxtında cavab verilməlidir. Bu səbəbdən İranın hücumu ilə bağlı Azərbaycan hökumətinin və ictimaiyyətinin nümayiş etdirdiyi prinsipial və qətiyyətli mövqe tam haqlı və zəruri hesab olunur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Qaya Məmmədov söyləyib.
O qeyd edib ki, Azərbaycanla İran arasında münasibətlər tarixən mürəkkəb olub. İran dəfələrlə Azərbaycanın müstəqilliyinə qeyri-dost münasibət sərgiləyib, ideoloji təxribatlar və digər vasitələrlə ölkəmizin daxili işlərinə müdaxilə etməyə cəhd göstərib. Həmçinin Azərbaycan ərazilərinin işğalı dövründə Ermənistana açıq şəkildə hərbi və digər sahələrdə dəstək verib. Bundan əlavə, İran müxtəlif dövrlərdə də bir neçə dəfə güc nümayişi ilə Azərbaycanı açıq şəkildə təhdid edib.
“Beynəlxalq təcrid ilə üzləşdiyi, Amerika Birləşmiş Ştatları və İsrail ilə silahlı qarşıdurma vəziyyətində olduğu bir vaxtda İranın Azərbaycana hücum etməsi səhv, məsuliyyətsiz addımdır və ciddi nəticələrə səbəb ola bilər. Xüsusilə də İrandan fərqli olaraq Azərbaycanın həmişə tam bitərəflik siyasəti yürütməsini və öz ərazisinin İrana qarşı istifadə olunmasına imkan verməməsini nəzərə alsaq, İranın addımının nə dərəcədə qəbuledilməz olduğunu görərik. Azərbaycan ABŞ və İran arasında müharibənin başlamaması üçün öz diplomatik səylərini təklif edib, təcrid vəziyyətində olan ölkə ilə diplomatik təmasları qoruyub saxlayıb və digər jestlər edib. Belə olan təqdirdə İranın bu cür addım atması həm də nankorluğun göstəricisidir. İranın Baş Qərargahının Naxçıvana edilən hücumlarla bağlı məsuliyyəti inkar edən bəyanatı isə inandırıcı deyil və tamamilə qəbuledilməzdir.
İran gərginliyin aradan qaldırılması üçün tez bir zamanda addım atmalıdır. Bu dövlət öz məsuliyyətini etiraf etməli, üzr istəməli və Azərbaycana qarşı hücumu həyata keçirənləri hüquqi məsuliyyətə cəlb etməlidir”, - deyə deputat vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.