Bəzən vətəndaşlar müxtəlif səbəblərdən götürdükləri kreditləri vaxtında ödəməkdə çətinlik çəkirlər. Bəs kredit borcunu ödəyə bilməyən şəxslərlə bağlı qanunvericilik hansı imkanları nəzərdə tutur?Hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, hər hansı bir şəxs və ya dövlət tərəfindən borclu şəxsə xüsusi yardım göstərilməsi, yaxud bank tərəfindən əlavə güzəştlərin tətbiq edilməsi mexanizmi mövcud deyil. Ekspert əlavə edib ki, qanunvericiliyə görə, şəxsin borcu onun əmlakı hesabına tutula bilər. Yəni şəxsin hansı əmlakı və ya gəliri varsa, ondan tutulma aparıla bilər və bu məsələdə müəyyən məhdudiyyətlər də mövcuddur: “Məsələn, şəxsin yalnız bir yaşayış evi varsa, həmin ev onun əlindən alına bilməz. Eyni zamanda gündəlik tələbatını təmin edən əşyalar da müsadirə edilə bilməz. Buraya soyuducu, stol, stul, çarpayı və şəxsi geyim kimi əşyalar daxildir. Lakin qızıl-zinət əşyaları varsa, onlar tutula bilər. Eyni zamanda şəxsin birdən çox evi, torpaq sahəsi və ya avtomobili varsa, həmin əmlak da borcun ödənilməsi üçün götürülə bilər. Bundan başqa, borclunun aylıq gəlirinin yalnız yarısı borcun ödənilməsi üçün tutulur”. Ə.Həsənov qeyd edib ki, əgər şəxsin ümumiyyətlə pulu və ya əmlakı yoxdursa, onda tutulacaq nəsə də olmur: “Bununla belə, təcrübədə bəzən borcunu ödəyə bilməyən şəxslərin qorxudulması, hədələnməsi, ölkədən çıxışına məhdudiyyət qoyulması və hətta həbs olunması kimi hallara rast gəlinir. Bu cür tədbirlər isə qanunsuz hesab olunur”. Sevinc İbrahimzadə / Metbuat.az