525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Loğman RƏŞİDZADƏ yazıçı-publisist
Xalq yazıçısı, akademik Kamal Abdullanın "Kim dedi ki, Simurq quşu var imiş" pyesi əsasında Naxçıvan Dövlət Milli Dram Teatrının hazırladığı "Simurq quşu" tamaşası barədə qeydlər
Dünyanı tanımaq, həyatı dərk etmək üçün insan ilk növbədə özünü tanımalı, iç dünyasını, daxili yaşantılarını, sirli, mübhəm duyğu və düşüncələrini kəşf etməlidir. Zaman və kainat, yoxluq və varlıq, real dünya və metafizik aləm, varolumla xəyalı dünya real mövcudluqdan öncə təfəkkürdə təcəlla tapır. Odur ki, xəyal və reallıqda yaşayan, görünən və görünməyən dünyanın ehtirasları arasında çabalayan insan bütün bunları ilk öncə özündə yaşayır, əqli-intellektual və hissi-emosional süzgəcdən keçirir, real dünyanın konturları kimi xəyalı aləmin surətinə köçürür. Bu yaşantıların, bəzən insanın, heç özü də fərqinə varmır, intuitiv şəkildə mütləq həyat həqiqəti kimi qəbul edir. Əslində şüurda var olan həqiqətdə dərkolunmaz bir proses də yaşanıla bilər. Şüurun qəbul etdiyini reallıq inkar da eləyə bilər. Beləcə, insan ikili düşüncə və hisslərlə həyatını bölüşüb intiusiyanı yuxulaşmaya çevirə bilən həyatını yarımfantastik ölçülər üzərində qurar və laübalı həyat sürər: nə yerdə, nə göydə qərar tuta bilər, reallıqla xəyal arasında vurnuxar. Haydeqqer bu mənada deyirdi: "Həyat insanla sonsuz qara boşluq arasında bir oyundur". Bəli, insan ömür boyu bu oyunun içindədir. Və bu oyunun müəllifi də, iştirakçısı da insan özüdür. Ssenarini də özü yazır, baş qəhrəman rolunu da özü ifa edir. Xalq yazıçısı, akademik Kamal Abdullanın bütün əsərləri bu ruhdadır, qəhrəmanları bu ovqatdadır. Onların hər biri bu həyat oyununda narahat bir yaşam içində vurnuxur, bir-birinə münasibətdə, dünyaya yanaşma tərzində reallıqla fantasnoqomiya arasında mübarizədə, əndişədə yaşayır. Bu, Kamal Abdulla qəhrəmanlarının həyat və yaşam etirafıdır. Bu yaşantı ədəbi və metoforik təsvirdən, illüstrativ stixiyadan daha çox real təsir və məntiq üzərində qurulmuş psixoloji mənzərələrdir. Onun "Kim dedi ki, simurq quşu var imiş" pyesinin qəhrəmanları da eyni təəssüratı bölüşürlər.
Bu günlərdə Kamal Abdullanın "Kim dedi ki, simurq quşu var imiş" adlı fəlsəfi, psixoloji və sentimental dramı əsasında C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi tərəfindən hazırlanmış "Simurq quşu" Bakıda, S.Vurğun adına Akademik Rus Dram Teatrının səhnəsində oynanılmışdır. Bəri başdan deyək ki, kollektiv müəllif ideyalarını dərindən mənimsəmiş, tamaşanın dramaturji mizan-tərəzisini yazıçının ideyalarınının açılışı istiqamətində qurmuşdur. İlk növbədə səhnə tərtibatı barədə. Səhnə ilk baxışdan sadə dekorasiyalardan, birtipli, birçalarlı, ilk baxışdan elementar informasiya verən qurğulardan ibarətdir. Gəmidir, simvolik əşyalardır, göy qübbəsini bürümüş işıq yüklü ulduzlardır, balıqçı torudur... Hadisələr inkişaf etdikcə, hər bir əşyanın, elementin, detalın simvolik mənası aşkarlanır. Gəmi, bütünlüklə həyatın özü anlamına gəlir, detallar insan ömrünün anlarına işarə vurur, kapitan körpücüyü o dünyayla bu dünyanın sərhəddi simvoluna çevrilir, gəminin sükanı çərxi-fələk mənası verir və s. Bundan başqa, işıq-kölgə effektlərindən, musiqi sayrışmalarından, səsləşmə diapozonundan, aktyorların səhnədə yerdəyişməsindən tutmuş mimika və hərəkətlərinin kompatlığına, tənzimlənməsinə, onların jest və mimikalarının harmoniyasına qədər hər şey ölçülü-biçili, ritmik və tarazdır. Xüsusən, musiqi hadisələri yaxşı tamamlayır, dramaturji ovqatla ritmik halda səsləşir. Səhnə tərtibatında hər şey müəllif ideyasından qaynaqlanan fəlsəfi simvolların açılış və uğurlu təqdimatına xidmət edir.
Kamal müəllimin, ümumiyyətlə, bütün yaradıcılığına xas fəlsəfi yanaşma, həyat həqiqətlərinin simvollar vasitəsilə təqdimi, xarakterlərin mürəkkəb konstruksiyasını əks etdirən metafizik illüstrasiyalar və başqa bu kimi bədii təqdimatlar qoyulan məsələlər, irəli sürülən problemlərin dərki üçün müəyyən oxucu səviyyəsi lazım gəlir. Mətləb, müəllif ideya və məqsədləri mətnin dərinliyindən süzülüb gələn, remarkaların alt qatında gizlənən məntiqi mənaların dərki oxucudan müəyyən səviyyə tələb edir. Bu hal yazıçının pyeslərində də aparıcı leytmotivdir. Odur ki, pyeslərə müraciət edən teatr kollektivinin baş verənləri dərk etməsi, hadisə və xarakterlərin gizli fəlsəfi dünyasını açıb göstərmək bacarığı intellektual hazırlıq, peşə səriştəsi tələb edir. Naxçıvan teatrının kollektivi bu işin öhdəsindən layiqincə gəlib. Bu işdə quruluşçu rejissor Mir Qabil Əkbərovun əməyini xüsusi qeyd etmək lazımdır. O, müəllifin məqsəd və ideyasına uyğun səhnə mizanları tapmış, metafizik dramaturji elementləri klassik səhnə dili ilə uğurla uzlaşdırmağı bacarmışdır. Quruluşçu rəssam Araz Xudiyev, musiqi tərtibatçısı Əfsanə Şirəliyeva, rejissor assisenti Leyla Yaqubova və başqa təşkilatı-inzibati işləri yerinə yetirən teatr əməkdaşları səhnə poetikasını paylaşanlar sırasındadır.
Tamaşada Kamal Abdulla yaradıcılığına xas postmodernik üslub, şərtiliklər, intellektual və hissi eksperimentlər, zaman-məkan dəyişmələri, simvol və işarələrin gerçək qatları, obrazların bir-birinə, ümumiyyətlə səhnə ovqatına mürəkkəb köklənməsi müəllif məqsədinin açılışına xidmət edir. Rejissor yozumunda fəlsəfi yanaşma səhnə şərtilikləri ilə üzvi şəkildə qovuşur. İnsan duyğularının incə tellərinə toxunan yazıçı mətninin transkripsiyası, səhnə təcəssümü şərtiliklə reallığın ahəngində, daxili yaşantıların qabarıq təqdimində əks olunur. Aktyorlar insanın ikiləşmə anını, hiss və duyğularla əqli-intellektual çabalar girdabında mürəkkəbləşən və daha dərinlərdə gizlənən psixoloji yaşantılarını müxtəlif səhnə dili ilə peşəkarcasına çatdırır.
Tamaşada insanın ovqatı, daxili dünyası ilə əndişəsi hər an, hər epizodda azad idealların təntənəsi kimi üzə çıxır. "Zabit (Kapitana): Nə görmüsən sən bu təklikdə?" Kapitan təkliyi sevir, demək, azadlığı arzulayır. Təklik sindiromu deyilən bir hissi-emosional yaşantı var. Təklikdə insan özüdür, özü ilə baş-başadır, azad və xürrəmdir. Hissləri, duyğu və düşüncələri, daxili yaşantıları ilə avtonomdur. İnsan təklikdə öz içindədir, azad dünyasındadır. Özü ilə baş-başa insan daha mükəmməldir. Cəmiyyət içində o, parçalanır, dağılır, sabitliyi pozulur, düşüncə və yaşam pərakəndəliyi yaşayır.
Əslində, pyesin personajları hamısı təkdir, içində tənhadır. Onlar sanki cəmiyyətdə epizodik iştirakçılardır, əsl həqiqi, real, pozitiv həyatı özləri öz dünyasını təşkil edən daxilində yaşayırlar. Onlar sanki iki həyatın arasındadır, cəmiyyətdə daha çox oynayırlar, öz içində, daxilində əsl mübhəm və səmimi həyatlarını yaşayırlar. Kapitan da o cümlədən. O, qapalıdır, bəzən düşüncəli və qəddar, bəzən laqeyddir. Ancaq təkliyində səmimidir. Sevdiyi və tez itirdiyi sevgilisinin xəyalı səsiylə söhbətdə əsl içi, insani duyğuları açılır. Kapitan bəzən səmimi anlarında öz-özünə şeir də deyir:
Sən o tərəf, mən bu tərəf
Ağla uca barı, ağla.
Həyat güllə, ömür hədəf?
Ağla, ağlaya bilsən.
Əsərdə personajların hər biri öz çıxışında, remarkalarda, bir-biri ilə dialoqlarda sırf fəlsəfi yanaşmalar nümayiş elətdirirlər. Bu mənada əsərin dilini xüsusi qeyd etmək lazımdır. Onu da deyək ki, hər kəsin öz fəlsəfi intonasiyası, məntiqi çərçivəsi, həyat hadisələrinə və insanlara baxış bucağı vardır. Obrazların dilində saya, bayağı, təsadüfi ifadələrə rast gəlinmir. Bu mənada əsərin leytmativini və əsas fəlsəfi tutumunu ifadə edən Nağılçının dedikləri maraq doğurur: "Nağılçı: Padşah sağ olsun, harda həyat varsa, ölüm də elə bil ki, onun həndəvərində gizlənib. (Gözəl qıza) Harda gözəllik varsa, (Devi göstərir) eybəcərlik də yanındadır. (Vəzirə) Ağıl nadanlıqdan uzaq deyil. (Şahzadəyə) Cəsurluq qorxaqlıqla yanaşı yol gedir. (Kapitana yanaşır) Xeyir və şər kimi, mərhəmət və zalımlıq kimi, işıq və zülmət kimi, insan və adam kimi (yavaş-yavaş səhnənin ortasına gəlir). Və belə yanaşı yaşamaq günlərin bir günü hamını yoranda, adamlar bir-birindən dincəlmək istəyəndə və bir-birindən ayrılıb hər biri öz təzə yolu ilə getmək istəyəndə yalnız işıqdan, mərhəmətdən və xeyirdən ibarət bir dünya qurub o dünyada yaşamaq istəyənlərin sayı son dərəcə az olacaq. Təəccüb etməyin. Sözdə hamı belə bir dünya arzusunda olduğunu deyəcək, işdə isə... Niyə? Nə üçün? Nəyə görə? Səbəb? (Vəzirə) Niyə biz bu dünyada bizə buraxılmış yaşam müddətinin mənasını bir-birimizin həyatını zəhərləməkdə, (Cəllada) bir-birimizin axırına çıxmaqda görürük?"
Əsərin qəhrəmanları hamısı öz ampulasındadır. Xeyirli əməllərilə, şər işlərilə, yaxşısı yaxşı, pisi pislə, xeyirxahlığı və əzazilliyi ilə birgə. Tərəf və tendensiya yoxdur. Hər kəs obyektiv, görünən və görünməyən tərəfləri ilə təqdim olunur. Buradakı Cəllad da öz acı taleyini yaşayır. Devə müraciətdə, hətta həssas bir qayğıkeşlik göstərir. Devin boynuna bağlanmış zəncirə işarə ilə: "Boynunu sürtmür?" - deyə soruşur. "Şahzadə: Zavallı! (Cəllada) Sən deyə bilərsənmi qırmızı rəng daha çox kiminkidir, - qanı axıdılan qurbanın, yaxud o qanı axıdan cəlladın?" Əsər başdan-ayaq bu tip dilemmalarla süslənmiş suallardan ibarətdir. Mahiyyətcə bu suallar ritorik deyil, həyatın fəlsəfi dərkinə yönəlmiş müəmmalardır.
Aktyorlar müəllif fikrini və tendensiyasını həssaslıqla duyur, öz oyunlarını, mimika və jestlərini, hərəkətlərini, maneralarını onun üstündə qururlar. Onlar müəllifin işarə və şifrələrlə kodlaşdırılmış sətiraltı məna daşıyan psixoloji obrazlarının yaşam tərzini dərindən duyur və onun səhnə təcəssümünü ustalıqla təqdim edirlər. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev (Kapitan), Günay Qurbanova (Səs), Əlizamin Abbasov (Ada sahibi), Anar Eyvazov (Nağılçı), Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Haqverdiyev (Zabit), Zakir Fətəliyev (Padşah), Şəbnəm Qayıbəliyeva (Gözəl qız), Uğur Nəsirli (Şahzadə), Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbov (Vəzir), Xəlil Hüseynov (Cəllad), Ələsgər Quliyev (Dev) səhnə mizanına, şərtiliklərə, pafosa ciddi riayət edir, müəllifin ideya və fikirlərini bütün məntiqi ilə çatdırmağa çalışırlar.
Əsərdə, qeyd etdik ki, gəmi də simvolik məna daşıyır. Bu dünyanın simvolik mənzərəsini əks etdirir. Gəmi bu gündən axirətə gedən həyat yoludur. Sonda Kapitan Səsə deyir: "İstər günəş olsun, istər ay, istərsə də ulduzlar, bir sözlə, bütün bu göy qübbəsi - tanrısıyla, möcüzəsiylə, o biri dünyasıyla, bizə tərəf gəlmir. Biz, biz, yalnız biz öz dünya adlandırdığımız bu gəmidə onlara tərəf yavaş-yavaş üzürük".
Şərq mifologiyasında, o cümlədən türk təsəvvüf elmində Simurq sehri, möcüzəsi və hikməti geniş yer alır. O, aləmlərarası keçid yaradan, o dünya ilə bu dünyanı birləşdirən, qaranlıq dünyadan işıqlı dünyaya elçilik edən bir simvoldur. Onun lələyini yandıranda, yaxud adını ananda sehir işə düşür və simurq köməyə yetir. İnsanları başqa aləmə, metafizik məkana və ya nağılvarı səfərə çıxarmaq motivi simurq quşu ilə bağlıdır. Tamaşanın adı simurğun varlığını inkar edir. Demək, insanlığın xilas yolu, bnunla da bağlanır. Bu, tamaşaya mistik səciyyə vermir, xoşbəxtlik axtarışı üçün impulslara yol açır. İnsan xoşbəxtlik çabalarında simurqu tapmayanda alternativlər axtarmağa məcbur olur. Bu mənada tamaşa mistik ovqatdan daha çox axtarış vəd edən estetik eleksir kimi yadda qalır.
Tamaşada reallıqla illüziyanın qarışığı olan nağılvarı bir dünya təqdim olunur. Sehri, möcüzəsi ilə bu dünya nağılın ekvivalentidir. Baxmayaraq ki, müəllif obrazlarının dili ilə tamaşaçıları nağıllara inanmamağa çağırır, əksinə bu səhnələr tamaşaçı marağını bir o qədər çox çəkir. Tamaşaçı istər-istəməz təqdim olunan bu dünyaya can atır və müəllifin təsvir etdiyi nağılvari aləmə inanır. Bəlkə, nağıllara həqiqətən inanaq?!
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.