AZ

"Azərbaycanla münasibətləri pisləşdirmək İranın özünün əleyhinədir" - AÇIQLAMA

"5 mart tarixində İran tərəfindən Azərbaycan ərazisinə terror hücumu baş tutub. Azərbaycan və İran arasında münasibətlərdə mövcud olan ziddiyyətlər bu hücumun həyata keçməsi ilə kulminasiya həddinə çatıb. Xatırlatmaq yerinə düşər ki, 2023-cü il 27 yanvar tarixində Tehrandakı səfirliyimiz də terror hücumuna məruz qalmışdı. Həmin vaxt iki ölkə arasındakı diplomatik münasibətlər sıfıra endi. Bununla belə, bu iki terror hücumu arasında böyük fərq var".

Bu nu Redaktor.az-a açıqlamasında siyyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.

Siyasi şərhçi iki terror hücumu arasındakı fərqlərdən danışdı:

"Birincisi, 2023-cü ildə səfirliyimizə qarşı törədilən terror aktında İran hərbçiləri və ya hərbi sursatları iştirak etmirdi. İran tərəfi həmin vaxt bu hücuma şərait yaratdı? Təbii ki, hə. Təhlükəsizlik nöqsanları, səfirliyin müdafiəsinin düzgün təşkil olunmaması və digər səbəblər son nəticədə terror aktı ilə nəticələndi. Naxçıvana edilən dron hücumu isə birbaşa İran ərazisindən, adıçəkilən ölkəyə məxsus dronlarla əvvəlcədən planlaşdırılmış formada baş tutdu. Yəni İran 2023-cü ildən fərqli olaraq bu dəfə birbaşa Azərbaycanın ərazi bütövlüyünü pozdu, mülki obyektləri legitim hərbi hədəf kimi vuraraq terror aktı törətdi. Hərbi cinayətin baş verməsindən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Prezident bu hücumu İranın Azərbaycana qarşı törətdiyi terror aktı olduğunu bildirdi. Ölkə başçısı çıxışında İranın dəfələrlə Azərbaycana qarşı sərgilədiyi mövqeyi diqqətə çatdırdı. İranın xarici işlər nazirinin müavininin Livandakı İran səfirliyi əməkdaşlarının təxliyəsi ilə bağlı xahişini və bu təxliyənin tam təmənnasız həyata keçirilməsi məsələsini vurğulayan ölkə başçısı bildirdi ki, “Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək”".

Müsahibimiz qeyd etdi ki, İlham Əliyevin qətiyyətli mövqeyi aydındır və İran tərəfinin eybəcər simalıları bu terror aktına görə cavab verməlidir:

"Söhbət həm diplomatik, həm də zəruri olarsa, hərbi addımlardan gedir. Görünür, 2023-cü ildə səfirliyimizə hücum edən İran Naxçıvana hücumun mahiyyətini tam şəkildə anlamır. İran rəsmilərinin açıqlamalarına diqqət yetirdikdə aydın olur ki, ya bu ölkədə sözün əsl mənasında kimin nəyi, niyə etdiyini özləri də anlamır, ya da bu “İran riyakarlığı”nın yeni mərhələsi başlayır. Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının bu terror aktı ilə bağlı mövqeyini ortaya qoyan Ali Baş Komandanın sözləri İranda təşviş yaradır. Əgər belə olmasa, iclasdan dərhal sonra İran XİN rəhbərliyi Azərbaycan XİN rəhbərliyinə telefon zəngi edərək hücumun onlar tərəfindən həyata keçirilmədiyini bildirməzdi".

Politoloqun sözlərinə görə, bu dəfə hər şey İranın təxmin etdiyi qədər sadə deyil:

"Hücumdan dərhal sonra SEPAH-a məxsus kanallarda terrorla bağlı məlumatların yayılması bir daha sübut edir ki, bu hücum məhz onların işidir. Digər tərəfdən, XİN açıqlamaları təhlil ediləndə belə qənaətə gəlmək olur ki, ali dini liderə birbaşa tabe olan SEPAH rəhbərsiz qalır. Dar düşüncəli insanların kiçik cəbhə “uğurları” ilə özlərini önə atmaq istəyi həm Türkiyə, həm də Azərbaycana hücumla nəticələnir. Nəticədə aydın olur ki, İranda SEPAH və dövlət olmaqla ikihakimiyyətlilik formalaşır. Diplomatik bacarığı olmayan generalların daxili kütlənin radikal qrupları qarşısında öz nüfuzlarını qaldırmaq cəhdləri dövlətin çıxılmaz vəziyyətə düşməsi ilə nəticələnir.

İranın hansı qrup və ya qurumu tərəfindən baş tutmasından asılı olmayaraq, İran bu hücuma görə cavab verəcəkdir. Münaqişənin davam etdiyi bir vaxtda qonşuluqda yerləşən Azərbaycanla münasibətləri pisləşdirmək İranın özünün əleyhinədir".

Xədicə BAXIŞLI

Seçilən
116
redaktor.az

1Mənbələr