AZ

Qaraçuxur qəsəbəsində yaşıllıqların köçürülməsinə rəy verilməsi məsələsinə baxılır

Bakı, 6 mart, AZƏRTAC

Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində inşası planlaşdırılan yeni yaşayış kompleksinin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Günəşli İnşaat” MTK tərəfindən Əhməd Mehbalıyev küçəsi 5 ünvanında inşa olunması nəzərdə tutulan yaşayış və qeyri-yaşayış binalarının layihəsi üzrə müzakirə aparılıb.

Şirkətin rəhbərliyinin, dövlət qurumlarının əməkdaşlarının, ekoloqların, QHT və media nümayəndələrinin, həmçinin sakinlərin iştirakı ilə təşkil olunan tədbirdə layihənin ətraf mühitə mümkün təsirləri, ekoloji təhlükəsizlik tədbirləri və kompensasiyaedici yaşıllaşdırma məsələləri barədə ictimaiyyətə məlumat verilib. Layihə 1,2217 hektar torpaq sahəsinin bir hissəsində həyata keçiriləcək və baş plana uyğun olaraq A, B, C, F və M bloklarının tikintisi nəzərdə tutulur.

Məlumata görə, A və B blokları bir girişli, 10 mərtəbəli yaşayış binaları olacaq. C bloku isə iki girişli, 10 mərtəbəli yaşayış binası kimi layihələndirilib. Layihə çərçivəsində yeraltı avtodayanacaqlar, qeyri-yaşayış sahələri, texniki infrastruktur obyektləri, su anbarları, nasosxana, transformator yarımstansiyası və məişət tullantıları üçün konteyner meydançası da inşa ediləcək.

Ərazidə geniş abadlaşdırma və yaşıllaşdırma işlərinin aparılması planlaşdırılır. Şəhərsalma sənədinə əsasən ümumi sahənin 25 faizi, yəni 4 min kvadratmetr ərazi yaşıllıq zonası kimi nəzərdə tutulur.

Qeyd olunub ki, tikinti sahəsinə bir neçə ağac və kol düşür və bu yaşıllıqlarla bağlı bütün prosedurlar Nazirlər Kabinetinin müvafiq qaydalarına uyğun şəkildə həyata keçiriləcək, layihə çərçivəsində kompensasiyaedici yaşıllaşdırma tədbirləri görüləcək.

Tikinti prosesində atmosfer havasına emissiyaların azaldılması, səs-küyün minimuma endirilməsi, tikinti tullantılarının düzgün idarə olunması və mövcud yaşıllıqların qorunması əsas tələblərdən olacaq. Həmçinin daşınmalar zamanı tozlanmanın qarşısını almaq üçün nəqliyyat vasitələrinin yük hissələrinin örtülməsi tələb edilir.

İctimai dinləmədə layihə üzrə bütün sənədlər müzakirə olunub və irəli sürülən təkliflər nəzərə alınmaqla Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən razılaşdırılıb.

Qərara əsasən, tikinti işləri zamanı bütün ekoloji və sanitar tələblərə ciddi riayət olunmalıdır.

 

Seçilən
31
6
azertag.az

7Mənbələr