Ötən gün Naxçıvanın İron dronları tərəfindən vurulması ilə əlaqəli Naxçıvan aeroportunun fəaliyyəti dayandırılıb. Uçuşlar ləğv edilib. Bakıdan Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə və əks istiqamətdə aviareyslər təyin edilib. Sərnişinlərin İğdır aeroportundan Naxçıvana və əks istiqamətə daşınması üçün xüsusi avtobuslar təşkil olunub.
Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd etdi ki, Azərbaycan və Türkiyə ümummilli lider Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlətdir:

"Biz qardaşıq, bir dünyayıq, bir mədəniyyətik, bir kökdən gələn sivilizasiyayıq və ona görə də bizlərin sevinci də, kədəri də birdir. Naxçıvanda dünənki məlum hadisədən sonra Türkiyənin Azərbaycana təhlükəsizlik marşrutu təklif etməsi özü bizim qardaşlığımızın nümunəsidir. Dünya bir daha iki qardaş ölkənin bir yerdə olduğunu gördü. Düzdür, hadisə Naxçıvan aeroportunun bir müddət məhdud şəkildə fəaliyyət göstərməsinə səbəb oldu, ancaq bununla belə ora uçan vətəndaşlarımız problem olmadan İğdırdan avtobusla artıq Naxçıvana çatacaqlar. Həmişə bir yerdəyik, həmişə bir yerdə olacağıq və bizim gücümüz birlikdədir".
Aytəkin TOFİQQIZI